Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“The Times Kuwait” qəzetində Azərbaycanın iqtisadi uğurları haqqında məqalə dərc olunub

13 Noyabr 2017
Küveytdə həftəlik ingilis dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik “The Times Kuwait” qəzetinin 12-18 noyabr tarixli buraxılışında “Azərbaycan son iqtisadi islahatlardan nəticələr əldə edir” sərlövhəli məqalə dərc edilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən məlumat verilib.

Məqalədə Azərbaycanın son illərdə uğurlu iqtisadi islahatların aparılması nəticəsində Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən bu il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə yüksəldiyi və öz reytinqini daha da yaxşılaşdırdığı bildirilib.

Strateji Yol xəritələrinin icrasına start verildikdən sonra Bakıda və Azərbaycanın digər böyük şəhərlərində böyük tikinti, infrastruktur layihələrinin həyata keçirildiyi və sənaye zonalarının yaradıldığı, ölkədə sənaye istehsalı və kənd təsərrüfatının inkişafı ilə yanaşı, sahibkarlığın inkişafının da əhəmiyyətli dərəcədə artdığı, investisiyanın təşviqi mexanizminin həyata keçirildiyi və 200-dən çox investisiyanın təşviqi ilə bağlı sənədlərin verildiyi, bu layihə çərçivəsində ölkəmizə özəl sektor tərəfindən 1,7 milyard manat həcmində investisiyalar qoyulacağı, habelə Azərbaycanda mövcud ictimai və siyasi sabitliyin, xalq və hökumət arasında birliyin yerli investisiyaların iqtisadi sahəyə cəlb edilməsinə təkan verdiyi, həmçinin ölkədə əlverişli investisiya mühitinin xarici və yerli investorların Azərbaycanın gələcəyinə inam və etimadını artıraraq, ilin ilk 9 ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə yatırıldığı və bunun çox hissəsinin xarici investisiyalar olduğu bildirilib.

Bununla yanaşı, doqquz ayda Azərbaycanın iqtisadi göstəricilərinin müsbət olduğu, son illərdə aparılan siyasət nəticəsində qeyri-neft sektorunun 2,5 faiz artdığı, bunun uğurlu islahatlarının göstəricisi olduğu, ölkə iqtisadiyyatının şaxələndirilməsinin uğurla həyata keçirildiyi, ilin əvvəlindən valyuta ehtiyatlarının 4,5 milyard dollar və xarici ticarət dövriyyəsinin 7 faiz artdığı qeyd olunub.

Həmçinin məqalədə Azərbaycanda qeyri-neft sektorunun sənaye hissəsinin də uğurla inkişaf etdiyi qeyd olunaraq, qeyri-neft sənayesinin 9 ayda 3,1 faiz artdığı, eyni zamanda, son illər kənd təsərrüfatında çox böyük inkişafın olduğu, bu sahəyə böyük investisiyalar qoyulduğu, kənd təsərrüfatının hərtərəfli inkişafının dövlət prioriteti olduğu və kənd təsərrüfatı sahəsinin 2,8 faiz artdığı, suvarılmayan və zəif suvarılan 150 min hektar torpaqların suvarılması üçün 2017-ci ilin əvvəlində yeni suvarma sistemlərinin qurulduğu oxucuların diqqətinə çatdırılıb.

Bundan əlavə, məqalədə bu il Azərbaycanda neft-qaz sektorunda çox əlamətdar hadisələrin baş verdiyi, xüsusilə, neft sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalandığı və bu yatağın ölkəyə daha böyük faydalar gətirəcəyi, habelə bir neçə qaz kəməri layihələri - Cənubi Qafqaz kəməri, “Şahdəniz-2” və TANAP layihələrinin uğurlu icrasının təmin edildiyi və yaxın zamanda başa çatdırılacağı bildirilib.

Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslərin iştirakı ilə açıldığı, bu yeni dəmir yolunun Avropa ilə Asiya arasında səmərəli iqtisadi və ticari əlaqələrin yaranmasına dəstək olacağı və bunun Azərbaycana daha çox iqtisadi mənfəət və fayda gətirəcəyi qeyd olunub.