Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Dillər Universitetinin rektoru CLS proqramının nümayəndələri ilə görüşüb

13 Noyabr 2017
Noyabrın 13-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ABŞ-ın “Critical Language Scholarship (CLS)” proqramının nümayəndələri ilə görüşüb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, rektor ABŞ-ın ölkəmizdəki səfirliyi ilə birgə proqramın həyata keçirilməsindən məmnunluğunu ifadə edib. O, proqram çərçivəsində tanış olan tələbələrin bundan sonra da əlaqələrini davam etdirəcəklərinə əminliyini bildirib. ADU-da həyata keçirilən layihələr barədə ətraflı məlumat verən K.Abdulla universitetdə iyirmiyədək ölkənin dil və mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb. Universitetin maraq dairəsinin gündən-günə genişləndiyini diqqətə çatdıran rektor deyib: “Biz növbəti tədris ilindən suaxili dilini də tədris proqramına daxil etmək niyyətindəyik. Çünki bütün regionları əhatə etmək istəyirik. Planlarımıza Afrika regionunun öyrənilməsi də daxildir”.

ADU-nun müəllimlərinin CLS proqramı çərçivəsində tələbələrlə görüşə biləcəklərini xatırladan rektor iştirakçıların Azərbaycan dilini öyrənmələrinin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, vaxtilə Qafqazın fransız dili adlandırılan Azərbaycan dili təkcə ölkəmizdə deyil, respublikamızdan kənarda da əhəmiyyətlini qoruyub saxlayır.

Proqram barədə ətraflı məlumat verən ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət məsələləri üzrə nümayəndəsi xanım Haydi Smit ADU-nu proqramın ən önəmli tərəfdaşlarından biri kimi xarakterizə edib. Göstərilən dəstəyə görə rektor K.Abdullaya təşəkkürünü bildirən qonaq qarşılıqlı anlaşma və dialoqun vacibliyindən söz açıb.

ABŞ-ın Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun proqram meneceri Karol Radomski qeyd edib ki, tələbələr fərqli dilləri öyrənmək niyyətindədirlər. Belə ki, proqram çərçivəsində təqdim olunan dillərdən biri də Azərbaycan dilidir.

Qeyd edək ki, ADU CLS proqramına 2009-cu ildən ev sahibliyi edir. Səkkizhəftəlik proqram çərçivəsində tələbələr intensiv öyrəndikləri dili mənimsəməklə dil və mədəniyyət nöqteyi-nəzərindən böyük nailiyyət qazanır və bu proqramdan qazandıqları kreditlərlə ABŞ universitetlərində təhsillərini davam etdirirlər. Proqram çərçivəsində amerikalı tələbələr Azərbaycan dilini öyrənməklə yanaşı, ölkəmizin mədəniyyəti, tarixi, milli dəyərləri və mətbəxi ilə yaxından tanış olurlar. CLS proqramı çərçivəsində təhsil alan amerikalı vətəndaşlar bakalavriat, magistratura və doktorantura/dissertantura təhsil səviyyələrindən proqrama qəbul edilir, başlanğıc, orta və yüksək dil səviyyələri üzrə ADU-da təhsil alırlar. ADU 2016-cı ildən CLS Azərbaycan dili proqramı ilə yanaşı, CLS türk dili proqramına da ev sahibliyi edir. 2009-2017-ci illərdə proqram çərçivəsində ADU-da 127 tələbə təhsil alıb.