Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məktəblilər Qəbələ, Şəki və Zaqataladan xoş təəssüratlarla ayrılıblar

14 Noyabr 2017
Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın noyabrın 11-14-nü əhatə edən mərhələsi uğurla başa çatıb.

AZƏRTAC xəbər verir ki, Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Biləsuvar, Kürdəmir, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab, Ucar, Xocavənd, Laçın, Xocalı, Kəlbəcər məktəbliləri noyabrın 14-də Qəbələ şəhərindən yaşadıqları rayonlara yola düşüblər.

Şagirdlər rayon icra hakimiyyətləri və təhsil şöbələrinin məsul işçiləri tərəfindən yola salınıblar.

Qeyd edək ki, 11 şəhər və rayondan olan 440 məktəbli tur-aksiyanın proqramına uyğun olaraq, noyabrın 11-dən 14-dək Qəbələ, Şəki və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm imkanları haqqında məlumat verilib.

Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub. Ekskursiya zamanı gözəl təbiət qoynunda istirahət edən, mənzərəli guşələrdə xatirə şəkilləri çəkdirən məktəblilər Qəbələ, Şəki və Zaqataladan xoş təəssüratlarla ayrılıblar.