Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ÜMUMXALQ PARTİYASI

14 Noyabr 2017
 

Azərbaycanın siyasi arenasının flaqmanı olan Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ili tamam olur. 1992-ci ilin ağır və keşməkeşli noyabr günlərində xalqımızın Heydər Əliyev ətrafında səfərbər olması nəticəsində yaranan YAP üzərinə götürdüyü şərəfli missiyanı bütün dövrlərdə layiqincə daşıdı. Ulu öndərin həyata keçirdiyi dövlət quruculuğu prosesində, sosial-iqtisadi islahatlarda fəal iştirak edən partiyamız bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vüsət alan dinamik yüksəliş prosesinə layiqli töhfələr verir.

YAP-ın 25 illik yubileyi ilə əlaqədar Milli Məclis rəhbərliyinin və deputatların fikirlərini öyrəndik.

 

Azərbaycanın avanqard siyasi qüvvəsi

 

Ziyafət ƏSGƏROV,
Milli Məclis Sədrinin birinci müavini,
YAP Siyasi Şurasının üzvü:

- Bu gün Yeni Azərbaycan Partiyası 25 illik yubileyini güclü, mütəşəkkil, cəmiyyətdə böyük nüfuza malik partiya kimi qeyd edir. Bunu şərtləndirən başlıca amillərdən biri ötən 25 ildə partiyanın əldə etdiyi böyük nailiyyətlərdir. 

Azərbaycanda vətəndaş mənafeyinin və dövlətçilik maraqlarının təminatçısı olmaq kimi çətin və məsuliyyətli missiyanın öhdəsindən ötən 25 ildə uğurla gələn Yeni Azərbaycan Partiyasının yaranması obyektiv tarixi qanunauyğunluqlarla şərtlənmiş, ötən əsrin 90-cı illərinin əvvəlindəki ağır, böhranlı durumun doğurduğu obyektiv tələbat olmuşdur.
XX əsrin sonlarına doğru əzmkar mübarizə bahasına milli dövlətçiliyini bərpa etmiş xalqımız müstəqilliyinin ilk illərində mənəvi sarsıntılara məruz qalır, üzləşdiyi böhran və faciələr fonunda gələcək barədə nikbin düşünə bilmirdi. Ağır vəziyyətdə əksəriyyət yaxşı bilirdi ki, məhz ulu öndər Heydər Əliyev kimi müdrik siyasət ustadının rəhbərliyi altında formalaşan siyasi partiya xalqın inamını doğrultmaq və respublikanı üzləşdiyi böyük faciələrdən hifz etmək iqtidarında ola bilər.
1992-ci il oktyabrın 16-da Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü ilə ulu öndər Heydər Əliyevə rəsmi müraciət edən 91 nəfər nüfuzlu ziyalı ölkədəki ağır siyasi, iqtisadi, hüquqi, mənəvi problemləri ürək yanğısı ilə göstərir, müdrik liderdən xalqın gələcək taleyi naminə məsuliyyəti öz üzərinə götürməsini xahiş edirdi. Bu ağır durumda üzərinə böyük məsuliyyətin düşəcəyini bilən ulu öndər doğma Azərbaycanının uçuruma yuvarlanmasına razı ola bilməzdi.
1992-ci il noyabr ayının 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu 25 il müddətində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, hər bir fərdin maraqlarını uca tutmaqla xalqın dərin etimadını qazanmışdır. Bu gün siyasi baxışlarından asılı olmayaraq, hamı etiraf edir ki, məhz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir.
Heydər Əliyev kimi böyük siyasətçi və dövlət xadiminin ailəsində yetkinləşərək zəngin dövlətçilik məktəbi əxz edən, müasir bilik və mükəmməl təcrübəyə yiyələnən cənab İlham Əliyev 2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərində layiqli qələbə qazanaraq YAP-ın cəmiyyətdəki mövqelərini daha da gücləndirdi. Ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə vacib amil olan ictimai-siyasi sabitlik qorunub saxlanıldı, iqtisadi inkişafa, vətəndaş sülhünə və həmrəyliyinə, qanunun aliliyinə xidmət edən mükəmməl konsepsiyanın həyata keçirilməsində yeni mərhələnin əsası qoyuldu.
Ölkədə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasətin yeridilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təşkili, dövlətçilik ənənələrinin zənginləşdirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf magistralına çıxması, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz cənab İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri sayəsində mümkün olmuşdur.
Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir və partiyanın fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edir. Ümumxalq partiyasına çevrilən, 700 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanaraq qələbələr partiyası adına sahiblənib. YAP-ın əzəmətli qələbələri parlament seçkilərində də özünü göstərib. 2005-ci ildə 3-cü çağırış Milli Məclisə seçkilərdə 65 deputat mandatı qazanmaqla partiyamız öz rəqiblərini xeyli geridə qoydu. 2010-cu il noyabrın 7-də keçirilən seçkilərdə mütəşəkkil qaydada iştirak edən, güclü seçki kampaniyası aparan YAP əhəmiyyətli qələbə qazanaraq 71 deputat mandatı əldə etdi. 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə isə partiyamız parlamentdə 72 nəfərlə təmsil olunmaq hüququ qazandı. Bu, partiyamızın ölkədəki yüksək nüfuzundan xəbər verən ən başlıca amildir. Əlbəttə ki, bütün bunlar böyük uğur sayılır və hər bir partiya üzvündə qürur hissi yaradır.
Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakteri daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də, sabah da inamla davam etdiriləcək.

