Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İraqda zəlzələ qurbanlarının sayı 8 nəfərə çatıb

13 Noyabr 2017
Dünən gecə İran-İraq sərhədində baş vermiş zəlzələ nəticəsində İraqda həlak olanların sayı 8 nəfərə çatıb, azı 425 nəfər yaralanıb. Bundan əvvəl 6 nəfərin öldüyü, 100-ə yaxın insanın zərər çəkdiyi bildirilirdi.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, İraq Qırmızı Aypara təşkilatının məlumatına görə, təbii fəlakətdən ən çox kürd regional muxtariyyətinin Süleymaniyə vilayəti zərər çəkib. Xilasetmə dəstələri gecədən başlayaraq əhalinin təxliyəsi və yaralıların daşınması ilə məşğuldur. Zəlzələ evlərə və digər binalara xeyli ziyan vurub.

İraq Səhiyyə Nazirliyi, öz növbəsində, muxtar regionda 7 nəfərin həlak olduğunu və bütün ölkə ərazisi üzrə 535 nəfərin zərər çəkdiyini bildirib.

Xatırladaq ki, 7,2 bal gücündə yeraltı təkanlar Bağdaddan 204 kilometr şimal-şərqdə və İranın Kirmanşah şəhərindən104 kilometr qərbdə qeydə alınıb. Təbii fəlakətin ən güclü zərbəsi Kirmanşah vilayətinə dəyib. Burada həlak olanların sayı 328 nəfərə, yaralıların sayı isə 2,5 min nəfərə çatır. 70 mindən çox insan evsiz qalıb.

Yeraltı təkanlar, həmçinin regionun digər ölkələrində, o cümlədən Türkiyə, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və İsraildə də hiss olunub.