Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ən güclü partiya

14 Noyabr 2017
 

Müxalifətin siyasi təşkilatları YAP-ın 25 illik fəaliyyətini Azərbaycanın inkişaf və dövlətçilik tarixinin parlaq səhifəsi kimi qəbul edirlər

Azərbaycan Respublikasının ictimai-siyasi və sosial-iqtisadi həyatının ən aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası 25 illik yubileyini təntənəli şəkildə qeyd edir. 

Bu gün ölkəmizdə bir çox siyasi partiya mövcud olsa da, onların heç biri sosial bazasına, nüfuzuna və gücünə görə Yeni Azərbaycan Partiyası ilə müqayisə oluna bilməz. Hazırda Milli Məclisdə 72 deputatla təmsil olunan YAP daim sağlam, konstruktiv təkliflərlə çıxış edərək digər partiyalarla əməkdaşlığa, dialoqa önəm verir.
Azərbaycanın tale yüklü məsələləri ilə bağlı müzakirələrdə YAP-la əmakdaşlıq edən siyasi partiyaların Milli Məclisdəki təmsilçiləri də hakim partiyanın real gücünü etiraf edir və yubiley münasibətilə xoş sözlərini çatdırırlar.

 

Azərbaycanın siyasi həyatında mühüm rol oynayan partiya

 

Qüdrət HƏSƏNQULİYEV,
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri,
Milli Məclisin deputatı

- Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatında mühüm rol oynayan siyasi təşkilatdır, ölkənin hakim siyasi partiyasıdır. Müxalifət partiyasını təmsil etsəm də, yubiley ərəfəsində yalnız uğurlardan danışmaq ənənəsini nəzərə alaraq Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı önəmli saydığım məqamlara toxunacağam.

Azərbaycanda etnik separatizmin qarşısının alınması, silahlı müxalifətin sıradan çıxarılması, ölkədə sabitliyin, təhlükəsizliyin təmin edilməsi, atəşkəsə nail olunduqdan sonra Azərbaycanın enerji strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması, dövlət quruculuğu və ölkə iqtisadiyyatının yenidən qurulması istiqamətində mühüm addımların atılması Yeni Azərbaycan Partiyasının və bu partiyanın qurucu lideri Heydər Əliyevin müstəsna xidmətləridir.
Bu uğurların davamı kimi İlham Əliyevin liderliyi dönəmində neft müqavilələrinin müddətinin uzadılmasını və Bakı-Tbilisi-Qars dəmir yol xəttinin tikintisini qeyd etmək lazımdır.
Yeni Azərbaycan Partiyasının bütün üzvlərini yubiley münasibətilə təbrik edir, xalqımızın rifahı istiqamətində fəaliyyətlərində uğurlar arzu edirəm. Arzu edirəm ki, YAP xalqımızla birlikdə Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə də qısa zamanda nail olsun.

YAP ilə ümummilli məsələlərdə əməkdaşlıq edirik

 

Fazil MUSTAFA,
Böyük Quruluş Partiyasının sədri,
Milli Məclisin deputatı

- Yeni Azərbaycan Partiyası 1992-ci ildə qeydiyyatdan keçmiş bir partiyadır. Azərbaycanın siyasi sistemində aparıcı mövqe tutan bu partiyanın kadrları bu gün hakimiyyətdə təmsil olunur. Demək olar ki, Yeni Azərbaycan Partiyasının kursunu həyata keçirirlər. Uzun müddət hakimiyyətdə olmaq, hakim partiya rolunu oynamaq çox ağır bir məsuliyyət tələb edən məsələdir. Yeni Azərbaycan Partiyası öz kadr bazası ilə bunun öhdəsindən layiqincə gəlir.

Biz də müxalifət partiyası olaraq demokratik sistem daxilində bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyası ilə ümummilli məsələlərdə müəyyən əməkdaşlığa sahibik. Müəyyən məsələlərdə fərqli fikirlərimizi səsləndirsək də, amma elə dövlətçilik və ümummilli problemlər var ki, onların həlli üçün birlikdə ciddi əməkdaşlıq münasibətlərimiz mövcuddur.
Düşünürəm ki, Milli Məclisdə çoxpartiyalılıq dəyərlərinin təmin olunması Yeni Azərbaycan Partiyasının uğurudur. Ümid edirəm ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın siyasi mühitində demokratiyanın inkişafında öz faydalı rolunu oynayacaq. Yubiley münasibətilə partiyanın rəhbəri Prezident İlham Əliyevi, eyni zamanda partiyanın qurulmasında xidməti olan hər kəsi təbrik edirəm.

 

YAP-ın gördüyü işlər təqdirəlayiqdir

 

Fəzail İBRAHİMLİ,
Vətəndaş Həmrəyliyi Partiyasının üzvü,
Milli Məclisin deputatı

- Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin, millətinin idarəçiliyini həyata keçirən hakim bir partiyadır. Zaman baxımından qısa, amma əslində, ictimai-siyasi proseslər baxımından mürəkkəb və uzunmüddətli yola bənzər bir həyat keçirib. 