 

YAP mübarizələrlə dolu böyük və şərəfli yol keçib

 

Bahar MURADOVA,
Milli Məclis Sədrinin müavini,
YAP İdarə Heyətinin üzvü:

- Bu gün hələ gənclik çağını yaşayan, amalı, məqsədi və başlıca hədəfi azad və firavan cəmiyyət quruculuğu olan, canına-qanına Heydər Əliyev ideyalarının hopduğu ən sağlam siyasi orqanizm kimi püxtələşən Yeni Azərbaycan Partiyası ötən 25 il ərzində respublikamızın müstəqil, demokratik, sivil dövlət kimi bərqərar olmasına və möhkəmlənməsinə əvəzsiz töhfələr verməklə mübarizələrlə dolu böyük və şərəfli bir yol keçmiş, ölkənin siyasi səhnəsində ən uca zirvəni fəth edərək çox sanballı və nüfuzlu mövqe əldə etmişdir.

Onun qısa bir zaman kəsiyində keçdiyi zəngin tarixi yolun dəyərləndirilməsi baxımından Prezident İlham Əliyevin rəhbərliyi altında xoşbəxt gələcəyə doğru inamla addımlayan, sabitlik və əmin-amanlığın hökm sürdüyü, demokratik dəyərlərin və insan hüquqlarının hər şeydən üstün tutulduğu Azərbaycan adlı bir dövlətin vətəndaşı olduğumuza görə həm də Heydər Əliyev dühasının inikası və bu inamın ideoloji bazası olan Yeni Azərbaycan Partiyasına rəğbət hissi keçiririk.
Çünki Azərbaycanın ən ağır problemlərini çiyinlərində daşıyan, azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən YAP hər zaman üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Gələcəyə ümidlərin tükəndiyi bir vaxtda Yeni Azərbaycan Partiyası ölkəmizin müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə aparan yolun başlanğıcını qoyub. O, dünənin, bugünün və gələcəyin partiyası adını şərəflə doğruldaraq və bu məsuliyyəti dərindən dərk edərək Azərbaycanın siyasi sisteminin normal dayaqlar üzərində inkişaf etməsinə güclü əsaslar yaratmaqla bu tarixi missiyanı şərəflə daşıyıb.
Bununla da Azərbaycanın siyasi ab-havasına yeni nəfəs gətirmiş Yeni Azərbaycan Partiyası demokratik şəraitdə fəaliyyət göstərən çoxpartiyalı sistemdəki qüvvələr arasında siyasi mədəniyyət nümunəsinə, siyasi sistemin gələcəyini, perspektivini müəyyənləşdirən və cəmiyyətdə bu təsəvvürlərin düzgün məcraya yönəldilməsini təmin edən ideya və texnologiyalar məktəbinə çevrilib.
Heydər Əliyevin müdrik və uzaqgörən qətiyyətli siyasi baxışlarından və zəngin dövlətçilik təcrübəsindən bəhrələnərək öz fəaliyyətini mükəmməl siyasi mexanizmlər üzərində quran bu təşkilat məhz ölkənin taleyüklü aktual problemlərinin həllində həmişə ön cərgədə olduğu, xalqın maraq və mənafelərinin keşiyində durduğu üçün ümumxalq partiyası statusunu qazanıb.
Yarandığı gündən təşkilatın öz siyasi xəttinə bağlılığı, xalq və dövlət qarşısındakı xidmətləri və digər tərəfdən isə ölkəmizin bir-birini əvəzləyən uğurları Heydər Əliyev siyasi kursunun mahiyyətini ortaya qoymaqla bərabər həm də Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu artırıb və mövqeyini möhkəmləndirib.
