Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aqrar sektora göstərilən dəstək ixrac potensialını artırır

14 Noyabr 2017
 

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin böyük səs çoxluğu ilə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu dövrdən keçən 14 il ərzində ölkəmiz sosial, iqtisadi və siyasi sahələrdə böyük nailiyyətlərə imza atıb. Aparılan uğurlu siyasət nəticəsində iqtisadiyyatımız inkişaf edib, əhalinin sosial rifahı yüksəlib.

İqtisadi sahədə aparılan çoxsaylı islahatların əsas məqsədi ölkənin neft gəlirlərindən asılılığını aradan qaldırmaq və qeyri-neft sektorunu inkişaf etdirməkdir. İkincinin inkişafı o deməkdir ki, neft gəlirlərindən asılılıq olmayacaq, dünya bazarında neftin qiymətinin artıb-azalması ölkə iqtisadiyyatına mənfi təsir göstərməyəcək. Bu sahədə aparılan uğurlu islahatlar nəticəsində qeyri-neft sektorunda ildən-ilə məhsul istehsalı artır. Cari ilin 9 ayının göstəricilərinə əsasən qeyri-neft iqtisadiyyatında 2,5, qeyri-neft sənayesində 3,1, kənd təsərrüfatında 2,8 faiz artım qeydə alınıb. Bu da qeyri-neft sektorunda olan artımın bariz nümunəsidir.
Bu dövrdə 700 kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma 93 faiz səviyyəsinə çatıb, 100-ə yaxın məktəb tikilib, təmir edilib, 226 min yeni iş yeri yaradılıb ki, onlardan 171 mini daimidir. Ölkənin valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyarda çatıb. İnkişaf tempi Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 14 il ərzində müntəzəm olaraq davam edir. Nəticəsi isə ölkənin qazandığı böyük sosial-iqtisadi uğurlardır.
Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin əsas parametrlərindən biri də aqrar sektorun inkişafıdır. Bu sahənin inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində başlıca rol oynayır. Azərbaycan əhalisinin əksəriyyəti bu və ya digər dərəcədə aqrar sektorla bağlıdır. Deməli, aqrar sektorun inkişafı həm də əhalinin məşğulluğunun və sosial rifahının yaxşılaşmasında mühüm əhəmiyyət daşıyır.
Buna görə də son dövrlər aqrar sektorda mühüm iqtisadi islahatlar həyata keçirilir. Görülən tədbirlər nəticəsində kənd təsərrüfatının məhsul istehsalı göstəriciləri ildən-ilə yaxşılaşır. Fermerlərə güzəştli şərtlərlə gübrə, toxum, damazlıq heyvanlar və kənd təsərrüfatı texnikası verilir, istifadə etdikləri yanacaq və sürtkü yağlarına da subsidiyalar ödənilir. Bununla yanaşı, istehsal etdikləri məhsul xarici bazara ixrac edildikdə dövlət tərəfindən onlara əlavə hər kiloqrama görə 5 manat subsidiya verilir.

 

İri fermer təsərrüfatları və aqroparkların yaradılması ixrac imkanlarımızı artıracaq

 

