Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Regionun ən qüdrətli siyasi təşkilatı

14 Noyabr 2017
 

Ölkəmizin aparıcı siyasi qüvvəsi olan, milli maraqların müdafiəsi və təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 25 il ötür. 

Cənubi Qafqazın ən böyük partiyası olan YAP ötən müddət ərzində Azərbaycanın müasir və dinamik inkişaf edən ölkə kimi nüfuzunun daim artmasında mühüm rol oynamışdır.
Bu möhtəşəm proses indi də davam edir. Prezident İlham Əliyevin rəhbərliyi altında YAP milli maraqların ifadəçisi kimi, Azərbaycanın hərtərəfli inkişafına öz töhfəsini verir, hər bir vətəndaşın siyasi və iqtisadi iradəsinin ən yüksək formada təmin olunmasına şərait yaradır. Bu gün əminliklə demək olar ki, ümummilli lider Heydər Əliyevin ideya və arzuları YAP-ın fəaliyyətində ən ali səviyyədə həyata keçirilir.
Hər bir tarixi şəxsiyyəti yaşadan, onun vətənin və millətin tərəqqisinə yönələn ideyaları və bu ideyaların praktikada reallaşma dərəcəsidir. Bir sözlə, söz və əməl arasında üzvi vəhdət zəruridir. Ümummilli lider Heydər Əliyevin bütün həyat və fəaliyyəti məhz nəzəriyyə və praktikanın uğurlu tətbiqi ilə, “Qoy ədalət zəfər çalsın” şüarını rəhbər tutaraq xalqın rifahı naminə yorulmaz əməlləri ilə sıx şəkildə bağlıdır. Tarix elə gətirdi ki, sonralar ümummilli liderin yaratdığı partiya da yüksək ədalət prinsiplərinə sadiq qaldığı üçün ədalətsizliyə qarşı mübarizə zəminində formalaşdı və möhkəmləndi. Lakin heç də hamar olmayan bu proses mürəkkəb şərtlər daxilində həlledici faktor kimi çıxış etdi.
Azərbaycan Respublikası 1991-ci il oktyabr ayının 18-də müstəqillik haqqında Konstitusiya Aktını qəbul etdi və xalqımızın həyatında yeni inkişaf mərhələsinin bünövrəsi qoyuldu. Müstəqilliyin əldə edilməsi ölkəmiz qarşısında çox geniş inkişaf perspektivləri açırdı. Lakin həmin illərdə başlanan dövlət quruculuğu prosesi çox böyük problemlər və çətinliklərlə müşayiət olunmağa başladı. Bunların bir qismi Ermənistanın ölkəmizə ərazi iddiaları irəli sürməsi və bu məqsədlə hərbi təcavüzə əl atması nəticəsində Azərbaycanın torpaqlarını işğal etməsi ilə bağlı idi. Sovet hakimiyyəti dövründə erməni separatizminin qarşısında ən böyük sipər görkəmli dövlət xadimi Heydər Əliyev idi. Təsadüfi deyil ki, məhz 1987-ci ildə erməni millətçilərinin tövsiyəsi və dəstəyi ilə Heydər Əliyev Azərbaycan xalqına qarşı qərəzli mövqedə dayanan M.Qorbaçov tərəfindən siyasi hakimiyyətdən uzaqlaşdırıldı və yalnız bundan sonra erməni separatizmi güclənərək Dağlıq Qarabağ problemini yenidən ortaya atdı. Bu dövrdə Ermənistanın hərbi təcavüzə əl atması Azərbaycanın dövlət müstəqilliyi yolunda ciddi problemə çevrildi.
Müstəqil dövlət quruculuğu üçün ciddi maneə yaradan digər problem isə həmin dövrdə səriştəsiz və təsadüfi adamların Azərbaycanda siyasi hakimiyyəti ələ keçirmələri ilə bağlı idi. Səriştəsiz və xəyanətkar siyasəti ilə Azərbaycan xalqının milli maraqlarını ardıcıl olaraq tapdalayan A.Mütəllibov hakimiyyəti siyasi səhnəni birdəfəlik tərk etmək məcburiyyətində qaldı. Ölkədəki böhrandan sui-istifadə edən Azərbaycan Xalq Cəbhəsi siyasi hakimiyyəti zəbt etdi. AXC-nin siyasi hakimiyyəti demokratik yollarla deyil, zorakı və qeyri-sivil metodlarla ələ keçirməsi, əslində, bolşevizmin açıq təzahürü idi.