Partiyanın yaradılmasının tarixi şəraitinə nəzər salsaq görərik ki, həmin dönəmdə Azərbaycanın taleyi kifayət qədər qara buludlarla örtülmüş bir vəziyyətdə idi. Həmin vaxt ölkədə 3 ciddi problem mövcud idi. Ölkə daxilində siyasi çəkişmələr, böhran yaşanırdı. Xaricdən torpağımızın işğalı prosesi başlanmışdı. Bir çox ərazilərimiz işğal edilmişdi. Ümumiyyətlə, Azərbaycana qarşı Şimaldan, Cənubdan, Qərbdən mənfi baxışlar, iti “caynaqlar” uzanmışdı. Bütün cəhdlərdə də məqsəd o idi ki, Azərbaycanda vətəndaş müharibəsi olsun. Çünki Azərbaycan artıq o dövrdə müstəqil bir dövlət kimi fəaliyyət göstərirdi. Yenidən daxildə sarsıntılar yaratmaq, milləti üz-üzə qoymaq, vətəndaş müharibəsi törətmək və beləliklə də Azərbaycanın müstəqilliyinə zərbə vurmaq, hansısa bir dövlətin təsiri altında fəaliyyətini təmin etmək məqsədi güdülürdü.
Şükürlər olsun ki, xalqımız çox müdrik xalqdır, vətəndaş müharibəsinə getmədi. Belə bir dövrdə xalq ümid yerini Heydər Əliyevə bağladı və millətin təkidli tələbi ilə dahi şəxsiyyət yenidən hakimiyyətə qayıtdı. Hakimiyyətə qayıdışında ölkə xaos vəziyyətində, vətəndaş müharibəsi ərəfəsində idi. Bütün bunların hamısını Heydər Əliyev çox uğurla ötürə bildi.
Xalqın birliyi təmin edildi. O dövrün ən böyük problemlərindən biri ordumuzun kifayət qədər zəif olması idi. Arxamızda heç bir qüvvə dayanmırdı. Yeganə söykənəcəyimiz yer xalqın iradəsi idi. Heydər Əliyev ayrı-ayrı silahlı qüvvələri ləğv etdi, ordunun qurulmasına ciddi fikir verdi, dövlətlərlə, qonşularla münasibətləri qaydasına saldı. Ən əsası isə “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Məhz bu müqavilənin bəhrələri bu gün Azərbaycanın simasının dəyişməsinə rəvac verdi.
Cənab İlham Əliyev dönəmində isə Azərbaycanın inkişafı göz qabağındadır. Azərbaycan bu gün regionun lider dövlətinə çevrilib, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub, bayrağımız dünyanın ən mötəbər tədbirlərində, beynəlxalq qurumlarda dalğalanır. Bütün bunların hamısını sistem altına alsaq, belə bir fikir söyləyə bilərik ki, YAP-ın yaradılması və partiyanın keçən dövr ərzində gördüyü işlər təqdirəlayiqdir. Bu gün partiyada kifayət qədər monolitlik və vahid rəhbərlik var. Ölkəmizdə isə sabitlik mövcuddur.
Bu dövlətin ən böyük uğurlarından biri ölkədə hökm sürən siyasi sabitlikdir. Yaxın Şərqə baxmalıyıq. Qan içərisində can verən insanlara baxmalıyıq. Qonşu dövlətlərlə müqayisə aparmalıyıq. Buna görə də ölkəmizdəki bugünkü sabitliyi yüksək qiymətləndirməliyik. Bu sabitliyin də səbəbkarı Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevdir.
Yeni Azərbaycan Partiyasına uğurlar və onun rəhbərliyinə isə can sağlığı arzulayıram.

 

Prezident İlham Əliyevin siyasətinin uğurlu nəticəsi göz önündədir

 

Fərəc QULİYEV,
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri,
Milli Məclisin deputatı

- Bir siyasi partiya olaraq böyük yol qət edən Yeni Azərbaycan Partiyası 25 illik yubileyini qeyd edir. 

Hər bir ölkədə çoxpartiyalılıq demokratiyanın inkişafında və ölkənin rəngarəngliyində mühüm rol oynayır. Ona görə də bu sistemin mövcudluğu çox vacib şərtlərdən biridir. Ölkədə təbii ki, siyasi partiyalar arasında rəqabət mühiti formalaşmalıdır. Burada müxalifət və iqtidar partiyalarının öz yeri var. Çünki hər kəs öz siyasətini platforma şəklində təqdim edir. Əlbəttə ki, ölkədə siyasi mübarizələrin sivil qaydalarla aparılması çox önəmlidir.
Biz parlament partiyasıyıq və iqtidar partiyası ilə çox normal münasibətlərimiz var. Ümumiyyətlə, biz konkret şəxslərə, partiyalara qarşı yox, ölkəmizin milli maraqlarına zidd olan fikirlərə, ideyalara qarşı müxalifətçilik edirik.
YAP-ın fəaliyyəti, onun rəhbəri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticəsi göz önündədir. Biz sağlam rəqabətlə düşmənçilik deyil, yaxşı münasibət qururuq. Bütün partiyalarla, o cümlədən Yeni Azərbaycan Partiyası ilə də münasibətlərimiz davam edir. 25 illik yubileyini qeyd edən Yeni Azərbaycan Partiyasına bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram.