Ölkəmizdə kənd təsərrüfatında kiçik və orta təsərrüfatlar üstünlük təşkil edir. Bununla yanaşı, iri fermer təsərrüfatları və aqroparkların yaradılması da diqqət mərkəzindədir. Çünki kiçik və orta müəssisələr torpaq sahələri az olduğu üçün, üstəlik, geniş maliyyə imkanlarının məhdudluğundan yeni texnika və texnologiyalardan istifadə edə bilmirlər. Belə təsərrüfatlarda məhsuldarlıq da aşağı olur. Odur ki, iri təsərrüfatların yaradılması zamanın tələbidir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kənd təsərrüfatında müasir texnologiyalar və innovasiyalara əsaslanan müəssisələrin əhəmiyyətini vurğulayaraq demişdir: “Aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir. Bu proses geniş vüsət almışdır. Bu günə qədər bizim təşəbbüsümüzlə və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılmışdır. İndi 38 böyük aqropark yaradılır. Özəl sektor bizim təşəbbüsümüzə çox məsuliyyətlə yanaşdı. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaqdır... Heyvandarlıq 2 faizdən çox artıb. Onu da deyim ki, yaradılan 38 aqroparkın içində, o cümlədən heyvandarlıq kompleksləri də var”.
Xatırladaq ki, Azərbaycanda 38 aqroparkın yaradılması istiqamətində qərar qəbul olunub. Bu aqroparklar ölkənin 19 rayonunu əhatə edəcək. Artıq Yalama və Şəmkir aqroparklarının yaradılmasına başlanılıb. Şəmkir aqroparkında birinci mərhələ başa çatmaq üzrədir. Yalamada isə tikintinin ilk mərhələsinə başlanılıb. Hər iki aqroparkda birinci mərhələ üzrə işlər ilin sonunadək yekunlaşacaq. Xızı aqroparkında isə müvafiq layihələndirmə işləri aparılır.
İndiyədək dövlətin iri aqrar və emal müəssisələri sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində 43 quşçuluq təsərrüfatı, 23 cins heyvandarlıq kompleksi, 8 süd və 6 ət emalı müəssisəsi, 39 intensiv bağçılıq və üzümçülük təsərrüfatı, 43 müasir istixana kompleksi, 6 meyvə-tərəvəz emalı müəssisəsi, 51 logistik mərkəz və 22 taxıl anbarı kompleksi yaradılıb. Onlar istehlak bazarının sabitləşməsində, ixrac potensialının artmasında, idxaldan asılılığın azalmasında, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində əhəmiyyətli rola malikdir.
Son dövrlər kənd təsərrüfatında ənənəvi sahələrin bərpası ilə bağlı mühüm işlər görülüb. Belə ki, pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq və digər sahələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahələrdə məhsul istehsalı emal sənayesinin inkişafına yeni impuls verəcək. Məsələn, baramaçılığın perspektivdə nəzərdə tutulan istehsal həcmi “Şəki İpək” Açıq Səhmdar Cəmiyyətinin imkanlarından yüksəkdir. Prezident İlham Əliyev bu barədə demişdir: “...”Şəki İpək”in fəaliyyəti bərpa edildi, tam bərpa edilməlidir, genişləndirilməlidir və 3 min ton yaş barama emal olunmalıdır. Bununla bərabər, biz gərək yeni ipək kombinatının yaradılması haqqında nəinki düşünək, artıq konkret addımlar ataq. Üç min ton emal gücündə olan yeni kombinatın yaradılması zəruridir. Müvafiq dövlət qurumları, Prezident Administrasiyası, nazirliklər, yerli icra orqanları baxsınlar, təklif versinlər. Mən hesab edirəm ki, dövlət bu sahədə öz dəstəyini göstərməlidir. Əlbəttə, çox yaxşı olar ki, özəl investorlar da bu işə qoşulsunlar. Xarici, yerli investorların marağı olarsa, dövlət də onlara dəstək verməyə hazırdır. Yəni heç bir problem olmayacaq, ondan sonra hazır məhsul istehsal etmək lazımdır”.
Pambıqçılığın inkişafı da bu sahədə məhsul istehsal edən müəssisələrin yaradılmasını tələb edir. Mingəçevir Texnologiyalar Parkında fəaliyyət göstərəcək müəssisələrin əsas işi kənd təsərrüfatı məhsullarını son məhsula çevirməkdir. Bu, çox vacibdir. Ona görə ki, dünya bazarında xam məhsul aşağı qiymətlə satılır və gəliri az olur. Pambıqdan və ya baramadan son məhsul daha çox gəlir gətirməklə yanaşı, həmin məhsullara olan tələbatın daxili mənbələr hesabına ödənilməsinə imkan verir. Digər tərəfdən, belə müəssisələr yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun təmin edilməsinə də imkan yaradacaq.
Kənd təsərrüfatı məhsulları mövsümi xarakter daşıyır. Məsələn, bir çox kənd təsərrüfatı məhsulları mövsüm ərzində daxili tələbatdan çox istehsal edildiyi üçün onun emalına ehtiyac duyulur. Çünki həmin məhsulu emal edib digər məhsula çevirməklə uzun müddət saxlamaq mümkün olur, həmçinin onun ixracı üçün də bir növ yol açılır.
Prezident İlham Əliyev ölkədə emal sənayesinin inkişafına xüsusi diqqət yetirir. Dövlət başçısı sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bir daha bu məsələyə toxunaraq demişdir ki, dövlət tərəfindən verilən güzəştli kreditlər əsasən kənd təsərrüfatına, emal sənayesinə ayrılır.
Prezident İlham Əliyev aqrar bölmədə ənənəvi sahələrin yenidən dirçəldilməsi və müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi barədə tapşırıq verib. Ötən qısa müddətdə həmin sahələrdə ciddi uğurların qazanılması dövlət başçısının apardığı düzgün siyasətin nəticəsidir.

