Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Ölkəmizi tanıyaq”: tur-aksiya zamanı Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı qələbədən söhbət açılıb

13 Noyabr 2017
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə hərəkət edən 6 rayonun – Saatlı, Sabirabad, həmçinin məcburi köçkün rayonlardan olan Kəlbəcər, Laçın, Xocalı və Xocavənd məktəbliləri noyabrın 13-də Qəbələ ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət edən şagirdlər Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə və sənədlərə baxıblar. Məktəblilər ekskursiya zamanı ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın bölgələrinə, eləcə də ölkəmizin dilbər guşəsi olan Qəbələyə aid fotoşəkillərlə yaxından tanış olublar.

Şagirdlərin Qəbələ ilə tanışlığı zamanı növbəti ünvan “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi olub. Bölgənin ən çox turist qəbul edən bu obyekti ilə tanışlıq zamanı məlumat verilib ki, kompleksin 4 kanat xətti və 10 xizək yolu var. Dörd kanat xəttinin ümumilikdə uzunluğu 6 kilometr, 10 xizək yolunun isə 17 kilometrdir. Turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli tikilib, bütün dağ-xizək trası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib. İlin bütün fəsillərində gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb.

Həmçinin məlumat verilib ki, Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə turizm sahəsinin çox böyük payı var. İndi Qəbələdə bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Bu inkişafın konturları Strateji Yol Xəritəsində öz əksini tapıb. Qeyd edilib ki, indi Qəbələ rayonu həm turizm iqtisadiyyatı, multikulturalizm ənənələri, həm də tarixi məkanları ilə, eləcə də idman və mədəniyyət tədbirlərinin keçirildiyi mərkəz kimi tanınır. Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi son illər ölkəmiz üçün yeni idman növü olan xizəkçiliyin gənclər arasında yayılmasına səbəb olub. Kompleksin xizəkçilik mərkəzi həm turizmin inkişafı, həm də yeni dağ idman növlərinin geniş yayılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Şagirdlər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq, oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri seyr edib, xatirə şəkli çəkdiriblər.

Sonra Heydər Əliyev adına Konqres Mərkəzi ilə tanışlıq olub. Bildirilib ki, 1200 yerlik mərkəz üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir. Konfrans zalı qısa müddətə başqa məqsədlər - konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir.

Şagirdlər tarix-diyarşünaslıq muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.

Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban-Udi kilsəsinə gəliblər. Məlumat verilib ki, kilsə tarixi baxımdan qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Qəsəbədə üç kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udi yaşayır. Nic qəsəbəsində udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur.

Məktəblilər “Beltmann” piano fabrikində və Qəbələ konserv zavodunda istehsal prosesini də izləyiblər.

Tur-aksiya iştirakçıları Çuxur Qəbələ Tarix-Mədəniyyət Qoruğuna səfər edib, qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri, eləcə də Qəbələ Arxeoloji Mərkəzində nümayiş olunan maddi-mədəniyyət nümunələri ilə tanış olublar. Diqqətə çatdırılıb ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi var. Rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur.

Maarifləndirici tur-aksiyanın proqramı təkcə rayonun sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitməyib. Qrup rəhbərləri və müəllimlər şagirdlər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi üçün onlarla geniş söhbətlər də aparıblar. Şagirdlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən 1994-cü il mayın 12-dən qüvvədə olan atəşkəsə məhəl qoymayan Ermənistan silahlı qüvvələrinin mövqelərimizə daim atəş açması, dinc əhalini, yaşayış yerlərini gülləboran etməsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, düşmən növbəti dəfə təxribata əl ataraq 2016-cı il aprel ayının 2-də yenidən mövqelərimizə hücuma keçib, bir neçə dinc sakini qətlə yetirib. Azərbaycan Ordusu bu hücumun qarşısını almaq üçün əks-hücumla bir sıra məntəqələri və yüksəklikləri azad edib. Aprel müharibəsi bir daha sübut etdi ki, Azərbaycan əsgəri, xalqımız nəinki müharibəyə tam hazırdır, hətta onu qısa vaxtda qalibiyyətlə başa çatdırmaq imkanındadır.

Şagirdlər asudə vaxtlarında Qəbələnin müasir otelləri, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, bölgənin füsunkar təbiəti ilə tanış olub, ekskursiyadan məmnun qaldıqlarını bildiriblər.