Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın siyasi simvolu

14 Noyabr 2017
 

Demokratik və hüquqi dövlətçiliyin əsas göstəricilərindən sayılan siyasi partiyalar, adətən obyektiv zərurətdən və sosial tələbatdan yaranmışlar. Ona görə hər bir sivil cəmiyyətdə geniş əhali kütlələrinin, ümumən cəmiyyət üzvlərinin ictimai-siyasi həyatda iştirakı məhz partiyalar vasitəsilə reallaşır. 

Fərdlər ayrı-ayrı siyasi qurumlarda birləşərək konkret məqsəd və vəzifələri, müəyyən konsepsiya və ideologiyanı həyata keçirməyə çalışırlar.
Siyasi partiyaların tarixi göstərir ki, xalq və dövlət maraqlarını özünün praktik fəaliyyətində ifadə etməyən təşkilatların mövcudluğu çox da uzun çəkmir. Cəmiyyətin ayrılıqda götürülmüş bir təbəqəsinin və yaxud sosial qrupunun mənafe və maraqlarını qoruyan siyasi təşkilatın, həmçinin ictimai qurumun xalqı, milləti öz arxasınca apara bilməsi də həmişə mümkün deyildir. Digər tərəfdən, ayrı-ayrı ölkələrin siyasi tarixindən bəlli olduğu kimi, müxtəlif dəbdəbəli adlar, cəlbedici proqramlar, şüarlar irəli sürən, xalqı, ölkəni irəli aparacaqlarını vəd edən partiyalar bəzən qısa zamanda siyasi səhnədən silinib gedirlər.
Partiyanın siyasi cəhətdən təşkilatlanaraq monolit qüvvəyə çevrilmək, xalqa xidmət etmək, ölkənin inkişafına nail olmaq əzmi isə onun ideoloji-siyasi kursunun bütövlükdə cəmiyyətin maraqlarına cavab verməsi ilə şərtlənir.
25 ildir Azərbaycan siyasətinin avanqardı olan Yeni Azərbaycan Partiyasının respublikamızın hakim partiyası statusunu ləyaqətlə və uğurla daşımasını şərtləndirən əsas səbəb də məhz onun ideoloji siyasi kursunun dövlətin və xalqın maraqlarına cavab verməsidir.

 

Heydər Əliyevə olan inamın ifadəsi

 

Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən YAP-ın yaranması da tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu obyektiv şəraitdən irəli gəlmişdir. Ulu öndər Heydər Əliyev ideyalarının daşıyıcısı olan bir partiyanın siyasi səhnəyə vəsiqə alması həm də 1988-ci ildən başlayaraq respublikada cərəyan edən hadisələrin yekunu, ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1980-ci illərin sonundan başlanan xalq hərəkatının gedişində özünü büruzə vermiş, 1990-cı ilin əvvəllərində bir sıra siyasi təşkilatlar yaranmışdı. Lakin yaradılan qurumlar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial gərginlik xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Məhz ona görə də Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqımızın böyük oğlu Heydər Əliyevin ətrafında birləşdilər.
Bu gün arxaya dönüb o illərə nəzər salanda qürurlanırıq ki, bu yola qədəm qoyan insanlar ozamankı hakimiyyət dairələrinin YAP-ın yaranmasına göstərdikləri maneçiliklər, təzyiqlər qarşısında əyilmədilər. Heç bir hədə-qorxu onların iradəsini qıra bilmədi. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan YAP Azərbaycanın siyasi həyatına yeni nəfəs verdi.
Heydər Əliyevin qədrini bilən, onu düzgün qiymətləndirməyi bacaran sadə vətəndaşlar kütləvi şəkildə YAP-ın sıralarına qoşulur, rayonlarda könüllü şəkildə təşkilatlanırdılar. Təsis konfransından bir neçə ay sonra YAP-ın sıralarında artıq minlərlə üzv var idi və təşkilat artıq ölkədə ana müxalifət partiyası statusu almışdı. YAP müxalifət partiyası kimi yaransa da, indiki radikal müxalifət partiyalarından fərqli olaraq, Azərbaycanın dövlətçiliyinə, milli maraqlarına müxalifətdə deyildi. YAP o vaxt hakimiyyətə hərbi çevrilişlə gələn, ölkəni anarxiya, xaos girdabına salan, Ermənistanla müharibədə hərbi üstünlüyü əldən verən, yeni qazanılmış müstəqilliyi itirilmək təhlükəsi qarşısında qoyan qüvvələrə qarşı müxalifətdə idi. Çünki bütün Azərbaycan xalqı həmin qüvvələrə müxalif idi.
1992-1993-cü illlərin məlum hadisələri, ölkəni bürüyən siyasi böhran xalqı Heydər Əliyevi Bakıya - ölkənin taleyini həll etmək üçün çağırmağa vadar etdi. Beləliklə də tarixi proseslər Heydər Əliyevə ölkə rəhbəri, YAP-a isə hakim partiya statusu həvalə etdi. Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqil dövlətçiliyin əsaslarının formalaşması prosesi başlandı. Heydər Əliyevin uğurlu siyasi xətti YAP-ı da ölkənin siyasi səhnəsinin ön cərgəsinə çıxartdı. Eyni zamanda YAP ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətində ona daim yardımçı oldu. Azərbaycan xalqı YAP-ı həm də Heydər Əliyev partiyası kimi qəbul etdi. Çünki bu təşkilat ümummilli liderin siyasi və ideoloji irsinin, dövlətçilik təcrübəsinin və quruculuq fəaliyyətinin harmoniyasını özündə əks etdirirdi.

