Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əsas vəzifələrindən biri keyfiyyət infrastrukturunun Avropa təcrübəsinə uyğunlaşdırılmasıdır

14 Noyabr 2017
Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi sahəsində “Tvinning” layihəsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Avropa İttifaqı ilə birgə reallaşdırdığı 4-cü layihədir. Hazırda isə iki “Tvinning” layihəsi həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə komitə sədrinin müavini Niyazi Rəhimov jurnalistlərə müsahibəsində bildirib.

Sədr müavini bu layihələrin uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya və metrologiya sahələrinə aid olduğunu söyləyib.

Qeyd edib ki, ölkə rəhbəri tərəfindən həyata keçirilən islahatların əsas məqsədi sahibkarlıq üçün daha əlverişli şəraitin yaradılmasıdır. Bu müstəvidə komitənin üzərinə düşən başlıca vəzifələrdən biri də respublikada keyfiyyət infrastrukturunun Avropanın qabaqcıl təcrübəsinə uyğunlaşdırılmasıdır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturunun təkmilləşdirildiyini və qabaqcıl təcrübəyə uyğunlaşdırıldığını vurğulayan N.Rəhimov əlavə edib ki, komitənin tərkibində sahələr üzrə müvafiq hüquqi şəxslər təsis edilib. Nəticədə hazırda sahibkarlara daha çevik və effektiv xidmətlər göstərilməyə başlanılıb.