 

Pambıqçılığın inkişafı həm iqtisadi, həm də sosial baxımdan sərfəlidir

 

Bu il martın 28-də Saatlıda pambıqçılığın inkişafı məsələlərinə həsr olunan müşavirə keçirildi. Həmin tədbirdə qeyd edildi ki, pambıqçılığın inkişafı ölkəmiz üçün prioritet sahə sayılır. Lakin məlum səbəblərdən bu sahədə müəyyən müddətdə geriləmə müşahidə olunub. Odur ki, mövcud geriliyi aradan qaldırmaq məqsədilə bu sahənin inkişafına yeni yanaşmanın tətbiq olunmasına qərar verildi. Bu məqsədlə dövlət fermerlərə pambıq əkinini genişləndirmək üçün əlavə güzəştlər tətbiq etdi. Yeri gəlmişkən qeyd edək ki, təkcə ötən il büdcə vəsaiti hesabına 1800 texnika, o cümlədən 94 pambıqyığan kombayn və 300-ə yaxın traktor alınıb. Bu il 3811 texnika, o cümlədən 209 pambıqyığan kombayn və 810 traktor sifariş verilib. Həmin texnikaların alınması üçün dövlət 150 milyon dollar vəsait xərcləyib.
Fermerlərə edilən güzəştlər artıq öz nəticəsini verir. Belə ki, ötən il 51 min hektardan 90 min tona yaxın pambıq götürüldü. Hədəf isə 2020-ci ildə bu rəqəmi 600 min tona çatdırmaqdır. Son 2-3 ilin rəqəmləri müqayisə edildikdə 2020-ci ildə qarşıya qoyulan hədəfə çatmaq real görünür.
Pambıqçılığın inkişafı həm də bölgələrdə sosial problemlərin həllinə yol açır. Belə ki, bu məhsulun yetişdirilməsinin stimullaşdırılması bir tərəfdən fermerlərə gəlirlərini artırmaq imkanı verir, digər tərəfdən əhalinin işlə təminatını yaxşılaşdırır. Təkcə cari ildə pambıqçılıqla bağlı 22 rayonda 200 min yeni iş yeri açılıb. Lakin bu, son rəqəm deyil. Əkin sahələri genişləndikcə daha çox işçi qüvvəsinin işə cəlb edilməsi lazım olacaq. Bu da 22 rayonda daha çox əhalinin məşğulluğunun təminatına zəmin yaradır.

 

Su təminatı aqrar sektorda məhsul istehsalını artırır

 