Kütlə psixologiyasının və kütləvi psixoz vəziyyətinin yaratdığı imkanlardan yararlanan təsadüfi, idarəetmə təcrübəsinə malik olmayan şəxslərin siyasi hakimiyyətdə təmsil olunması çox keçmədən cəmiyyətdə özünün ağır fəsadlarını qabarıq şəkildə göstərməyə başladı.
Həmin dövrdə Azərbaycan xalqı çoxsaylı problemlər girdabından qurtulmağın yeganə çıxış yolunu tanınmış siyasətçi Heydər Əliyevin siyasi hakimiyyətə dəvət edilməsində görürdü. Bu məqsədlə ölkə ziyalıları Heydər Əliyevin siyasətə qayıdışına mane olmaq üçün Mütəllibov hakimiyyəti tərəfindən ortaya atılmış “yaş senzi” adlanan bədnam qeyri-demokratik qanunun aradan qaldırılmasına çalışırdı. Bununla bağlı keçirilən mitinqlərdə ölkə vətəndaşlarının əksəriyyəti yaş senzinin ləğv edilməsini, Heydər Əliyevin vaxt itirilmədən siyasi hakimiyyətə dəvət edilməsini və onun xalq arasındakı nüfuzundan ümummilli məsələlərin həllində istifadə edilməsini zəruri sayırdı.
Heydər Əliyev həmin dövrdə ictimai-siyasi proseslərə fəal şəkildə qoşulmağı məqsədəuyğun hesab etmirdi. Bu görkəmli siyasətçi hətta Naxçıvan Ali Məclisinin sədrliyinə də muxtar respublika əhalisinin və Ali Məclis üzvlərinin çoxsaylı təkidlərindən və xahişlərindən sonra razılıq vermişdi. Lakin istər Mütəllibov, istərsə də AXC-Müsavat hakimiyyəti tərəfindən məqsədli şəkildə yaddan çıxarılmış, ağır sosial-iqtisadi problemlərlə üzləşmiş bu qədim torpağın Heydər Əliyev idarəçiliyinə çox böyük ehtiyacı var idi. Naxçıvan əhalisinin tələbləri nəticəsində muxtar respublikanın Ali Məclisinin Sədri seçilən Heydər Əliyev qısa vaxt ərzində insanların ona olan münasibətini doğruldaraq, blokada şəraitində yaşayan Naxçıvanın düşdüyü ağır vəziyyətdən xilası üçün mühüm işlər gördü. Belə mürəkkəb şəraitdə sonralar tarixə “91-lər” kimi daxil olan vətənpərvər ziyalılar ölkəni düşdüyü ağır böhrandan qurtarmaq üçün Heydər Əliyevə müraciət ünvanladılar. Həmin müraciət Azərbaycan vətəndaşlarının ictimai maraq və mənafelərinin ifadəsi idi. Heydər Əliyev Azərbaycan ziyalılarının müraciətinə səkkiz gündən sonra “Yeni, müstəqil Azərbaycan uğrunda!” çağırışı ilə başlayan cavab verdi. Bu zaman AXC-nin Naxçıvanda silahlı dövlət çevrilişi etmək cəhdi Heydər Əliyevin xalqa arxalanan məqsədyönlü siyasəti və fəaliyyəti nəticəsində boşa çıxdı.
Xalqımızın vətənpərvər övladlarının iştirakı ilə tez bir zamanda ölkəmizin hər yerində yeni partiyanın təsis konfransının hazırlıq işlərinə başlandı. Azərbaycanın bütün regionlarında Heydər Əliyev şəxsiyyətinə inanan insanlar partiyanın yerli strukturlarının formalaşmasında fəal iştirak etməyə başladılar. Qısa vaxt ərzində Azərbaycanın ayrı-ayrı inzibati ərazilərində YAP təşkilat komitələrinin yaradılması prosesi dinamik xarakter aldı. Ancaq hakimiyyət orqanları açıq və gizli şəkildə partiyanın yaradılmasına və partiyanı yaratmağa çalışan insanlara qarşı totalitar rejimlərə xas olan vasitələrlə fiziki və mənəvi terrora əl atmaq yolunu tutdu.
