Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qətər region ölkələrini böhrandan çıxış yolu axtarmamaqda ittiham edir

14 Noyabr 2017
Qətərlə diplomatik münasibətlərini kəsmiş Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir böhrandan çıxış yolu axtarıb tapmaq niyyətində deyil. Bu bəyanatla Qətər Əmiri, şeyx Təmim bin Həməd Al Sani “əl-Cəzirə” telekanalının efirində çıxış etmişdir.

Şeyx Təmim vurğulamışdır ki, “blokada ölkələri böhranı tənzimləmək fikrində deyil”. O əlavə etmişdir ki, Qətər təmkinlik və Körfəz Əməkdaşlıq Şurasının maraqlarına hörmət nümayiş etdirmişdir: “Lakin blokada ölkələri böhrandan çıxış planını nəzərdə tutmayaraq bizə qarşı beynəlxalq kampaniyaya başlamışdır”. Qətər lideri qeyd etmişdir ki, Doha qarşılıqlı hörmət və suverenliyə riayət edilməklə qonşu ərəb dövlətləri ilə ixtilafları nizamlamağa hazırdır.

Xatırladaq ki, bu il iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətəri terrorizmi dəstəkləməkdə və region ölkələrinin daxili işlərinə qarışmaqda ittiham edərək onunla diplomatik münasibətlərini kəsmişdir. Bunun ardınca əmirliyə qarşı iqtisadi sanksiyalar tətbiq edilmişdir. Qətər rəhbərliyi baş vermiş hadisələrdən təəssüfləndiyini bildirmiş və qonşu ərəb ölkələrinin qərarının əsassız olduğunu bəyan etmişdir.