 

Hakimiyyətin siyasi istinadgahı

 

YAP hakim partiya statusunu qazandığı ilk gündən proqramında qarşıya qoyduğu vəzifələrin icrasına, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə, Azərbaycanı düçar olduğu təhlükə və böhranlardan qurtarmaq üçün özünün məqsədyönlü fəaliyyətinə başladı. Öz məramında və praktik fəaliyyətində demokratik prinsiplərə, ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlərin vəhdətinə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, güclü sosial müdafiə proqramına, azad bazar iqtisadiyyatının yaradılmasına üstünlük verdi. Azərbaycançılıq və dövlətçilik mövqeyində duraraq, öz proqram prinsiplərinə sədaqət nümayiş etdirərək gənc ölkənin demokratiyası üçün ləyaqətli bir ənənənin əsasını qoydu. Beləliklə, güclü lideri, mükəmməl proqramı, təkmil siyasi platforması, qətiyyətli mövqeyi sayəsində, digər tərəfdən azərbaycançılıq və dövlətçilik mövqeyində durduğu üçün bu gün öz sıralarında 700 mindən artıq üzvü birləşdirən əsl ümumxalq partiyasına çevrildi. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Öz aqibətini Yeni Azərbaycan Partiyası ilə bağlayanlar səhv etməmişlər. Tarix, keçən illər bunu təsdiq etdi. Yeni Azərbaycan Partiyasının sədrinin, Azərbaycan Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasət ilbəil uğurlar gətirir, Azərbaycan yüksəlir, inkişaf edir”.
Ölkəmizdə hazırda 50-dən çox siyasi partiya mövcud olsa da, onların heç biri sosial bazasına, nüfuzuna və gücünə görə hakim Yeni Azərbaycan Partiyası ilə müqayisə olunmaq imkanında deyil. Təsadüfi deyil ki, 1993-cü ildən bəri ötən müddətdə ölkəmizdə keçirilən bütün seçkilərinin qalibi YAP-ın namizədləri olmuşlar. Bu qələbələr YAP-ın cəmiyyətdəki yerinin möhkəm olduğunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir. Digər tərəfdən, bu qələbələr həm də təşkilati göstəricilərə və ictimai nüfuzuna görə bu gün respublikada YAP-a alternativ olacaq qüvvənin olmamasından xəbər verir. Malik olduğu potensial, xalqın inamı, ideyalarının mükəmməlliyi, yaradıcısının əbədi mövcud olacaq nüfuzu YAP-ın hələ uzun onilliklər boyu hakim partiya statusunu qoruyacağına güclü təminatdır.
YAP-ın cəmiyyətin lokomotiv qüvvəsi kimi çıxış etməsinin əsasında həm də xarizmatik lider amili dayanır. Ona görə Yeni Azərbaycan Partiyasının müvəffəqiyyətini ilk növbədə əbədiyaşar lider Heydər Əliyevin bizlərə ərməğan qoyduğu zəngin siyasi irsində axtarmaq lazımdır. Bu baxımdan YAP-ın “Heydər Əliyev partiyası” adlandırılması da obyektiv qanunauyğunluqlara əsaslanır və partiyanın uğurlarında lider amilinin rolunu dolğun şəkildə təcəssüm etdirir.