Bu mənada heç də təsadüfi deyil ki, beynəlxalq normalara uyğun milli qanunvericiliyin formalaşdığı və bu sahənin təkmilləşdirilməsi yönündə mühüm addımların atıldığı Azərbaycan parlamentində təmsil olunan deputatların böyük əksəriyyəti məhz seçicilərin güvəncini qazanmış YAP-ın nümayəndələrindən ibarətdir. Ona görə də düşünürük ki, ölkəmizin nailiyyətləri yüz minlərlə partiya təəssübkeşinin fədakar fəaliyyəti ilə yanaşı, həm də bütün seçkilərdə partiya üzvlərinə səs vermiş milyonlarla insanın yüksək etimadı ilə sıx bağlıdır.
Səmimiyyətə və inama söykənən bu qarşılıqlı münasibət Azərbaycanın tərəqqisini stimullaşdıran başlıca amillərdən birinə çevrilib. Bu həm də müstəqillik dövründə Azərbaycanın əldə etdiyi bütün uğurlarda Yeni Azərbaycan Partiyasının imzasının olduğunun etirafıdır. Ona görə də mən, digər siyasi həmfikirlərim kimi, əbədiyaşar Heydər Əliyev məfkurəsinin məhsulu olan bu siyasət və mənəviyyat məktəbinin müdavimi olmağımdan qürur duyuram.
Bu gün iqtidar partiyası olan YAP müasir çağırışlara cavab olaraq özünün çoxşaxəli fəaliyyətinin coğrafiyasını və təsir dairəsini getdikcə genişləndirməklə beynəlxalq hüquq və prinsiplər əsasında dövlətlər arasında etimadın yaradılmasına da böyük töhfələr verməkdədir. Artıq Cənubi Qafqaz bölgəsinin ən güclü və nüfuzlu siyasi qüvvəsi kimi özünü təsdiq etməyi bacarmış Yeni Azərbaycan Partiyası Avropada və Asiyada fəaliyyət göstərən nüfuzlu siyasi hərəkatlar və partiyalarla faydalı və səmərəli işgüzar əlaqələrə malikdir və bu münasibətlər yüksələn xətlə inkişaf edir.
Şübhə yoxdur ki, bütün bu illər ərzində inkişafın hərəkətverici qüvvəsi kimi milli mənafeləri istənilən müstəvidə müdafiə etmək üçün yetərli ictimai dəstəyə malik və bu gün yeddi yüz mindən artıq üzvü olan YAP öz sıralarını bundan sonra da daim artıraraq və keyfiyyətcə yeniləyərək partiyamızın lideri, dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşəcək və cəmiyyətin avanqard siyasi qüvvəsi kimi ölkəmizin daha da qüdrətlənməsinə, xalqımızın həyat səviyyəsinin daha da yüksəldilməsinə sanballı töhfələr verəcəkdir.
Mən bu gün böyük məmnuyyət hissi ilə partiyamızın ali rəhbərliyini, bütün əqidədaşlarımı, həmçinin təşkilatımızin fəaliyyətinə layiq olduğu dəyəri verən hər kəsi respublikamızın ictimai həyatında çox əlamətdar hadisə olan Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir və onlara yeni-yeni nailiyyətlər arzulayıram.
Əmin olduğumu bildirmək istəyirəm ki, illər keçdikcə YAP-ın siyasi portreti bu fəaliyyət nəticəsində yeni cizgilərlə daha əzəmətli görkəm alacaq və doğma partiyamızın bayrağı Heydər Əliyev ideyalarının ölməzliyi və xalqımızın xoşbəxt gələcəyi naminə müstəqil Azərbaycanın üçrəngli zəfər bayrağı ilə yanaşı dalğalanacaqdır.