Hətta YAP-ın həmin dövrdə Bakı şəhərində təsis konfransını keçirmək belə mümkün olmadı. Çünki AXC-Müsavat hakimiyyəti Heydər Əliyevin rəhbərliyi ilə yaradılacaq partiyadan qorxur və onun təsis olunmasına çox böyük maneələr törədirdi. Buna görə də partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi. Konfransda partiyanın proqram və nizamnaməsi qəbul olundu, Heydər Əlirza oğlu Əliyev YAP-ın sədri seçildi. Bununla da Azərbaycanın siyasi həyatına Yeni Azərbaycan Partiyası adlı möhtəşəm bir təşkilat daxil oldu. Ümummilli lider həmin dövrü belə qiymətləndirmişdir: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”. 15 iyun 1993-cü il Azərbaycan xalqının tarixində kəskin dönüş və keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu. Bütün ömrünü xalqının inkişaf və tərəqqisinə həsr etmiş bu görkəmli şəxsiyyət yenə də ağır yükü öz üzərinə götürərək yenidən siyasi hakimiyyətə qayıtdı və tarixi zərurət onu bir daha vətənin xilaskarına çevirdi.
Qısa müddət ərzində görülən işlər - atəşkəsə nail olunması, etnik separatizm meyillərinin aradan qaldırılması dünyanın aparıcı ölkələri ilə neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması Dağlıq Qarabağ probleminin həllinə təsir göstərməyə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına gətirib çıxardı. Habelə müstəqil dövlətin ilk Konstitusiyası qəbul olundu. Əgər 1992-ci ildə YAP-ın yaranması müstəqil Azərbaycanın ideoloji təməllərinin, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” iqtisadi bazasının əsasını qoyurdusa, 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində qəbul edilmiş Konstitusiya onun hüquqi əsaslarını müəyyənləşdirdi. 1994-1995-ci illərdə baş verən dövlət çevrilişinə cəhdlər zamanı YAP ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşərək xalqımızın hakimiyyətin müdafiəsi istiqamətində monolit birliyinin yaranması naminə uğurla fəaliyyət göstərərək zamanın imtahanından şərəflə çıxdı.
1995-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının artıq güclü siyasi təşkilat kimi formalaşması, parlament seçkilərində səslərin əksər çoxluğunu qazanması və ölkəmizin ictimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi. Heydər Əliyevin siyasi baxışlarından və siyasi fəlsəfəsindən səmərəli şəkildə bəhrələnməsi partiyanın qələbələr qazanmasını şərtləndirirdi.
Yeni Azərbaycan Partiyasının inkişafının yeni mərhələsi partiyanın I qurultayından bugünədək olan dövrü əhatə edir. I qurultayda aydın oldu ki, partiya artıq təşkilati baxımdan formalaşmış və ideoloji baxımdan güclənmiş siyasi təşkilat kimi cəmiyyətdə özünü təsdiq etmişdir.
Partiyanın I qurultayında İlham Əliyevin sədr müavini seçilməsi YAP-ın həyatında mühüm hadisəyə çevrilməklə, bu siyasi təşkilata kütləvi axının güclənməsinə təsir göstərən mühüm faktor oldu. İlham Əliyevin şəxsi keyfiyyətləri və işgüzarlığı Azərbaycan seçicilərinin onun proporsional siyahıya başçılıq etdiyi Yeni Azərbaycan Partiyasından millət vəkili seçilməyə inamını artırmış və beləliklə, Yeni Azərbaycan Partiyasının 2000-ci ilin parlament seçkilərində qələbəsində böyük rol oynamışdır.
