Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

2018-ci il dövlət büdcəsi haqqında layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub

13 Noyabr 2017
Noyabrın 13-də Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub.

Həmçinin iclasda “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinə də baxılıb.

İclasda Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin mahiyyətindən danışıb. Bildirib ki, sənəddə qlobal iqtisadi meyillər nəzərə alınmaqla büdcənin göstəriciləri, parametrləri müəyyənləşdirilib. Burada Azərbaycan iqtisadiyyatının həm 2016-cı ilin, həm də 2017-ci ilin keçən ayları müddətindəki inkişaf istiqamətləri və nəticələri nəzərə alınıb. Eyni zamanda, həm beynəlxalq, həm də daxili miqyasda risklər, onların büdcə parametrlərinə mövcud və mümkün təsirləri də nəzərə alınıb. Regionların dayanıqlı inkişafı, tələbatların yerli potensial nəzərə alınmaqla ödənilməsi tələbləri, sosial, iqtisadi, rabitə, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dəstəyin büdcə paketində nəzərə alınması və prioritet istiqamət kimi göstərilməsi çox vacibdir. Artıq 33 rayon və şəhər xərclərini öz gəlirləri hesabına həyata keçirəcək. Bu da ötən müddət ərzində əldə olunmuş çox böyük nailiyyətdir. Biz qarşıya qoyulan hədəflərə daha sürətlə, daha çevik şəkildə nail oluruq.

Bahar Muradova qeyd edib ki, insan kapitalının inkişafına göstərilən diqqəti və bu sahənin prioritet istiqamət kimi nəzərdə tutulmasını vacib amil kimi vurğulamaq lazımdır. İnsanların məşğulluğunun təmin olunması, sosial müdafiəsinin təşkili, təhsilə, səhiyyəyə, mədəniyyətə, yaradıcı sahələrə diqqət 2018-ci il büdcəsində də öz əksini tapır. Həssas qruplara qayğı, xüsusilə ehtiyacı olan təbəqənin problemlərinin həlli ilə bağlı büdcə göstəricilərini nəzərə alsaq, vurğulamalıyıq ki, bu dəfə də Azərbaycan Respublikasının dövlət büdcəsi sosialyönümlü xarakterini saxlayır.

Milli Məclisin sədr müavini deyib ki, əsas hədəflərimiz büdcə paketinə daxil olan qanun layihələrində göstərildiyi kimi, makroiqtisadi sabitliyin qorunub saxlanması, dövlət büdcəsinin xərclərinin səmərəliliyinin artırılması və onun xüsusi fəaliyyət mexanizmlərinin meydana gəlməsi, iqtisadi tənzimləmə sahəsində mexanizmlərin təkmilləşdirilməsi, ən əsası yenə də səmərəliliyin, faydalılığın artırılmasına göstərilən diqqət, rəqabət mühitinin təkmilləşdirilməsi, ixrac potensialının artırılması, daxili bazarın qorunması, bir sözlə, Azərbaycan xalqının layiqli həyat səviyyəsinin təmin edilməsi, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin artırılması, təhlükəsizliyinin təmin olunması, bunun növbəti illərdə də prioritet istiqamət kimi götürülməsidir. Bütün bunlar Azərbaycan vətəndaşlarının rifahının təmin olunmasına, hüquq və azadlıqlarının qorunmasına dövlətimizin növbəti dəstəyi kimi dəyərləndirilməlidir.

Sonra çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, Azərbaycanın 33 rayon və şəhəri 2018-ci ildə xərclərini öz gəlirləri hesabına təmin edəcək. Bildirilib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 651 milyon manat proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 4 milyon manat çoxdur. Gələn il də rayon və şəhərlərin yerli xərclərinin 424 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 3 milyon manat çoxdur. 2018-ci ildə xərclərini öz gəlirləri hesabına təmin edəcək 33 rayon və şəhər istisna olmaqla yerdə qalan hissənin yerli xərclərinin tənzimlənməsi üçün dövlət büdcəsindən mərkəzləşdirilmiş xərclər üçün ayrılan maliyyə yardımının yerli xərclərin tərkibində xüsusi çəkisi 10,1 faiz olacaq.

Nazir müavini, həmçinin qeyd edib ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi xərcləri artırılır. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, o cümlədən onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət və icmal büdcədən, bütövlükdə 487 milyon manat nəzərdə tutulub. Bu, cari illə müqayisədə 49,5 faiz və ya 161 milyon manat çoxdur.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çıxışında bildirib ki, 2018-2021-ci illərdə Azərbaycanda qeyri-neft sənayesinin orta hesabla 7,3 faiz artacağı proqnozlaşdırılır. 2018-ci ildə aqrar sektor üzrə 6,2 faiz artım, növbəti 3 ildə isə bu sahədə orta hesabla 6 faiz artım nəzərdə tutulur. O, həmçinin qeyd edib ki, 2018-ci ildə ölkə iqtisadiyyatına 15,9 milyon manat həcmində investisiya qoyuluşu proqnozlaşdırılır. Bildirib ki, biznes mühitinin daha da yaxşılaşdırılması üzrə sistemli tədbirlər davam etdiriləcək.

İclasda iştirak edən deputatlar, rəsmi şəxslər büdcə layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.

Sonra büdcə zərfinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.