1995-ci ildə partiyanın namizədi kimi parlament seçkilərində qələbə çalan cənab İlham Əliyev təşkilatın fəaliyyətinin daha effektiv qurulmasında müstəsna xidmətlər göstərmişdir. Təsadüfi deyildir ki, 1999-cu ildə keçirilən YAP-ın I qurultayında təşkilatın çoxminli üzvlərinin istəyinə uyğun olaraq cənab İlham Əliyev partiya sədrinin müavini seçilmişdi. Bu tarixi seçim partiyanın gəncləşməsində, cəmiyyətdəki mövqelərinin və nüfuzunun yüksəlməsində, sıralarının genişlənməsində vacib rol oynadı. Həmin qurultayda tarixi çıxış edən cənab İlham Əliyevin fikirləri bu gün üçün də öz aktuallığını saxlayır: “Heç kəsə sirr deyil ki, YAP Heydər Əliyevin sayəsində yaranmış, onun şəxsiyyəti ətrafında birləşmişdir. Məhz bu amil YAP-ın təşəkkül tapmasında və inkişafında, ölkənin aparıcı siyasi qüvvəsinə çevrilməsində həlledici rol oynamışdır. YAP-ın gücü nədədir? Mən bu suala qısaca olaraq belə cavab verərdim: YAP-ın gücü ilk növbədə onun əvəzsiz lideri Heydər Əliyevdədir. YAP-ın gücü bundadır ki, partiyanın yeritdiyi siyasət xalqın maraqlarına uyğundur. YAP-ın gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. YAP-ın gücü ondadır ki, Prezidentin və YAP liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”.
I qurultaydan sonra ölkədə yeni bir siyasi mərhələ başladı və cəmi bir il sonra - 2000-ci ilin noyabrında keçirilən parlament seçkilərində YAP qələbə qazanaraq 125 derutat yerindən 75-ni qazandı. Həmin seçkidə cənab İlham Əliyevin başçılıq etdiyi proporsional siyahı ilə də YAP böyük uğur qazandı, çoxmandatlı seçki dairələri üzrə deputat yerlərinin üçdəikisini qazandı. Bütün bunlar YAP-ın cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırdı, həmçinin bir il əvvəl keçirilmiş I qurultayın qərarlarının praqmatik siyasi düşüncənin nəticəsi olduğunu söyləməyə əsas verdi.
YAP sıralarında cəmiyyətin bütün zümrələrini - gəncləri, qadınları, elm, mədəniyyət, ədəbiyyat xadimlərini, texnokratları birləşdirir. Əhəmiyyətli məqamlardan biri də odur ki, YAP nailiyyətlərinin davamlılığını təmin etmək məqsədilə vaxtilə gənclər arasında apardığı siyasi maarifçilik işinin uğurlu nəticəsini artıq görməkdədir. Qeyd etdiyim kimi, hələ I qurultaydan 4 il əvvəl - yəni 1995-ci ildə YAP-ın namizədi kimi, parlament seçkilərində qələbə qazanmış cənab İlham Əliyev təşkilatın gəncləşməsində, fəaliyyətinin daha effektiv qurulmasında müstəsna xidmətlər göstərmişdi. Cənab İlham Əliyevin partiya sədrinin müavini seçilməsindən sonra isə gənclərin YAP-a axını daha geniş vüsət aldı. Hazırda partiya üzvlərinin böyük əksəriyyətini məhz gənclər təşkil edir.
Yeni Azərbaycan Partiyasının 2001-ci ilin noyabr ayının 21-də keçirilən II qurultayı da təşkilatın həyatında taleyüklü qərarlar qəbul etməsi ilə yadda qaldı. Qurultayda partiyanın nizamnaməsinə dəyişikliklər edildi, yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçildi. Cənab İlham Əliyevin partiya sədrinin birinci müavini seçilməsi də ilk qurultayın qəbul etdiyi qərarların uğurlu nəticəsinin bariz göstəricisi idi.

