Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qida Təhlükəsizliyi Komissiyasının fəaliyyəti nəticəsində daxili bazar keyfiyyətli ərzaqla təmin olunacaq

14 Noyabr 2017
Qida Təhlükəsizliyi Komissiyası tərəfindən həyata keçiriləcək tədbirlər nəticəsində daxili bazar keyfiyyətli ərzaqla təmin olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov jurnalistlərə müsahibəsində deyib.

Prezident İlham Əliyevin 2017-ci il 13 noyabr tarixli Fərmanına əsasən, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib. Qida Təhlükəsizliyi Agentliyinin 2018-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlaması nəzərdə tutulub. Agentliyin fəaliyyətini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Komissiyası yaradılıb. Həyata keçirilən bu tədbirlər ölkədə qida məhsullarının təhlükəsizliyinə xidmət edəcək və keyfiyyətin yüksəldilməsinə, bu istiqamətdə sistemli tədbirlərin həyata keçirilməsinə dəstək verəcək. Əlbəttə, ixracın da əsas tələblərindən biri odur ki, ixrac olunan məhsullar keyfiyyətli olsun, yüksək qablaşdırılsın, eyni zamanda, logistika məsələlərində beynəlxalq standartlar tətbiq olunsun və bu məsələlərin məhz Qida Təhlükəsizliyi Komissiyası tərəfindən həyata keçirilməsi bu istiqamətdə növbəti inkişaf mərhələsinə keçidi təmin edəcək.