Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gizli gələn şəkərli diabetlə aşkar mübarizə aparmaq lazımdır

14 Noyabr 2017
 

Şəkərli diabet xəstəliyi bu gün bəşəri bəlaya çevrilib. Sorağı ötən əsrin əvvəllərindən gələn bu xəstəliyin qarşısını almaq üçün kanadalı həkimlər Fredrik Bantinq və Çarlz Bestin 1921-ci ildə insulini kəşf etməklə dünyada şəkərli diabetin müalicəsində böyük dönüş yaratmışlar. Nəticədə insanların diabet komasından həyatlarını dəyişməsi kəskin surətdə azalmışdır. Odur ki, 1991-ci ildən başlayaraq Beynəlxalq Diabet Federasiyasının və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi qeyd olunur. Bu tarixi gün ölkəmizdə də hər il böyük rəğbətlə qeyd edilir.

Azərbaycanın iqtisadi qüdrəti artdıqca, ölkə vətəndaşlarının sosial şəraitinin yaxşılaşması və sağlamlığına diqqət ön plana keçir. Bu diqqətdən el arasında şəkərli diabet xəstəsi kimi tanınan insanlara da pay düşür. Hazırda Endokrinoloji Mərkəzdə respublika üzrə 243 min şəkərli diabetli xəstə qeydiyyatdadır. Onların 1553-ü uşaqdır. Mütəxəssislərin fikrincə, bu da ötən illə müqayisədə 12 faiz çoxdur. Xəstələrin 73 min nəfəri, o cümlədən 553 uşaq Bakı qeydiyyatındadır. Lakin qeydiyyatda olmayan xəstələr də var ki, onlar müxtəlif səbəblərdən mərkəzə müraciət etmir və ya xəstəliklərindən xəbərsizdirlər. Üç ildən artıqdır ki, Azərbaycan dövləti tərəfindən birinci tip şəkərli diabeti olan uşaqlara insulin pompaları qoyulur. Balacaların gündəlik insulin inyeksiyalarından azad olmasına səbəb olan bu amil, həm də onların sağlamlığına çox müsbət təsir göstərir.
Şəkər xəstəliyinə tutulan insanlar arasında piylənməni xüsusi qeyd etmək lazımdır. Bunun da əsas səbəblərindən birincisi kompüter qarşısında işləmək, hərəkətsiz həyat tərzi və pəhrizə qaydasınca əməl etməməkdir. Şəkərli diabet hazırda bütün dünyada ağır sosial-iqtisadi problem sayıldığı üçün xəstəliyə düçar olan şəxslər əsasən dövlət qayğısı ilə əhatə olunurlar. 2003-cü il dekabrın 23-də MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Milli Məclis tərəfindən “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun qəbul edilmişdir. Müstəqillik dövründə bu sahədə yeni bir mexanizmin əsası qoyulmuşdur. 2004-cü ilin 12 fevralında Prezident İlham Əliyev tərəfindən qanunun tətbiqinə dair xüsusi fərman imzalanmışdır. Bu sənəd şəkərli diabetə tutulmuş insanlarla bağlı məlumatları əks etdirən registrin yaranmasından tutmuş onların insulin, həblər və özünənəzarət vasitələri ilə dövlət hesabına təminatı, endokrinoloq-həkim və orta tibb heyətinin bacarıqlarının artırılması, ümumtəhsil məktəblərində xəstə uşaqların təhsilinin təşkilinə qədər çoxşaxəli istiqamətləri əhatə edir.
Respublika Endokrinoloji Mərkəzin həkim-endekrinoloqu, tibb üzrə fəlsəfə doktoru Nərmin İsmayılova söhbət əsnasında dedi:
- Ölkəmizdə 2005-ci ildən “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Dövlət Proqramı fəaliyyətdədir. 2006-cı ildə proqramın icrasına 6 milyon manat ayrılmışdısa, bu il həmin vəsait 12 milyon manat təşkil edir. Ekspertlər bu sahədə həyata keçirilən tədbirlərə əsasən proqramın kifayət qədər təkmil sənəd olduğunu bildirirlər. Bu gün şəkərli diabet xəstələrinin 95 faizdən çoxu şəkər ölçən aparatlarla, test çubuqları ilə təmin olunmuş, hər bir xəstəyə kifayət qədər insulin, şəkərsalıcı həblər verilmişdir. Xəstələrin müayinəsi də dövlət hesabınadır, onlar ildə iki dəfə həkimlərin nəzarətindən keçirlər. Əgər bir neçə il bundan əvvəl şəkərli diabet xəstələrinin dərmanla təchizatında problem var idisə, artıq bu gün problem Bakıda tamamilə aradan qaldırılıb.
