Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət qulluğuna qəbul üçün yeni test bankı hazırlanıb

14 Noyabr 2017
Dövlət qulluğuna qəbul üçün yeni test bankı hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) icraçı direktoru Vəfadar Misirov noyabrın 14-də dövlət qulluğuna qəbula dair keçirdiyi mətbuat konfransında bildirib.

Vəzifə qrupları üzrə 20 yeni test proqramının hazırlandığını bildirən V.Misirov deyib: “Əvvəlki qəbul imtahanlarından fərqli olaraq, yeni modeldə dünyagörüşü bloku ləğv edilib, onun yerinə Azərbaycan dili bloku salınıb. Test imtahanı modeli kifayət qədər mürəkkəbləşdirilsə də bir o qədər çevikləşib. Yeni modelin yoxlanılması məqsədilə artıq oktyabrın 5-dən dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün sınaq imtahanları keçirilib”.

V.Misirov əlavə edib ki, test imtahanlarının məzmununda da yeniliklər var. Əvvəlki imtahanlardan fərqli olaraq, test imtahanları vakant vəzifələr üzrə deyil, vəzifə qrupları üzrə keçirilir. Həmçinin dövlət qulluğunda yüksəliş üçün ümumi müsahibə də nəzərdə tutulub.

Mərkəzin icraçı direktoru vurğulayıb ki, DİM-in bazasında ləğv olunmuş dövlət orqanlarında çalışmış 333 namizəd ehtiyat kadr kimi saxlanılır. Ehtiyatda olanlardan artıq 44 nəfər vəzifəyə təyinat alıb.