Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət büdcəsi inkişafın davamlılığını təmin edəcək

14 Noyabr 2017
 

Milli Məclisin komitələri gələn ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsini başa çatdırdı

 

Noyabrın 13-də Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman komitələrinin birgə iclasında “2018-ci ilin dövlət büdcəsi layihəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan sənədlər müzakirə edildi.
İclası açan Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirdi ki, büdcə zərfinə daxil olan məsələlər büdcə sistemi qanunvericiliyinə uyğun, mükəmməl şəkildə hazırlanıb. Növbəti ilin büdcə zərfi ilə bağlı müzakirələr göstərir ki, bu ali maliyyə sənədinə bütövlükdə cəmiyyətdə çox böyük maraq var. Çünki bu sənəd qarşıdakı növbəti 3 ilin inkişaf istiqamətlərini özündə əks etdirir.
Bahar Muradova dövlət büdcəsində insan kapitalına mühüm önəm verilməsini təqdirəlayiq hal kimi dəyərləndirərək onun gəlirlərinin və xərclərinin 2017-ci illə müqayisədə artırılmasının da mühüm məqam olduğunu bildirdi. Vitse-spiker qeyd etdi ki, sənəddə Azərbaycan iqtisadiyyatının 2016-2017-ci illər ərzindəki inkişaf perspektivləri və nəticələr, beynəlxalq miqyaslı risklər və bunların büdcə parametrlərinə mövcud təsirləri ətraflı araşdırılıb. Potensialın yerli tələblər nəzərə alınaraq ödənilməsi, rabitə, nəqliyyat strukturlarına, təhsil, səhiyyə, mədəniyyət sahəsinə ayırmalar büdcə zərfinin sosialyönümlü olduğunu aydın göstərir.

 

Xərclərin sosial və investisiyayönümlülüyü təmin edilib

 

İclasda ilk olaraq maliyyə nazirinin müavini Azər Bayramov 2018-ci il üçün dövlət büdcəsinin layihəsi barədə məlumat verdi. Bildirdi ki, bu sənəd “Büdcə sistemi haqqında” qanuna və ölkəmizin milli iqtisadiyyatının başlıca sektorları üzrə Strateji Yol Xəritəsinə əsasən hazırlanıb, Layihədə həmçinin dünyada və Azərbaycan iqtisadiyyatında gözlənilən meyillərin təhlillərinə xüsusi diqqət ayrılıb.
Gələn ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 3 milyard 361 milyon manat çoxdur. Növbəti il üçün proqnozlaşdırılan ÜDM-in tərkibində büdcə gəlirlərinin xüsusi çəkisi cari illə müqayisədə 4,4 faiz-bənd artaraq 29 faiz təşkil edəcək. Dövlət büdcəsinin gəlirlərinin 9 milyard 31 milyon manatı və ya 44,9 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. 2018-ci ilin dövlət büdcəsinin xərcləri cari ilin təsdiq olunmuş büdcə xərcləri ilə müqayisədə 2 milyard 965 milyon manat və ya 16,5 faiz çox olmaqla mütləq ifadədə 20 milyard 906 milyon manat məbləğində proqnozlaşdırılır.

 

KİV-in inkişafına 4 milyon manat ayrılır

 

Nazir müavini qeyd edib ki, 2018-ci il üçün dövlət büdcəsi xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 36,6 faiz olacaq. Gələn il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinə 5 milyard 372 milyon manat vəsait nəzərdə tutulur. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 25,7 faiz təşkil edəcək.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərclərinin maliyyələşməsi üçün 304 milyon manat vəsait nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 22 milyon manat çoxdur. Həmin mənbədən mədəniyyət, incəsənət tədbirləri və Kütləvi İnformasiya Vasitələrinin maliyyə təminatı üçün 260 milyon manat vəsait yönəldiləcək. Bədən tərbiyəsi, idman tədbirlərinin və gənclər siyasətinin həyata keçirilməsi üçün 44 milyon manat vəsait proqnozlaşdırılır.
Bələdiyyələrə 5,2 milyon, qeyri dövlət təşkilatlarına 3,6 milyon, dini qurumlar və icmalara 3,4 milyon, siyasi partiyalara 2,5 milyon, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 4 milyon, Gənclər Fonduna 2 milyon, Elmin İnkişaf Fonduna 4 milyon, Bilik Fonduna 1 milyon manat vəsait nəzərdə tutulub.