Azərbaycanda iri Kür və Araz çayları ilə yanaşı, ölkədaxili kiçik çaylardan istifadəyə də xüsusi fikir verilir. Mənbəyi Böyük Qafqaz dağlarından formalaşan çayların üzərində kiçik su anbarlarının yaradılması layihəsi uğurla həyata keçirilir. Həmin su anbarlarından əkinçiliklə yanaşı, içməli su kimi də istifadə olunur. Bundan əlavə, kiçik çaylar üzərində qurulan su elektrik stansiyaları bölgə əhalisinin elektrik enerjisinə olan tələbatını ödəyir. Dağ çayları olmayan yerlərdə isə əkinlərin suvarılması, həmçinin əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 şəhər və rayonda 458 yaşayış məntəqəsini əhatə edən sahədə 657 subartezian quyusu qazılıb. Hazırda bu istiqamətdə işlər davam edir.
Suyun əkin sahələrinə itkisiz çatdırılması vacib məsələdir. Bu işdə köhnə təsərrüfatdaxili suvarma və drenaj şəbəkələrinin bərpası mühüm əhəmiyyət kəsb edir. İndiyədək ölkənin 15 rayonunda 95 min hektara yaxın sahədə təsərrüfatdaxili suvarma və drenaj şəbəkələri bərpa olunub. Təkcə ötən il 10 min hektar sahədə yenidənqurma işləri aparılıb. Ümumilikdə isə ötən il görülən işlər sayəsində 65 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşıb, 16 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə daxil edilib.
Prezident İlham Əliyev martın 28-də Saatlı rayonunda keçirilən pambıqçılığın inkişafı məsələlərinə həsr olunan respublika müşavirəsində əkin sahələrinin suvarılmasının əhəmiyyətini vurğulayaraq demişdir: “Bu il görülmüş tədbirlər nəticəsində 150 min hektar suvarılmamış torpaqlara su çəkilişi təmin ediləcəkdir. Bu, hesab edirəm ki, tarixi nailiyyətdir. Bu il ərzində bu qədər torpaq sahəsini su ilə təmin etmək doğrudan da böyük nailiyyətdir. Bunu biz çox operativ şəkildə, qısa müddətdə həll etdik... Biz işləri davam etdirməliyik. Mənə artıq gələn il üçün təkliflər təqdim olundu. İlkin hesablamalara görə, gələn il biz təqribən əlavə 90 min hektara yaxın torpaqlara su çəkə bilərik. Bu istiqamətdə işlər artıq başlayır və mütləq bu, Dövlət İnvestisiya Proqramına salınmalıdır. Bizim hələ ki bölüşdürülməmiş ehtiyatlarımız var. Biz bu il də vəsait əlavə edə bilərik ki, gələn ilin əkin mövsümünə yeni torpaqlara su gətirək”.

 

Baramaçılığın dirçəldilməsi ipəkçiliyin və xalçaçılığın da inkişafına yol açır

 

İpəkçilikdə tənəzzülün qarşısını almaq, baramaçılıq rayonlarında əhalinin məşğulluğunu yaxşılaşdırmaq üçün Prezidentin 11 iyun 2001-ci il tarixli sərəncamı ilə “Şəki-İpək” ASC-yə maliyyə dəstəyi göstərilmişdir. Buna baxmayaraq, yeni iqtisadi şəraitə uyğunlaşa bilməyən baramaçılıqda yaş barama istehsalı 1992-ci ildən (5200 ton) etibarən azalmağa başlamış və 2015-ci ildə ölkədə cəmi 0,235 ton barama istehsal edilmişdir.
Kümçü təsərrüfatlarının bu sahəyə maddi marağını və xammalın istehsal həcmini artırmaq üçün baramanın əsas alıcısı olan “Şəki İpək” ASC yaş baramanın 1 kiloqramının alış qiymətini 2004-cü ildə 1,2 manatdan 2008-ci ildə 3 manatadək qaldırmışdır. Yaş baramanın alış qiymətinin hər kiloqram üçün 3 manat müəyyənləşdirilməsinə baxmayaraq, enerji daşıyıcılarının və s. qiymətlərinin bahalaşması, ən başlıcası isə barama ipəkqurdunun bəslənməsi üçün müvafiq yerlərin, həmçinin yem bazasının olmaması kənd əhalisinin barama yetişdirilməsinə marağını azaltmışdır.
İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2016-cı il tarixli sərəncamı baramaçılığın və ipəkçiliyin inkişafına əlavə stimul vermişdir. Dövlət başçısının “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və 16 noyabr 2016-cı il tarixli sərəncamları ilə Kənd Təsərrüfatı Nazirliyinə tut tinglərinin alınması üçün 600 min manat, barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə 163 min manat vəsait ayrılmışdır.
Barama istehsalında yem bazası tut yarpağıdır. O da bəllidir ki, köhnə bağların çox hissəsi məlum səbəbdən məhv edilib. Bunun üçün də yeni tut bağlarının salınması vacibdir. Odur ki, kütləvi şəkildə yeni tut bağları salınır. İki il bundan əvvəl təqribən 300 mindən bir qədər çox tut ağacı var idi. Son 2 il ərzində isə onların sayı 2 milyon 200 minə çatıb. Bütün tinglər dövlət tərəfindən xaricdən valyuta ilə alınıb. Qarşıdan gələn 4 il ərzində ölkədə 8 milyon tut ağacının əkilməsi nəzərdə tutulur. Beləliklə, əlavə 8 milyon ağac da əkiləcək ki, bu da 2025-ci ildə hədəf kimi götürülən 6 min ton barama istehsalına imkan verəcək.
Barama istehsalçılarının bu sahəyə olan marağının artırılması məqsədilə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmiş və Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli qərarı ilə barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə dövlət büdcəsi vəsaiti hesabına 5 manat həcmində subsidiya verilməsi müəyyən edilmişdir.
Hazırda bu gəlirli sahə ilə 3 min kümçü məşğul olur. Lakin bu, son hədd deyil. Daha böyük uğurların əldə edilməsi üçün qarşıda görüləsi işlər hələ çoxdur. Gələn il 500 ton baramanın tədarük edilməsi proqnozlaşdırılır. 2019-cu ildə isə həmin rəqəm daha yüksək səviyyəyə - 1000 tona çatdırıla bilər.
Baramaçılığın inkişafı, eyni zamanda ənənəvi sahə olan xalçaçılığın da inkişafına yeni təkan verəcək. Hazırda “Azərxalça”nın 13 rayonda fabriki var. Bu fabriklərin imkanlarından istifadə edib dünya bazarına ipək xalçalar çıxara bilərik. Belə məhsullara dünya bazarında böyük tələbat var, onlar yaxşı qiymətə satılır. Bu imkandan da səmərəli istifadə edərək əhalinin işlə təminatını, sosial rifahını yaxşılaşdırmaqla bərabər, ölkəmizə əlavə valyuta gətirə bilərik.