 

Uğurla davam etdirilən siyasi xətt

 

Ümummilli lider Heydər Əliyev 2003-cü il oktyabr ayının 1-də Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevə, həm də YAP-a yüksək önəm verdiyini qeyd etmiş, xalqa ən düzgün seçim ünvanı kimi məhz İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını göstərmişdir: “Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir”.
2003-cü ilin oktyabr ayında Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də Yeni Azərbaycan Partiyasının zəfəri, nailiyyəti idi. Bu seçki Heydər Əliyev siyasi kursunun alternativsizliyini bir daha ortaya qoydu. Prezident İlham Əliyev YAP-ın III qurultayındakı çıxışında bu barədə belə demişdir: “Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir. Mən çox şadam ki, Azərbaycan xalqı 2003-cü ildə öz seçimini düzgün etdi. Heydər Əliyevin siyasətinə öz səsini verdi və beləliklə, bu gün də biz hamımız, Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin siyasətinə sadiq qalaraq onu davam etdiririk və çox uğurla davam etdiririk”.
Elə bu qurultayda partiya üzvlərinin Heydər Əliyev ideyalarına dərin sədaqətinin, onun siyasi kursunun ən layiqli davamçısına böyük inamın ifadəsi olaraq Prezident İlham Əliyev YAP-ın sədri seçildi. YAP sıralarında birləşən yüz minlərlə insanın ürəyindən xəbər verən bu seçim ölkədəki siyasi mühitə də yüksək ab-hava gətirdi. Xüsusilə qeyd edilməlidir ki, Heydər Əliyevin siyasəti əmanəti olan partiyaya sədr seçkisinə ulu öndərin ən layiqli davamçısı, şərəfli irsin daşıyıcısı cənab İlham Əliyev alternativsiz getdi. Bu onu deməyə tam əsas verirdi ki, YAP-ın yüz minlərlə üzvü və sayı milyonu keçən təəssübkeşləri yeni sədri yekdilliklə dəstəkləyir və onun ətrafında sıx birləşərək Yeni Azərbaycan quruculuğunda fəal iştirak edəcəklər. Özünü tam doğruldan bu inam YAP-ın daha böyük nailiyyətlər əldə etməsinə əsas zəmin oldu.
Cənab İlham Əliyev 2003-cü ildən sonra Prezident kimi fəaliyyəti dövründə sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə heç də yanılmamışdır. Prezident İlham Əliyevin ilk günlərdən çoxşaxəli, vətənpərvər, praqmatik fəaliyyətinə nəzərən, Azərbaycan cəmiyyətində onun ulu öndərin təməlini qoyduğu səmərəli islahatlar kursunu davam etdirməyə və yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə qadir alternativsiz lider olduğu qənaəti qətiləşdi.
Azərbaycanın ictimai-siyasi həyatına mühüm hadisə kimi daxil olan YAP-ın IV qurultayı da böyük ruh yüksəkliyi və inamla keçirildi. Bu qurultayda bütün iştirakçılar 2008-ci ildə keçirilmiş prezident seçkilərində Azərbaycan Prezidenti, partiyamızın sədri cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsinə yekdilliklə səs vermişdilər. Bu qərar tək YAP-ın deyil, bütün Azərbaycan cəmiyyətinin ümumi istək və arzularını ifadə edirdi. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti prezidentliyə namizəd olaraq dövlət başçısı İlham Əliyevin irəli sürülməsini nəinki istəyir, hətta mən deyərdim ki, tələb edirdi. Həmin seçkidə cənab İlham Əliyevin qələbəsi həm də Yeni Azərbaycan Partiyasının zəfəri, nailiyyəti idi.
Təbii ki, IV qurultayın əsas diqqəti cəlb edən məsələsi Prezident İlham Əliyevin geniş, dərin məzmunlu, proqram xarakterli nitqi idi. Partiyamızın sədrinin nitqi bir neçə istiqamətdə məsələləri özündə əks etdirirdi. Birincisi, YAP-ın Azərbaycan cəmiyyətində yeri və rolu, partiyanın keçdiyi yol, cəmiyyətimizdə tutduğu mövqe, YAP-ın bu gün inkişaf edərək ulu öndər Heydər Əliyev ideyalarının daha yüksək səviyyəyə çatdırılması bu çıxışda öz əksini tapırdı. Prezident çıxışında Azərbaycanın bu gün dövlət olaraq söykəndiyi ideoloji prinsiplərin üzərində dayandı və göstərdi ki, azərbaycançılıq, dövlətçilik, müstəqillik Azərbaycan xalqının istək və arzularını ifadə edən ideoloji dəyərlərdir.

