Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tur-aksiya: qədim Şəkinin tarixi məkanları məktəblilərin böyük marağına səbəb olub

13 Noyabr 2017
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları davam edir.

AZƏRTAC xəbər verir ki, tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu ilə hərəkət edən Biləsuvar, Hacıqabul, Kürdəmir, Ucar və Zərdab rayonlarının məktəblilərindən ibarət qruplar ekskursiyanın üçüncü günündə, noyabrın 13-də qədim Şəkinin tarixi məkanları ilə tanış olublar.

Tur-aksiya iştirakçılarını Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyətinin nümayəndələri mehribanlıqla qarşılayıblar.

Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə qısa məlumat verib. Bildirilib ki, 2700 ildən çox yaşı olan bu qədim diyar dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, həmçinin zəngin irsinin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Hər il bu şəhərdə beynəlxalq səviyyəli tədbirlər, festivallar keçirilir. Məlumat verilib ki, 2016-cı ildə TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Şəki şəhəri bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəlib.

Bildirilib ki, tarixən ipəkçilik diyarı kimi tanınan Şəkidə bu sahənin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı sayəsində hazırda Şəkidə ipəkçilik ənənələri yenidən bərpa olunur. Altı yüz nəfərdən çox işçinin çalışdığı “Şəki-İpək” ASC bu gün Azərbaycanda ipəkçilik sənayesinin inkişafına çox böyük töhfələr verir.

Səfər proqramına uyğun olaraq, tur-aksiya iştirakçıları şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Qoruğu əhatələyən əzəmətli qala divarları məktəblilərin böyük marağına səbəb olub. Məlumat verilib ki, qala divarlarının təxminən 1743-1755-ci illərdə tikildiyi ehtimal edilir.

Qoruğun ərazisində yerləşən, Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, bu saray XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsidir. Saray Azərbaycanda ilk xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə tikilib.

Bildirilib ki, şəbəkə sənəti Azərbaycanın bütün bölgələrində geniş yayılsa da, ən incə, zərif və gözəl şəbəkə məhz Şəki xanlarının sarayındadır. Sadə şəbəkənin bir kvadratmetrinə 5 min xırda detal düşdüyü halda, Xan sarayını bəzəyən pəncərə şəbəkələrinin hər kvadratmetrinə 10-14 min detal və rəngli şüşə düşür.

Məktəblilər sarayın önündə xatirə şəkilləri çəkdiriblər.

Sonra tur-aksiya iştirakçıları “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisini gəziblər. Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır. Buradakı qədim fayton məktəblilərin xüsusi marağına səbəb olub. Bildirilib ki, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanov 1920-ci ilin oktyabrında Yevlaxdan Şəkiyə məhz bu faytonla gəlib.

Məktəblilər, həmçinin qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbəd və Xalq Tətbiqi Sənəti Muzeyində də olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər.

İnşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər bu karvansarayda qalır, ticarətlə məşğul olurdular.

“Marxal” müalicə-istirahət kompleksində nahar fasiləsindən sonra tur-aksiya iştirakçıları Zaqatala rayonuna yola düşüblər.