 

Xalqı Heydər Əliyev idealları ətrafında birləşdirən partiya

 

Rafiq MƏMMƏDHƏSƏNOV,
Milli Məclisin deputatı,
YAP Siyasi Şurasının üzvü, professor:

- Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı ilk illərdə hakimiyyətə yiyələnən qüvvələrin dövlətçiliyimizi məhvə doğru aparan siyasi ambisiyaları tariximizin acı səhifələridir. Siyasi-hərbi təbəddülatlar, hakimiyyət uğrunda çəkişmələr, xalqa, milli maraqlara xidmət etməyən daxili və xarici siyasət hələ kövrək olan müstəqilliyimizin itirilməsinə doğru aparırdı. Lakin bu siyasi burulğanlar arasından ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında elə bir siyasi hərəkat meydana çıxdı ki, onun yaradılmasını məhz tarixi zərurət tələb edirdi. 

Bu, Yeni Azərbaycan Partiyası idi. YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandı. Bu gün böyük iftixar və qürur hissi duyuruq ki, Azərbaycan xalqını ötən əsrin 90-cı illərinin ağır, dar günlərində məhz ümummilli lider Heydər Əliyevə və onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasına olan inam səfərbər etdi və bugünkü sabitliyin, əmin-amanlığın hökm sürdüyü günlərə gətirib çıxardı.
YAP böyük bir tarixi zərurət nəticəsində yaranmışdır. Onun getdikcə daha çox nüfuz qazanaraq cəmiyyətimizin əsas siyasi qüvvəsinə çevrilməsi də bu zərurətin ifadəsidir. Bu gün YAP Azərbaycanın əsas aparıcı siyasi qüvvəsidir. Öz ətrafında 700 min nəfəri birləşdirən partiyamız ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında və s. sferalarda fəal iştirak edir.
Bu gün Azərbaycan Heydər Əliyev siyasi məktəbinin yetirməsi möhtərəm Prezident İlham Əliyev tərəfindən möhtəşəm nailiyyətlərə imza atmaqdadır. Prezident İlham Əliyev Azərbaycanın siyasi həyatına yeni təfəkkür və fəaliyyət tərzi gətirmişdir. Bu da, öz növbəsində, Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyəti üçün yeni perspektivlər müəyyənləşdirir.
Yeni Azərbaycan Partiyası Azərbaycan xalqını Heydər Əliyev idealları ətrafında birləşdirən və səfərbər edən partiyadır. Ona görə xalqımız böyük səs çoxluğu ilə seçdiyi Prezidentin, İlham Əliyevin ətrafında sıx birləşib. Onun sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə artır. Bu da dövlət başçısına, YAP-ın sədrinə olan dərin inamdan irəli gəlir. Azərbaycan tarixində indiyə qədər 700 min üzvü olan siyasi təşkilat olmayıb. Azərbaycanda təkpartiyalılıq dövründə belə hakimiyyətdə olan partiya bu qədər insanı öz sıralarında birləşdirə bilməyib. YAP yeganə partiyadır ki, onun sıralarında bu qədər insan birləşib. Buna sadəcə statistika nöqteyi-nəzərindən baxmaq düzgün olmazdı. Bu, insanların YAP-a, partiyamızın yaradıcısı ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə, YAP-ın sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibətinin, Azərbaycandakı ictimai-siyasi duruma verdikləri qiymətin göstəricisidir.
YAP ötən 25 il ərzində prinsip və amallarına tam sadiqlik nümayiş etdirərək Azərbaycan dövləti və xalqı qarşısında öz missiyasını ləyaqətlə yerinə yetirmiş, uğurlu fəaliyyət göstərmiş, dövrün, zamanın çətinliklərindən təşkilati və ideoloji cəhətcə mətinləşmiş şəkildə çıxmışdır. Partiyamız bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin ideyalarını, öz məqsəd və məramlarını əldə rəhbər tutaraq Azərbaycanın qüdrətlənməsinə, dövlətçiliyimizin inkişafına xidmət edəcək.