 

Qələbələrimiz İlham Əliyevə olan böyük etimaddır

 

2013-cü ilin iyun ayında keçirilən YAP-ın V qurultayına da partiya nümayəndələrini bir araya toplayan, onların növbəti qələbələrə köklənmiş ovqatını formalaşdıran bir səbəb vardı: Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsi. Əslində, YAP-ın qəbul etdiyi həmin qərarı xalq çoxdan qəbul etmişdi. Çünki Azərbaycan xalqının seçkiqabağı ovqatı cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üzərində köklənmişdi. Cənab İlham Əliyevin şəxsində xalqımız Azərbaycanın müasir gücünün və qüdrətinin həlledici ifadəsini görür, ulu öndərin layiqli siyasi davmçısını müasir inkişafın arxitektoru sayırdı. Bu mənada 2013-cü ilin prezident seçkiləri xalqımızın siyasi iradəsinin nəticəsi olmaqla, həm də YAP-ın növbəti möhtəşəm zəfəri idi.
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların ölkəmizdə çox böyük uğurlara gətirib çıxarması faktdır. Azərbaycan iqtisadiyyatının inkişaf etməsindən tutmuş əhalinin rifahının yaxşılaşdırılması, Azərbaycanın simasının müasirləşdirilməsi və yeniləşdirilməsi də daxil olmaqla çox böyük irəliləyişlər əldə edilib. Azərbaycanın qısa zaman çərçivəsində dəyişməsi, regionların inkişafı, insanların rifahının yaxşılaşması, respublikamızın dünyada mövqelərinin möhkəmlənməsi və s. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarıdır. Vətəndaşlar bununla qürur duyur və buna görə də Prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər. Cənab İlham Əliyevin nüfuzu, cəmiyyətdəki hörmət və ehtiramı, həyata keçirdiyi siyasətin dəstəklənməsi onun rəhbərlik etdiyi partiyanın hər bir seçkidə ən əhəmiyyətli resursudur. Bütün bunların sayəsində Azərbaycan vətəndaşları bütün seçkilərdə iqtidar partiyası olan YAP-a güvənirlər. Bu mənada YAP-ın ən böyük resursu seçicilərin Azərbaycan Prezidenti və YAP sədri İlham Əliyevə, onun həyata keçirdiyi siyasətə inamıdır. Bu, istinad etdiyimiz, güvəndiyimiz və uğur gətirəcəyinə inandığımız ən mühüm amildir.
Təsadüfi deyil ki, ötən 25 ildə keçirilmiş bütün seçkilərin - 5 prezident, 5 parlament və 4 bələdiyyə seçkilərinin qalibləri məhz YAP üzvləri olublar. O cümlədən bütün referendumlarda vətəndaşlarımız partiyamızın dəstəklədiyi təkliflərə səs veriblər. Bu qələbələrin kökündə dayanan başlıca amil ulu öndər Heydər Əliyevin və onun layiqli siyasi davamçısı olan Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi siyasət, bu siyasətin Azərbaycanın inkişafına yol açması, ölkənin iqtisadiyyatının, sosial həyatının əhəmiyyətli dərəcədə dəyişməsi, simasının yenilənməsi, müasirləşməsi bugünkü iqtidarın insanlar tərəfindən dəstəklənməsidir. Təbii ki, ulu öndərin və daha sonra Prezident İlham Əliyevin YAP-ın sədri olması və xalqın öz rəhbərlərinə etimadı bütün seçkilər zamanı YAP-a verilən səslərdə ifadəsini tapıb.

 

YAP rəhbərliyində yeni missiya

 