 

YAP-ın siyasi təşkilat kimi Azərbaycanda tayı-bərabəri yoxdur

 

Tahir KƏRİMLİ,
Vəhdət Partiyasının sədri,
Milli Məclisin deputatı

- Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Əsl həqiqət müqayisədə üzə çıxır və elə bu həqiqət işığında da tarixin hər səhifəsinə, keçmişin və bugünün gerçəkliklərinə doğru-dürüst qiymət vermək imkanı yaranır. Çətin və keşməkeşli, fəqət şərəfli müstəqillik tariximizin son 25 ildəki uğur salnaməsinin müəllifinə çevrilmiş Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi əldə etdiyi uğurlar göz önündədir. 

Hesab edirəm ki, bu gün Yeni Azərbaycan Partiyasının siyasi təşkilat kimi Azərbaycanda tayı-bərabəri yoxdur. Onun beynəlxalq nüfuzunu da müşahidə edirik. YAP qarşıya qoyulmuş məsuliyyətli işin öhdəsindən uğurla gəlir. Ancaq etiraf etməliyik ki, bu partiya keşməkeşli yollar keçib. Buna baxmayaraq, partiya kimi özünü tamamilə doğruldub. Yeni Azərbaycan Partiyasının ölkədə hakimiyyəti müddətində Azərbaycan bütün sahələr üzrə bir sıra böyük nailiyyətlərə imza atıb. İqtisadiyyatımız yüksəlib, ordumuz güclənib, ölkəyə yüz milyardlarla pul vəsaiti daxil olub.
YAP 25 illik yubileyini güclü, mütəşəkkil, cəmiyyətdə böyük nüfuza malik partiya kimi qeyd edir. Bunu şərtləndirən başlıca amillərdən biri də ötən 25 ildə partiyanın əldə etdiyi böyük nailiyyətlərdir. Yubileyini qeyd edən YAP-ın sədri Prezident İlham Əliyev praqmatik lider kimi ötən 14 ildə Azərbaycanın regionda güclü və qüdrətli dövlətə çevrilməsini təmin edib.
Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə cənab Prezident İlham Əliyev başda olmaqla partiyanın yaranmasında xidməti olmuş şəxsləri və onun üzvlərini təbrik edirəm.

 

YAP çox çətin və şərəfli yol keçib

 

Araz ƏLİZADƏ,
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri,
Milli Məclisin deputatı

- 1992-ci ildə Yeni Azərbaycan Partiyası yarananda ölkəmizdə çox acınacaqlı vəziyyət mövcud idi. Demək olar ki, Azərbaycan uçuruma gedirdi. Həmin zaman bir qrup Azərbaycan ziyalısı umummilli lider Heydər Əliyevə müraciət edərək siyasi hakimiyyətə gəlməsini və partiyaya rəhbərlik etməsini xahiş etdi. Heydər Əliyev müdrik insan olduğu üçün buna razı oldu və Azərbaycanı xilas etdi.

Bu illər ərzində YAP çox çətin və şərəfli yol keçib. Bu partiyanın böyük uğurları var. Ümid edirəm ki, gələcəkdə də partiyanın müvəffəqiyyətləri davam edəcək.
Ümummilli lider Heydər Əliyevdən sonra partiyaya onun layiqli davamçısı cənab İlham Əliyev rəhbərlik etməyə başladı. Yeni Azərbaycan Partiyası daha da gücləndi və sıralarına minlərlə istedadlı gənclər cəlb olundu. YAP-ın ən böyük müsbət xüsusiyyətlərindən biri odur ki, partiyanın sıralarında böyük gənclər ordusu var. Gənclər isə Azərbaycanın gələcəyidir. Ona görə də YAP gələcəyə yönəlik bir siyasi təşkilatdır.
Ümumiyyətlə, partiyaya rəhbərlik edən Azərbaycan Prezidenti bu müddət ərzində çox işlər gördü. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın YAP sədrinin müavini seçilməsi isə partiya və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, YAP-ın və dövlətin daha da gücləndirilməsi istiqamətində mötəbər hadisə oldu. Bu seçimlə YAP bir qədər də qüdrətləndi, çevikliyi, dinamikliyi artdı.
Bu gün isə YAP 25 illik yubileyini qeyd edir. Gələcəyə yönəlik bir siyasi partiyaya məharətlə rəhbərlik edən cənab İlham Əliyevin 14 ildə gördüyü işlər sayəsində Azərbaycan dünyada söz sahibinə çevrilib.
Ölkəni inamla xoşbəxt gələcəyə aparan Prezident İlham Əliyevi və digər partiya üzvlərini yubiley münasibətilə təbrik edirəm və gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Rəşad BAXŞƏLİYEV,
Elçin CƏFƏROV,
“Azərbaycan”