Xalqımızın Heydər Əliyevin ideyalarına, onun tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasətə göstərdiyi tarixi inam 2003-cü ilin 15 oktyabrın prezident seçkilərində özünü bir daha parlaq şəkildə büruzə vermişdir. Belə ki, həmin tarixdə Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm İlham Əliyevi Prezident seçməklə ümummilli liderin parlaq gələcəyə aparan işıqlı yoluna növbəti dəfə yüksək etimad və sədaqət nümayiş etdirmişdir.
III qurultay (2005, mart) YAP-ın həyatında növbəti və keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Partiyanın ali forumu Heydər Əliyev xəttinə sadiq olduğunu bir daha təsdiqləyərək ölkə rəhbəri möhtərəm İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri seçilməsinə yekdilliklə səs verdi. IV və V qurultaylar yeni mərhələdə partiyanın qarşısında duran vəzifələri və prioritet istiqamətləri müəyyən etdi, gələcək fəaliyyətlə bağlı bir sıra mühüm qərarlar çıxardı. V qurultay həm də onunla əlamətdar oldu ki, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva YAP sədrinin müavini seçildi. Daha sonra, 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi. Bu faktor, heç şübhəsiz, partiyanın siyasi fəaliyyətinə yeni impuls və dinamizm qazandırdı.
Ümumiyyətlə, ölkədə bütün səviyyələrdə (prezident, parlament, bələdiyyə) keçirilən seçkilər YAP üçün hər dəfə növbəti sınaq və şərəfli imtahan olmuşdur. Partiya seçkilərə hərtərəfli və ciddi hazırlaşaraq öz seçki təcrübəsini və mövcud potensialını səfərbər etmişdi. Azərbaycan Respublikasının Prezidenti və YAP sədri İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən nəhəng miqyaslı islahatlar, regionların sosial-iqtisadi cəhətdən dinamik inkişafı, işsizliyin ləğvi və yoxsulluğun aradan qaldırılması sahəsində görülən işlər YAP-ın irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyasının əsas istinad nöqtəsi olmuşdur. YAP təsirli və inandırıcı təbliğat-təşviqat kampaniyası quraraq, müasir seçki texnologiyalarından geniş istifadə edərək bütün səviyyələrdə keçirilmiş seçkilərdə hər dəfə inamlı qələbə qazanmışdır.
Dərin və universal böhrandan çıxaraq cəmi 20 il ərzində kosmik dövlətlər sırasına düşən, dünyanın ən mötəbər beynəlxalq forumlarına evsahibliyi edən, qlobal kataklizmlərlə çalxalanan regionda multikulturalizmin qalasına çevrilən, sosial-iqtisadi və hərbi cəhətdən gündən-günə inkişaf edən müstəqil Azərbaycan bu gün hamımızın qürur mənbəyidir. Sadəcə son iki ayda baş verənlər bugünkü Azərbaycan reallığının ən bariz nümunəsidir. Belə ki, 2017-ci ilin 14 sentyabr tarixində “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması ölkəmizin etibarlı və stabil inkişaf edən dövlət kimi bütün dünyada nüfuzunun yüksəlməsi, əhalimizin rifahının təminatı baxımından böyük strateji əhəmiyyət daşıyır. Habelə cari ilin 30 oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması Azərbaycanın Avrasiyanın geosiyasi nəqliyyat mərkəzinə çevrilməsi yolunda atılmış ən mühüm addımdır. Milyondan artıq sərnişin, 17 milyon tondan artıq yük daşınması nəzərdə tutulan bu xətt həm də təcavüzkar Ermənistanın strateji blokadasını möhkəmləndirən mühüm iqtisadi-siyasi qələbədir. Budur YAP-ın hakimiyyətdə olduğu dövrün reallıqları.