Dünənin, bugünün və sabahın partiyası

 

Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı

 

- Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü ərəfəsindəyik. Partiyamızın yaranma tarixi yüz minlərlə insanı ətrafında birləşdirən, sayı milyonu ötən təəssübkeş dəstəyinə malik olan bir təşkilatın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin siyasi tarixində əlahiddə hadisə kimi səciyyələnir. Ən azı o baxımdan ki, YAP Azərbaycanda son 24 il ərzində əldə edilən misilsiz uğurların şəriksiz müəllifi olan mövcud iqtidarın siyasi istinadgahı və hakim komandanı bilavasitə təşkil edən özəkdir.
1990-1992-ci illər yaxşı xatirimizdədir. Böhran içində olan, müstəqilliyindən bəhrələnə bilməyən, Qarabağın erməni işğalı ilə, təxribatlarla üzləşən, vətəndaş müharibəsi ərəfəsində olan respublikamız ümidsizlik ovqatında idi. Vətəndaşlarımız birmənalı olaraq hesab edirdilər ki, Azərbaycanı məhv olmaqdan xilas edəcək yeganə lider məhz Heydər Əliyevdir. Yüz minlərlə insan məhz ulu öndərin yaradacağı və rəhbərlik edəcəyi yeni siyasi gücdə təmsil olunmağı arzulayırdı. Bu mənada 25 il əvvəl YAP-ın yaranması xalqın və zamanın tələbi, sosial sifariş olaraq meydana çıxdı. Bu 25 illik fəaliyyət salnaməsi isə, əslində, elə müstəqil Azərbaycan dövlətinin tarixidir.
1993-cü ilin məlum iyun hadisələri xalqın tələbi ilə ovaxtkı iqtidarı məcburən Heydər Əliyevi Bakıya - ölkənin taleyini həll etmək üçün çağırmağa vadar etdi. Beləliklə də tarixi proseslər Heydər Əliyevə ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasına isə hakim partiya statusu həvalə etdi. Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqil dövlətçiliyin əsaslarının formalaşması və vətəndaş cəmiyyətinin qurulması prosesi başlandı. Bu, partiyalaşma prosesinə də öz ciddi təsirini göstərdi. Partiyamızın sədri Heydər Əliyevin uğurlu fəaliyyəti ilk gündən YAP-ı Azərbaycanın siyasi səhnəsinin ön sırasına çıxardı.
Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 700 mindən artıq üzvün birləşməsi, nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilməsi ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi və hər zaman partiyanın fəaliyyətinə bələdçilik etdiyi “Yeni Azərbaycan Partiyası Azərbaycanın həyatında ən güclü, ən böyük intellektual səviyyəyə, hörmətə malik olan siyasi partiyadır” fikrinin təsdiqidir. Fəxrlə deyə bilərik ki, YAP həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.
2003-cü ilin dekabrında xalqımız tarixinin ən böyük itkilərindən biri ilə üzləşdi. Görkəmli dövlət xadimi, dünyanın ən böyük azərbaycanlısı Heydər Əliyev vəfat etdi. Bu itkinin miqyası bütün sahələri əhatə etməklə yanaşı, Yeni Azərbaycan Partiyası və təşkilatın yüz minlərlə üzvü uçün də ağır sınaq idi. Qürur hissi ilə deməliyəm ki, YAP ötən müddət ərzində ulu öndərin qarşıya qoyduğu məqsəd və vəzifələrə sadiq qaldı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi həyatında fəallığını əzmlə davam etdirdi, dövlət başçısının ən yaxın silahdaşı oldu.
2003-cü ildən sonra ulu öndər Heydər Əliyevin siyasi yolunu layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin ötən 14 ildəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirib. Bu mənada YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik və idarəçilik keyfiyyətləri, praqmatizmə əsaslanan siyasət yürütməsi, ölkəmizi regionun lider dövlətinə çevirməsi ilə şərtlənir.
Bu baxımdan YAP-ın fəaliyyətini həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin fəaliyyətləri çərçivəsində təhlil etmək lazımdır. Bu gün Azərbaycan dövlətinin inkişafında əldə olunan misilsiz nailiyyətlər, siyasi proseslərdə bərqərar olan mühüm təkmilləşmələr və demokratikləşmə də qüdrətli sədrlərimizin - ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətlərinin nəticəsi və həm də YAP-ın siyasi töhfələri kimi səciyyələnməlidir.
YAP həm də uğur partiyasıdır. Bunu partiyamızın indiyədək keçirilmiş bütün seçkilərdəki qələbələri təsdiq edir. Bəli, bu illərdə keçirilən 5 prezident, 5 parlament, 4 bələdiyyə seçkilərinin qalibi YAP-ın namizədləri olmuşdur. Hər seçkidəki qələbə bir tərəfdən YAP-ın seçki kampaniyasının uğurunu, digər tərəfdən ölkəmizin siyasi-ictimai həyatındakı mövqeyini və rolunu bir daha nümayiş etdirir.
Yaranmasının 25-ci ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası dövlətçilik tariximizdə ümummilli mənafeləri tam əks etdirən, bütün xalqın səfərbəredici siyasi gücünə çevrilən, birbaşa demokratiya və müstəqillik ideyaları ilə çıxış edən yeganə partiyadır. Həm təşkilati göstəricilərə, həm də ictimai nüfuzuna görə bu gün respublikada YAP-a alternativ olacaq qüvvə yoxdur. İndiyədək YAP qədər azərbaycançılıq ideyalarına bağlı olan, siyasi proseslərdə əsl xalq partiyası kimi iştirak edən təşkilat olmayıb, hazırda da yoxdur və gələcəkdə də mümkün deyil. Çünki ümummilli lider Heydər Əliyevin dediyi kimi, YAP dünənin, bugünün və sabahın partiyasıdır.
YAP bu gün ölkənin ən qabaqcıl siyasi avanqardı, müstəqil dövlətimizin kamil ideya, fikir məktəbidir. Hazırda Azərbaycan dövləti və xalqı qarşısında öz missiyasını ləyaqətlə davam etdirən YAP bundan sonra da Prezident İlham Əliyevin siyasətinə uyğun olaraq Azərbaycanın qüdrətlənməsinə, dövlətçiliyimizin inkişafına xidmət edəcək.