 

Fındıq ixracı daha çox valyuta gətirmək imkanına malikdir

 

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları arasında fındığın da böyük ixrac potensialı olduğunu dəfələrlə vurğulayıb. Dövlət başçısı Yevlaxdakı müşavirədə son illər aqrar sektorda məhsul ixracının dinamikasını göstərən rəqəmləri açıqlayaraq bildirmişdir: “...2017-ci ilin birinci rübündə ən böyük artım pambıq lifinin ixracında olmuşdur - 700 faizdən çox. Süd məhsullarının ixracı 260 faiz artmışdır. Meyvələr arasında ən böyük ixrac artımı almada olmuşdur - 144 faiz. Nar 125 faiz artmışdır. Bunlar çox yaxşı göstəricilərdir... 2016-cı ildə bizə ən çox valyuta gətirən məhsulları da qeyd etmək istəyirəm. Birinci yerdə fındıqdır - ölkəmizə 105 milyon valyuta gəlib. Fındıqçılığın inkişafı çox sürətlə gedir. Burada da səsləndi, biz 15 min hektar yeni fındıq bağları saldıq və bu iş sürətlə gedir”.
Göründüyü kimi, aqrar sektora göstərilən qayğı nəticəsində fındıqçılıq yenidən sürətlə inkişaf edir. Dövlət tərəfindən fındıq pöhrələrinin fermerlərə pulsuz verilməsi bu sahəyə marağı daha da artırıb. Bununla yanaşı, fındıq istehsalçılarına 10 milyon manat məbləğində güzəştli kreditlər verilib. Verilən hərtərəfli dəstək nəticəsiz qalmır. Hazırda ölkəmizdə 50 min hektardan çox fındıq bağı mövcuddur. Potensial daha böyük olduğundan 2016-cı ildən yeni bağların salınmasına start verilib. Bu proses indi də uğurla davam edir.
Fındıqçılığın inkişafında Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının xüsusi rolu var. Bu assosiasiya cari ilin ilk üç ayı ərzində 62 min fındıq ağacı yetişdirərək yeni tingçilik təcrübə stansiyası yaradıb.
Cari mövsümdə 60 min tonadək fındıq yığılması nəzərdə tutulur. İlkin proqnozlara görə, bu il ötən illə müqayisədə təqribən 50 faizlik artım əldə olunacaq. Yeni fındıq bağlarının salınması ildən-ilə bu rəqəmin artmasına imkan verəcək. Hazırda Azərbaycan dünyada dördüncü fındıq ixracatçısıdır. Əgər ölkəmizdə bu sahə sürətlə inkişaf edərsə, növbəti illərdə biz daha yüksək pilləyə qalxa bilərik.
Ötən il fındıq ixracından ölkəmiz 105 milyon dollar məbləğində gəlir əldə edib. Cari ilin birinci rübündə də 20 milyon dollarlıq fındıq ixrac olunub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur. Lakin bu, son hədd deyil.
Dövlət tərəfindən aqrar sektorda istehsal olunan məhsulların ixrac təşviqinin həyata keçirilməsi istiqamətində bir sıra işlər görülür. Belə tədbirlər o cümlədən fındıq ixracının da stimullaşdırılması üçün həyata keçirilir. Assosiasiya İqtisadiyyat Nazirliyi və AZPROMO ilə əməkdaşlıq edərək yeni dəstək mexanizmləri, xüsusilə ixrac təşviqi və “Made in Azerbaijan” brendinin tanıdılması istiqamətində mühüm tədbirlər reallaşdırır. Bunun sayəsində artıq bir çox ölkələrdə Azərbaycana məxsus “Ata-baba” fındıq sortu özünə müştərilər tapıb.