YAP Azərbaycanın siyasi sisteminin normal dayaqlar üzərində inkişaf etməsinə güclü əsaslar yaratması ilə də tarixi missiyasını yerinə yetirmişdir. Məlumdur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın siyasi sistemi kortəbii və xaotik şəraitdə formalaşırdı. Siyasi sistemin gələcəyini, perspektivlərini müəyyənləşdirəcək və onun monolitliyini təmin edəcək ideya və ideologiyalar yox idi. Bununla yanaşı, siyasi qüvvələr arasında siyasi mədəniyyət nümunəsi də mövcud deyildi. Demokratik şəraitdə fəaliyyət göstərən çoxpartiyalı sistemdə hər hansı bir partiyanın cəmiyyətin, ölkənin, dövlətin həyatında oynayacağı rolu ilə bağlı insanlarda ümumi təsəvvürlər yox dərəcəsində idi. Belə bir şəraitdə YAP-ın Azərbaycanın siyasi sisteminə daxil olması demokratik siyasi sistem haqqında təsəvvürlərin formalaşmasına, seçki rəqabəti mühitinin yaranmasına güclü təkan vermişdi. Ölkənin avanqard siyasi gücünə çevrilən YAP-ın sürətlə inkişaf etməyə başlaması və qısa müddətdən sonra hakimiyyətə gəlməsi Azərbaycanın sivil siyasi sisteminin formalaşmasına, vətəndaş cəmiyyəti təsisatlarının, müstəqil və azad kütləvi informasiya vasitələrinin qüvvətlənməsinə güclü təsir göstərmişdi. Yeni siyasi sistemin lokomotivi kimi YAP-ın sürətli inkişafı da Azərbaycanda çoxpartiyalı siyasi konyunktura uyğun yeni müxalif təşkilatlanmaların stimullaşmasına və formalaşmasına da əlverişli əsaslar yaratmışdı.
Bir sözlə, Yeni Azərbaycan Partiyasının getdikcə güclənən fəaliyyəti Azərbaycanın bundan sonra da hərtərəfli inkişafında böyük imkanlara yol açır. Əminliklə demək olar ki, iqtidar partiyası siyasi proqramına uyğun olaraq, qarşıdakı illərdə də Azərbaycanın qonşu və region ölkələrlə münasibətlərin qurulmasına və faydalı əməkdaşlığın inkişaf etdirilməsinə, beynəlxalq hüquq və prinsiplər əsasında dövlətlər arasında etimad yaradılmasına hesablanan uğurlu siyasi fəaliyyətini davam etdirəcək və hər bir azərbaycanlının rifah halının daha da yüksəldilməsinə çalışacaqdır. YAP-ın cəmiyyətin yeganə seçimi olmasını Azərbaycanın beynəlxalq aləmdə güclü mövqeyi və nüfuzu da şərtləndirir və bütün bunlar da belə deməyə əsas verir ki, ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsi kimi milli mənafelərin istənilən platformada müdafiə və təmin etməyə yetərli ictimai dəstəyi var və zaman ötdükcə bu qarşılıqlı dəstək daha da güclənəcək.
Proqramında müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutan YAP-ın cəmiyyətdə rolu və nüfuzu durmadan artır, ölkədə baş verən ictimai-siyasi proseslərə təsir imkanları getdikcə genişlənir. Bütün bu amillər, heç şübhəsiz, partiyaya üzv axınını sürətləndirir. Belə ki, ötən dövr ərzində partiyanın sıraları kəmiyyətcə artmış, keyfiyyətcə yüksəlmişdir. Hazırda YAP-ın 701 mindən artıq üzvü var ki, onlar da cəmiyyətin ən müxtəlif sosial və demoqrafik qruplarını təmsil edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir. Bir daha demək istəyirəm ki, çətin şəraitdə, təzyiqlərlə, hədə-qorxularla üzləşərək, bütün məhrumiyyətlərlə üzləşərək, həm partiya üçün, həm partiya fəalları, həm də ölkə üçün, demək olar, ən ağır dönəmdə yaranan bu partiya möhkəmləndi, gücləndi və bu gün bölgədə onun analoqu yoxdur. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur”.
Bu sözlər bizləri - YAP üzvlərini bir daha Heydər Əliyev yolu ilə uğurlu gələcəyə ruhlandırır və rəhbər tezislər kimi ölkəmizin inkişafı naminə fəaliyyətimizdə qazanacağımız yeni uğurlarımıza stimul verir.

Siyavuş NOVRUZOV,
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri,
YAP İdarə Heyətinin üzvü