 

YAP-ın yaranması müasir siyasi tariximizin ən mühüm hadisələrindəndir

 

Sona ƏLİYEVA,
Milli Məclisin deputatı

- Xalqımız müstəqil Azərbaycan dövlətinin qurulmasında və respublikamızın inkişafında əvəzsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü ərəfəsindədir. Partiyamızın keçdiyi 25 illik şərəfli yol yüz minlərlə insanı ətrafında birləşdirən, üzvlərinin sayı 700 min nəfəri ötən partiyanın fəaliyyətində müstəsna yer tutur. YAP-ın yaranması həmçinin ölkəmizin müasir siyasi tarixində ən mühüm hadisələrdən biri kimi səciyyələnir. 

Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranıb. Və ötən əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycanın üzləşdiyi böhran və təhlükələr xalqın sabaha olan ümidlərini, demək olar ki, qırmışdı. Ermənistanın Dağlıq Qarabağdan başladığı işğalçılıq siyasəti, keçmiş Sovetlər İttifaqı rəhbərliyinin antiazərbaycan mövqeyi, yerli rəhbərliyinin xəyanətkarlığı vəziyyəti daha da mürəkkəbləşdirirdi.
Belə bir şəraitdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan tarixində öz üzərinə böyük missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Partiyanın yaranması, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin partiyaya sədr seçilməsi zəruri tarixi hadisə idi. Azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatına yeni nəfəs verdi, Azərbaycanın siyasi həyatında ümid çırağı yandırdı. Yeni Azərbaycan Partiyasının yaranmasından cəmi 6 ay sonra ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə dönüşünün kökündə dayanan əsas həqiqət Azərbaycan xalqının fəlakətlərdən xilas olmaq ümidlərini və gələcəklə bağlı arzularını Heydər Əliyevlə və Yeni Azərbaycan Partiyası ilə bağlamaq arzusu idi. Bu arzular da reallığa çevrildi. Ulu öndər və onun yaratdığı partiya xalqın inam yerinə çevrildi. Məhz bu inamın nəticəsidir ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası parlaq qələbələr qazanıb.
Çox sevindirici haldır ki, Heydər Əliyev ideyaları bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Hazırda Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir. Bu çox böyük bir ordudur. Partiyamız öz ətrafında cəmiyyətin intellektual təbəqəsini birləşdirir ki, bu da çox mühüm bir göstəricidir. Partiyanın Gənclər Birliyi və Qadınlar Şurası da təşkilatın aparıcı qolları olaraq ölkənin ictimai-siyasi həyatında çox aktiv iştirak edir. Qazanılan uğurlarla yanaşı, Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr də dayanır. Bu vəzifələrin ən başlıcası ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdır. Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcək.
25 illik yubiley münasibətilə YAP rəhbərliyi başda olmaqla, partiyanın bütün üzvlərini ürəkdən təbrik edir, partiyamıza gələcəkdə daha möhtəşəm qələbələr, nailiyyətlər arzulayıram.

Rəşad BAXŞƏLİYEV,
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”