 

Tütünçülüyə qayğı qeyri-neft sektorunun inkişafını daha da sürətləndirəcək

 

Tütünçülük Azərbaycan üçün ənənəvi sahələrdən biridir. Sovet dönəmində bu məhsulun istehsalının pik dövrü 1978-ci ilə təsadüf edir. Həmin il tütünün əkin sahələrinin həcmi 18 min hektara çatmışdır. Amma 90-cı illərdən bu sahədə tənəzzül dövrü başlandı. Hətta yaxın 2014-cü ildə ölkə üzrə cəmi 1000 hektarda tütün əkilmişdir. Yalnız son illər dövlət tərəfindən bu sahənin inkişafına göstərilən qayğı nəticəsində tütünçülük də digər ənənəvi sahələr kimi dirçəlməyə başlayıb. Məsələn, 2015-ci ildə Şəkidə 600 hektarda tütün əkilmişdisə, hazırda bu rəqəm 843 hektara çatdırılıb. Zaqatalada əkin sahələri 460 hektardan 740, Qaxda 300 hektardan 600 hektara çatıb. Hazırda ölkə üzrə 3200 hektarda tütün əkilir. Bu gəlirli sahənin inkişafı 13 rayonda bərpa edilib. Prezident İlham Əliyevin 10 avqust 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın icrası isə tütün istehsalını daha yüksək səviyyəyə çatdırmağa imkan verəcək. Bu proqramın qəbul olunmasında məqsəd tütün və tütün məmulatlarına olan tələbatın ödənilməsi, tütün emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, xammal təminatının yaxşılaşdırılması, tütünçülük məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə tütünçülüyün inkişafını stimullaşdırmaqdır.
Göründüyü kimi, Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə müxtəlif sahələrin inkişafına həsr olunan respublika müşavirələri ümumilikdə ölkənin sosial-iqtisadi tərəqqisinə geniş imkanlar açır. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkənin ümumi inkişafına xidmət etməklə yanaşı, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafını təmin edir, ixrac potensialını artırır, son nəticədə isə əhalinin sosial rifahını yüksəldir.