 

33 rayon və şəhər xərclərini öz gəlirləri hesabına təmin edəcək

 

Bildirildi ki, gələn il üçün xarici ölkələrdəki mədəniyyət mərkəzlərinin saxlanması üçün 2,4 milyon manat, populyar xarici telekanallar vasitəsilə Azərbaycan turizminin inkişafı üçün 3,5 milyon manat vəsait nəzərdə tutulub. Sosial mənzillərin tikintisinə və ipoteka layihələrinin maliyyələşdirilməsinə 250 milyon, “ASAN xidmət”in göstərdiyi xidmətlərin dairəsinin genişləndirilməsi üçün isə 24,6 milyon manat vəsait nəzərdə tutulub.
Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə dövlət və icmal büdcələrdə bütövlükdə 487 milyon manat vəsait nəzərdə tutulub.
2018-ci ilin dövlət büdcəsinin gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 651 milyon manat proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 4 milyon manat çoxdur. Gələn il də rayon və şəhərlərin yerli xərcləri 424 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 3 milyon manat çoxdur. 2018-ci ildə xərclərini öz gəlirləri hesabına təmin edəcək 33 rayon və şəhər istisna olmaqla yerdə qalan hissənin yerli xərclərinin tənzimlənməsi üçün dövlət büdcəsindən mərkəzləşdirilmiş xərclər üçün ayrılan maliyyə yardımının yerli xərclərin tərkibində xüsusi çəkisi 10,1 faiz olacaq.

 

Gələn il ölkə iqtisadiyyatına 15,9 milyon manat investisiya qoyuluşu gözlənilir

 

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova isə qeyd etdi ki, Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet istiqamətlərə uyğun olaraq növbəti ilin xərclərinin sosial və investisiyayönümlülüyü təmin edilib, əhalinin rifah halının və sosial müdafiəsinin daha da gücləndirilməsi əsas məqsəd kimi qarşıya qoyulub.
Büdcə layihəsinin tərtibi zamanı İqtisadiyyat Nazirliyinin hazırladığı 2018-2021-ci illər üzrə makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən 2018-ci ildə ÜDM-in 1,5 faizlik, qeyri-neft ÜDM-in isə 2,9 faizlik artım sürəti əsas kimi qəbul edilib. Dövlət və icmal büdcələrinin gəlirlərinin hesablanması üçün 1 barel xam neftin satış qiyməti 45, növbəti illər üçün isə 40 dollar müəyyən edilib.
Onun sözlərinə görə, gələn il ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üzrə sistemli tədbirlər davam etdiriləcək. Gələn il Azərbaycanın turizm sektorunun 6,6 faiz, sonrakı 3 ildə isə 6 faizdən çox artacağı proqnozlaşdırılır. Artım İKT sektorunda da gözlənilir. İKT sektorunda gələn il 5,1 faiz, növbəti illərdə 6 faizdən çox artım nəzərdə tutulur. 2018-ci ildə ölkə iqtisadiyyatına 15,9 milyon manat həcmində investisiya qoyuluşu proqnozlaşdırılır.
Dövlət büdcəsi layihəsinin müəyyən edilmiş zaman çərçivəsində və qanunvericiliklə təsbit olunmuş tələblərə uyğun hazırlandığını vurğulayan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə layihə ilə bağlı palatanın hazırladığı ümumiləşdirilmiş nəticələri və tövsiyələri diqqətə çatdırdı. Bildirdi ki, növbəti il üçün dövlət büdcəsinin xərclərinin təhlili Prezident İlham Əliyev tərəfindən sosial sahədə müəyyən edilmiş tapşırıqların icrasını təmin etmək üçün etibarlı maliyyə təminatı yaradacaq.

 

Sosialyönümlü siyasətin göstəricisi

 

Dövlət qurumlarının nümayəndələrinin təqdimatından sonra iclasda müzakirələr başlandı. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bir neçə təkliflə çıxış etdi. Cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin yaradılmasının vacibliyini bildirən Ombudsman şəhid ailələrinə sığorta pulunun ödənilməsi ilə bağlı qaydaların təsdiqlənməsinin vacibliyini söylədi.
Gələn ilin dövlət büdcəsi layihəsinin kifayət qədər optimal hazırlandığını vurğulayan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov mədəniyyət sahəsinə ayrılan vəsaitin artırılmasının vacibliyini vurğuladı.
Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə qeyd etdi ki, 2018-ci ildə bələdiyyələrə 5,2 milyon manat vəsait ayrılacaq. Ancaq bunun bir hissəsinin subvensiya formasında ayrılması, yəni konkret layihələrin icrasına yönləndirilməsi daha yaxşı olardı. Gənclər və idman komitəsinin sədri Fuad Muradov isə regionlarda çoxfunksiyalı gənclər evlərinin sayının artırılması təklifi ilə çıxış etdi. Deputatlardan Fəttah Heydərov, Hikmət Məmmədov, Rauf Əliyev, Qüdrət Həsənquliyev, Jalə Əliyeva, Fazil Mustafa, Elmira Axundova, Tahir Kərimli, Mahir Abbaszadə çıxış edərək fikir və təkliflərini səsləndirdilər. Deputatlar əsasən Milli Məclisdə təmsil olunan siyasi partiyalara, qəzalı evlərdə yaşayan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, kütləvi informasiya vasitələrinə və mədəniyyət sahəsinə ayrılan vəsaitlərin artırılmasının vacibliyini vurğuladılar.
Sonra Azər Bayramov və Sevinc Həsənova deputatların fikir və təkliflərinə münasibət bildirdilər. Bununla da Milli Məclisin komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi başa çatdı. Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”