Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Çevik Polis Alayı vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

13 Noyabr 2017
Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayı “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-in Əlahiddə Çevik Polis Alayından AZƏRTAC-a bildiriblər ki, müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 23-dək, boyu 180 santimetr və daha yuxarı, özü və yaxın qohumları məhkum olunmamış, tam orta, orta ixtisas və ali təhsilli, atletik bədən quruluşuna malik olan “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə” ilə müəyyən edilən şərtlərə cavab verən Bakıda və Sumqayıtda, eləcə də Abşeron rayonunda daimi qeydiyyatda olan kişi vətəndaşlar iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi ilə ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq.

İctimai asayişin qorunmasında iki il əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında, o cümlədən Əlahiddə Çevik Polis Alayında xidmətə qəbul zamanı üstünlük veriləcək.

Müsabiqəyə qatılmaq istəyən şəxslər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Əlavə məlumat almaq istəyənlər Əlahiddə Çevik Polis Alayının kadrlar şöbəsinə (012) 590-64-68 nömrəli telefonla müraciət edə bilərlər.