Çayçılığın inkişafı bu sahədə ixracı artıracaq

Çay həmişə Azərbaycanın cənub bölgəsində - Lənkəranda, Masallıda, Astarada, qismən də Zaqatalada becərilirdi. SSRİ-nin çaya olan tələbatının 8-10 faizi qədəri Azərbaycanın payına düşürdü. Həmin dövrdə çay emalı ilə məşğul olan 10-dan çox çay fabrikinin ikisi Bakıda, qalanı isə cənub bölgəsində fəaliyyət göstərirdi.
Müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə ölkədə mövcud olan siyasi və iqtisadi böhran çayçılığın inkişafına da mənfi təsir göstərmişdi. 1990-cı ildən bu sahədə eniş başlanıb. Belə ki, 1990-cı ildə 30,7 ton çay istehsal olunduğu halda 1995-ci ildə bu rəqəm 9,41 tona enib. Statistik rəqəmlərdən görünür ki, çayçılıqda müsbət istiqamətə dönüş cüzi olsa da, 2014-cü ildən başlayıb. Bununla belə, çayçılıqdakı real vəziyyət göstərir ki, ötən il bu sahədə məhsuldarlıq 14,1 sentnerdən yuxarı olmayıb.
Azərbaycanda yerli çayın istehsalı 1980-ci ildən inkişaf etməyə başlayıb. 1988-ci ildə istehsal maksimuma çatıb. Həmin vaxt bu göstərici 34,5 min ton, çay sahələri isə 13,2 min hektar olub.
Sovet dönəmində Azərbaycanda fəaliyyət göstərən çay fabriklərindən hazırda 3-ü işləyir. Onların hamısı Lənkərandadır. Bunlar Lənkəranın Sütəmurdov qəsəbəsində yerləşən mini çay fabriki, Haftoni qəsəbəsindəki 5 saylı çay fabriki və “Sun Tea Çay Fabriki” MMC-dir. Qalan çay fabriklərinin bir qisminin avadanlıqları sıradan çıxıb, bir qisminin də təyinatı dəyişdirilib.
Dövlət başçısı İlham Əliyevin çayçılığın bərpası və inkişafı ilə bağlı qəbul etdiyi qərarların icrası bu müəssisələrin daha modern texnika və texnologiyalarla təchiz edilib fəaliyyət göstərəcəyinə əminlik yaradır. Çünki çayçılıq gəlirli sahədir.
Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 3-də Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələrinin istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində çayçılığın inkişafı ilə bağlı geniş müzakirə aparılıb. Həmin tədbirdə dövlət başçısı demişdir: “Hələ ki, min hektarda çay plantasiyaları əkilib. Bu, əlbəttə ki, əvvəlki dövrlə müqayisədə çox aşağıdır. Ancaq biz çay plantasiyalarını tədricən bərpa edəcəyik. Əsas vəzifələrdən biri də məhz bundan ibarətdir ki, yeni çay plantasiyaları salınmalıdır... İri çayçılıq və tingçilik təsərrüfatları yaradılmalıdır. Əlbəttə ki, xüsusi texnika gətirilməlidir. İndi bu texnika var, gətirilib”.
Həmin müşavirədə qeyd edildi ki, cari ildə ölkəmizə 12 min 600 ton çay idxal edilərək 45 milyon dollar vəsait sərf olunub. Keçən il isə 1100 ton çay ixrac edilib və ölkəmizə 6 milyon 100 min dollar məbləğində valyuta gəlib. Statistik rəqəmlərə nəzər yetirdikdə görürük ki, burada tarazlıq ölkəmizin xeyrinə deyildir, idxal ixracdan çoxdur. Bunu məhsul istehsalını çoxaltmaqla aradan qaldırmaq olar.
Elə bu məqsədlə də yeni çayçılıq təsərrüfatları yaradılır, qabaqcıl texnologiyalar tətbiq edilir. Hazırda çayçılığın problemlərindən biri suvarma suyu ilə təminatdır. Bir çox təsərrüfatlar sahələri vaxtında suvara bilmədikləri üçün ziyan çəkir. Bu da məhsuldarlığın aşağı düşməsinə təsir göstərir. Dövlət başçısı Lənkəranda keçirilən müşavirədə çayçılığın inkişafı üçün bu təsərrüfatların suvarma suyu ilə təmin edilməsi barədə də göstəriş verib. Təbii ki, bu problem də həll olunandan sonra əhali daha çox və keyfiyyətli Azərbaycan çayı ilə təmin olunacaq, ixrac artacaq.

 

Çəltikçilikdə yeni bir dövr başlayır

 