Bu gün milli özünəməxsusluğu yabançı Qərb dəyərlərinin dağıdıcı təsirindən qorumaq istəyən Azərbaycan ilk növbədə cəmiyyətin təməli olan milli ailə institutunun tarixi ənənələr üzərində möhkəmlənməsinə çalışır. Ailəyə bağlılıq azərbaycanlılarda tarixi kökdən, ənənələrdən, milli dəyərlərdən qaynaqlanır. Prezident İlham Əliyev ailə dəyərlərinə qəlbən bağlı lider kimi Azərbaycanda bu institutun möhkəmlənməsinə çalışır. Ailə dəyərlərinin mühafizəsi isə ilk növbədə qadın adının uca tutulmasından, gender siyasətinin düzgün istiqamətləndirilməsindən asılıdır.
Müstəqil respublikamızda qadın hüquqları etibarlı şəkildə qorunur, müdafiə edilir. YAP-ın da fəal iştirakı ilə son illər ölkədə qadınların ictimai-siyasi fəallığı artmış, dövlət idarəçiliyi sistemində onların fəal iştirakı təmin edilmişdir. Azərbaycanda qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində, YAP-a axınının təmin edilməsində Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlmişdir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü fəal işlərlə yanaşı, gender problemlərinə, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir.
Bu gün YAP üzvləri Mehriban Əliyevanın sivilizasiyalar arasında mədəni dialoqun qurulmasına, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasına, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın dərinləşməsinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirir və bu prosesə öz töhfələrini verməyə çalışırlar. Təsadüfi deyildir ki, 2013-cü ildə partiya üzvlərinin siyasi iradəsi və istəyi ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva YAP-ın sədr müavini seçildi. Bu seçim ilk növbədə Azərbaycanın birinci xanımının partiyanın cəmiyyətdəki nüfuzunun yüksəlməsinə verdiyi əvəzsiz töhfələrlə şərtlənir. İnkişafyönümlü layihələrə böyük dəstək verən Azərbaycanın birinci xanımı partiya daxilində qadın hərəkatının genişlənməsini təmin etmişdir. Bütün sahələrdəki fəaliyyəti ilə uğur rəmzinə çevrilmiş Mehriban xanım Əliyeva sədr müavini kimi YAP-ın fəaliyyətində və inkişafında mühüm rol oynayır.

Qarşıda məsul vəzifələr dayanır

 

Yeni Azərbaycan Partiyasının qarşısında hər zaman iqtidarın əsas siyasi yardımçısı olmaq, eyni zamanda kadr potensialını hazırlayan mərkəz rolunu oynamaq kimi məsul vəzifələr durur. Bu partiya zamanın mövcud tələblərini bundan sonra da layiqincə ödəyəcək və Heydər Əliyev partiyası adını daşımağa haqqı olduğunu daim sübut edəcək. Təşkilata ən mühüm dəstək isə dövlət başçısının YAP-ın daha böyük perspektivinə inamı və partiya üzvlərinə bəslədiyi etimaddır. Cənab İlham Əliyev qazanılan uğurlarla kifayətlənməyərək qarşıya hər gün yeni vəzifələrin çıxdığını bildirir və YAP-ın ölkədə uğurla gedən sosial-iqtisadi islahatlarda daha fəal mövqe tutmasını istəyir: “Mən əminəm ki, partiyamızın fəalları qarşımızda duran məsələlərin həllində, qəbul edilmiş regional və sosial inkişaf proqramlarının yerlərdə həyata keçirilməsində iştirak edəcəklər. İstərdim ki, bu proqramların həyata keçirilməsi istiqamətində partiyamız, partiyanın fəalları yerli icra orqanları ilə sıx əlaqədə işləsinlər”. 

Cənab İlham Əliyev YAP üzvlərinin cəmiyyətdə gedən siyasi və iqtisadi proseslərdə nümayiş etdirdikləri fəallığı yüksək qiymətləndirməklə bərabər, bu yönümdəki fəaliyyəti daha da genişləndirməyi məqsədəuyğun sayır. Prezident haqlı olaraq qeyd edir ki, partiya üzvlərinin malik olduğu potensial daha böyük uğurlar əldə etməyə imkan yaradır. Dövlət başçısının söylədiyi kimi, “Yeni Azərbaycan Partiyası, hakimiyyət partiyası Azərbaycan xalqının rifahı, xoşbəxt gələcəyi naminə siyasətimizi müstəqil şəkildə aparacaq”.
Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən YAP ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir. Partiyanın getdikcə daha çox nüfuz qazanaraq cəmiyyətimizin əsas siyasi qüvvəsi, hakim partiya statusunu özündə saxlaması da yaradılmasında olduğu kimi, tarixi zərurətin ifadəsidir. Bununla yanaşı, Heydər Əliyev partiyasında İlham Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla, ən əsası isə nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur.
YAP bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın qüdrətlənməsinə, dövlətçiliyimizin inkişafına xidmət edəcək, xalqın yeganə etimad ünvanı olaraq hakim siyasi təşkilat statusunu daim özündə saxlayacaq.

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
YAP Xətai rayon təşkilatının sədri