Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“The Hill” qəzeti Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən yazıb

13 Noyabr 2017
ABŞ-da çıxan “The Hill” qəzetində amerikalı siyasi şərhçi, “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi” kitablarının müəllifi Raul Loueri Kontrerasın Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyəti barədə məqaləsi dərc olunub.

Müəllif yazır ki, Bakıda Şərq ilə Qərb arasında dəmir yolu xəttinin açılışı mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. O qeyd edir ki, BTQ-nin tikintisində ABŞ-ın maliyyə dəstəyinin olmadığına baxmayaraq, Birləşmiş Ştatlar bir neçə səbəbə görə layihənin reallaşmasının başlanmasına sevinməlidir. Əvvələn, bu layihə Çindən və digər Şərq ölkələrindən Avropaya malların daşınması üçün alternativ yaradır, bununla da Şərq ölkələrinin və Avropa qitəsinin bir tranzit marşrutundan asılılığını aradan qaldırır. İkincisi, BTQ Cənub Qaz Dəhlizi ilə təbii qaz nəqlinə əlavə olaraq, bəzi neft-kimya məhsullarının dəmir yolu ilə daşınmasına şərait yaradır. Üçüncüsü, yeni dəmir yolu Asiyadan və Asiyaya dəniz yolu ilə baha başa gələn daşımaları aradan qaldırır. BTQ ilə yükdaşımaları aviadaşımalardan iki dəfədən çox ucuz başa gəlir.

R.Kontreras diqqətə çatdırır ki, erməni lobbisinin Vaşinqtondakı konqresmenlərə təzyiqi altında ABŞ-ın layihəyə yardım göstərməsinin qarşısı alınıb. Erməni lobbisinin məntiqinə görə, layihə yoxsullaşmış Ermənistanın təcrid olunmasının müddətini uzadacaq, ona ağır iqtisadi ziyan vuracaq. Bu layihə “pulların havaya sovrulması” deməkdir, çünki sovet dövründən Ermənistanda mövcud olan dəmir yolu xətləri Azərbaycan ilə Türkiyə arasında tranzit üçün istifadə edilə bilər. Ekspert vurğulayır ki, 1992-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu işğal edəndən sonra Azərbaycan Ermənistanın dəmir yolundan istifadə etmək imkanından məhrum olub.

Sonra məqalədə BTQ üzrə sərnişin və yükdaşımalarının mümkün həcmləri barədə statistik informasiya gətirilir.

BTQ layihəsinin həyata keçirilməsinin iqtisadi faydası və əldə olunacaq tərəqqi nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin, habelə regionun hüdudlarından kənarda yaşayan milyonlarla insanın həyatı yaxşılaşacaq.

 

AZƏRTAC