Azərbaycanda çəltikçiliyin XX əsrdə inkişaf dinamikası maraqlıdır. Ölkəmizdə çəltiyin əkilməsinin maksimum sahəsi 1928-ci ildə 50,1 min hektar olub.
Çəltik istehsalı ilə bağlı rekord nəticə 1940-cı ildə qeydə alınıb. Həmin ildə 48,5 min ton çəltik istehsal edilib. Sonradan əkin sahələrinin azalması ilə çəltik istehsalı da azalmağa başlayıb. 2016-cı ildə ölkədə 2500 hektar əkin sahəsindən 5,6 min ton çəltik istehsal edilib. Hektardan orta məhsuldarlıq 22,5 sentner olub. Cari ildə çəltiyin əkin sahəsi 5200 hektardır. Bu da son dövrlər dövlət tərəfindən bu sahəyə göstərilən qayğının nəticəsidir.
Çəltikçilikdə müəyyən problemlər də var. Belə ki, bölgələrə uyğun yüksək məhsuldar, quraqlığa, xəstəlik və zərərvericilərə qarşı davamlı sortların az olması, həmçinin xarici ölkələrdən gətirilən sortlara üstünlük verilməsi çəltikçilikdə məhsuldarlığın artmasına mane olur. Təəssüf ki, buna səbəb ata-babadan qalma yerli məhsuldar çəltik sortlarından “Ağ ənbərbu”, “Payız ənbərbu”, “Vilgəciri”, “Yetim”, “Qasımxani”, “Az ROS-637” və digərlərinin genetik fondlarının itirilməsidir. Dövlət başçısı Lənkəranda keçirilən müşavirədə çəltikçilikdə toxumçuluğun inkişafına diqqət yetirilməsinin vacib olduğunu bildirmişdir. Sözsüz ki, aidiyyəti dövlət qurumları Azərbaycan mühitinə uyğun daha məhsuldar sortların yetişdirilməsinə bundan sonra önəm verəcəklər.
Prezident İlham Əliyev tərəfindən imzalanan 12 sentyabr 2017-ci il tarixli “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamında deyilir: “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sitrus meyvələri, çay və çəltik istehsalçılarına zəruri kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların lizinq yolu ilə icarəyə verilməsini və ya satılmasını, onlara texniki servis xidməti göstərilməsini, habelə dövlət büdcəsi vəsaiti hesabına alınan pestisidlərin, mineral gübrələrin, tinglərin və toxumların güzəştli şərtlərlə satılması təmin edilsin.
Yerli və xarici çəltik sortlarının sınağının təşkilini, habelə seleksiya nailiyyətlərinin Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin dövlət reyestrinə daxil edilməsini təmin etsin”.
Dövlətin bu sahəyə olan diqqət və qayğısı sayəsində çəltikçilikdə yeni bir dövr başlanıb.
Hazırda dövlətin həyata keçirdiyi iqtisadi siyasətin hədəflərindən biri də ölkənin aqrar sektorunun çəkisini artırmaqdır. Görülən tədbirlər nəticəsində bu gün bir çox kənd təsərrüfatı məhsulları üzrə daxili tələbatımızı yüksək səviyyədə təmin edə bilirik. Ötən ilin yekunlarına görə, istehlak etdiyimiz mal ətinin 94, qoyun ətinin 99, süd və süd məhsullarının 88, yumurtanın 99 faizi ölkəmizdə istehsal olunur. Bundan başqa, yerli istehsal hesabına tələbatımızın kərə yağı üzrə 76, buğda üzrə 53, arpa üzrə 102, qarğıdalı üzrə 71 faizi ödənilir. Meyvə və giləmeyvədə isə bu rəqəm 122 faizə çatıb. Rəqəmlərdən aydın görünür ki, əsas hədəfə - idxaldan xilas olmağa elə də çox qalmayıb. Bu isə həm də ixrac potensialımızı artırmağa imkan verir.
Hazırda bu istiqamətdə ölkəmizdə pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, üzümçülük, çayçılıq və digər sahələr inkişaf etdirilir. Məsələn, ötən il ölkə üzrə 90 min ton pambıq istehsal olunduğu halda, bu il 200 min ton məhsul əldə edilməsi proqnozlaşdırılır. Barama istehsalında da uğurlu nəticələr var. Keçən il ölkə üzrə 70 ton yaş barama tədarük olunub. 2019-cu ildə isə yaş barama istehsalının 1300 tondan çox olacağı gözlənilir. Fındıq istehsalı da artır. Təkcə son illər onun əkin sahəsi 40 faiz artıb. Perspektiv hədəf 13 rayonda fındıq bağlarının sahəsini 80 min hektara çatdırmaqdır. Onu da qeyd edək ki, fındıqçılıq kənd təsərrüfatı məhsullarının ixracında ən mənfəətli sahədir. Ötən il bu məhsulun xarici bazarda satışından ölkəyə 105 milyon dollar vəsait daxil olub.

Rüstəm KAMAL,
“Azərbaycan”