Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İraq-İran sərhədində güclü zəlzələ

13 Noyabr 2017
Srağagün axşam İraqla İranın sərhədində baş vermiş zəlzələ nəticəsində İranda azı 350 nəfər həlak olmuş, təxminən 4 min nəfər yaralanmışdır. Bu barədə İranın “Press TV” telekanalı xəbər verir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin gücü Rixter cədvəli ilə 7,2 bal təşkil etmişdir. Yeraltı təkanların episentri İranın Sarpoli-Zəhəb şəhərindən 32 kilometr şimalda və İraqın Süleymaniyyə şəhərindən 100 kilometr cənub-şərqdə olmuşdur. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə idi. Zəlzələdən sonra bir neçə saat ərzində 3,6-4,7 gücündə 10-dan çox təkrar təkan qeydə alınmışdır. Yeraltı təkanlar Türkiyə, Küveyt, İordaniya, Suriya, Livan, Səudiyyə Ərəbistanı, Qətər və Bəhreyndə də hiss olunmuşdur.

Təbii fəlakətin əsas zərbəsi İranın Kirmanşah və İlam əyalətlərinə dəymişdir. Məhz həmin əyalətlərdə daha çox tələfat və dağıntı qeydə alınmışdır. Zəlzələ İranın digər əyalətlərini – Xuzistan, Həmədan, Loristan, Zəncan və Qumu da vurmuşdur.

İran Prezidenti Həsən Ruhani təbii fəlakət qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq üçgünlük matəm elan etmişdir. O, zərərçəkənlərə zəruri yardım göstərilməsi barədə sərəncam vermişdir. İran Qırmızı Aypara Cəmiyyətinin yerli şöbəsi fəlakət zonasında axtarış-xilasetmə əməliyyatına başlamışdır.

Zəlzələ nəticəsində İraqda 7 nəfər həlak olmuşdur. Ölənlər Dərbəndixan, Qarmian və Süleymaniyyə şəhərlərinin sakinləridir. Xəstəxanalara 321 nəfər aparılmışdır. Onların əksəriyyətinin zədələri yüngüldür. İraqın daxili işlər naziri Qasım Hüseyn Ərəci mülki müdafiə hissələrində yüksək hazırlıq vəziyyəti elan etmişdir.

Zəlzələ baş verdikdən dərhal sonra Türkiyə təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün qonşu ölkələrə yardım əlini uzatmışdır. Türkiyəli xilasedicilər və həkimlər İraqın zərərçəkmiş bölgələrinə yola düşmüşlər. Həmçinin İraqa su, ərzaq, çadırlar və adyallar göndərilmişdir. Eyni zamanda Türkiyənin Xarici İşlər Nazirliyi İran hökumətini əmin etmişdir ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında istənilən vaxt kömək göstərməyə hazırdır.