Strukturuna görə şəkərli diabet iki tipə ayrılır: gənclərdə, yeniyetmə və uşaqlarda olan xəstəlik birinci tip diabet adlanır. Yəni, bu, insulindən asılı olan tipdir. Belə xəstələr ömrü boyu insulinlə müalicəyə möhtacdırlar. Şəkərli diabetin strukturunda bu tipin xüsusi çəkisi 10-15 faizdir. Yəni, 100 xəstədən 15-də birinci tip olur. 85 faiz isə ikinci tipə aiddir. İnsanlarda 40 yaşından sonra meydana çıxan şəkərli diabetin müalicəsində insulin tələb olunmur. Belə xəstələr yalnız pəhriz və şəkərsalıcı həblərlə müalicəsini davam etdirirlər.
Həkim Nərmin İsmayılova onu da bildirdi ki, ölkəmizdə son illər şəkərli diabetlə xəstə olan insanlar, xüsusilə, uşaqlar üçün mühüm işlər görülüb və bu proses ildən-ilə genişləndirilir. Hazırda Bakı, Şəki, Mingəçevir və Naxçıvanda endokrinoloji dispanserlər, Gəncə şəhərində poliklinika şöbəsi olan endrokrinoloji xəstəxana, həmçinin Bakıda respublika Endokrinoloji Mərkəz fəaliyyət göstərir. Qeyd edilən müəssisələrlə yanaşı, şəkərli diabetlə xəstə olanlara ambulator və stasionar yardım poliklinikaları, tibbi sanitariya hissələri, mərkəzi rayon xəstəxanalarının endokrinoloji kabinetləri və şöbələri tərəfindən də xidmət göstərilir. Şəkərli diabet xəstələrinə daha rahat şərait yaratmaq üçün ixtisaslaşdırılmış çarpayıların ümumi sayı ildən-ilə artırılır. Bakı, Sumqayıt, Şəki və Mingəçevirdə endokrinoloji xidməti olan tibb müəssisələrində xəstələr üçün özünənəzarət təlim məktəbləri yaradılıb. Respublika Endokrinoloji Mərkəzin həkimləri mütəmadi olaraq Azərbaycanın rayonlarında şəkərli diabetin erkən diaqnostikası, müalicəsi, fəsadlarının qarşısının alınması haqqında mühazirələr oxuyurlar.
Son illər bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Təhsil, səhiyyə, kimsəsiz uşaqların sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən sosial layihələr, eləcə də “Diabetli uşaqlara ən yüksək qayğı” ilə bağlı reallaşdırılan tədbirlər ictimai rəydə böyük rezonans doğurub və rəğbətlə qarşılanıb. Onu da qeyd edək ki, hazırda respublikamızda Heydər Əliyev Fondunun köməyi ilə diabetli xəstə uşaqların hamısı və xeyli sayda ikinci tip insulin tələbli şəxslər şpris-qələmlə təmin olunublar. Azərbaycan hökumətinin dəstəyi ilə respublikamızda şəkərli xəstələrə qayğını artırmaq məqsədilə bir sıra qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Azərbaycan Diabet Assosiasiyası Azərbaycan Diabet Liqası və digər təşkilatların xətti ilə hər il beynəlxalq elmi-praktik konfranslar keçirilir, xəstələrə yardımlar edilir. Təşkilat tibbi, hüquqi, sosial və humanitar kömək, fiziki və psixoloji yardım proqramları həyata keçirir. ADL-in əsas missiyası şəkərli diabet xəstələrinin həyati fəaliyyətini yüksəltmək, hüquqlarını müdafiə etmək və sağlamlığının mühafizəsində yaxından iştirak etməkdir. ADL bu istiqamətdə indiyədək yüzlərlə müxtəlif layihələr, tədbir və aksiyalar həyata keçirmişdir.
Bütün bunlara baxmayaraq, şəkərli diabet öz gizlin fəsadları ilə hər zaman qorxuludur, dövlətimizin diqqət və qayğısına, diabetoloqların səylərinə, etdikləri köməyə və müalicəyə baxmayaraq, tək təbabət bu xəstəliyə qalib gələ bilmir. Bunun üçün ilk növbədə xəstələrin özlərinin və ailə üzvlərinin fəal iştirakı çox vacibdir. Təcrübə göstərir ki, diabetin idarə olunmasında insanlara onun mahiyyəti, istifadə olunan dərmanların təsiri və pəhrizin səmərəliliyi barədə dəyərli məsləhətlərin verilməsinin çox böyük önəmi var. Gizli gələn şəkərli diabetlə aşkar mübarizə aparmaq hər kəsin vətəndaşlıq borcudur.

Rəhman SALMANLI,
“Azərbaycan”