Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib

13 Noyabr 2017
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin və Ulu Öndərin banisi olduğu milli dövlətçiliyimizin təşəkkül tarixinin öyrənilməsi sərhədçilərimizin hərbi vətənpərvərlik tərbiyəsinin əsasını təşkil edir. Dövlət Sərhəd Xidmətinin (DSX) Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinin dəstəyi və təşkilatçılığı ilə bütün hərbi hissələrdə, xüsusilə də DSX Akademiyasında və Xüsusi Məktəbində Ulu Öndərin həyat salnaməsinin, təhlükəsizlik orqanlarında xidmət illərinin və siyasi fəaliyyətinin, sərhəd təhlükəsizliyi konsepsiyasının banisi kimi Azərbaycan Sərhəd Mühafizəsi tarixindəki müstəsna xidmətlərinin tədqiq edilməsinə, gənc nəslin Heydər Əliyev ideyalarına sadiqlik ruhunda tərbiyəsinə ciddi önəm verilir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Mərkəzinin və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən, 44 ali təhsil müəssisəsinin təmsil olunduğu “Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışında Dövlət Sərhəd Xidmətinin Akademiyası 35 xal toplayaraq birinci yerə yüksəlib.

Dahi öndər Heydər Əliyevin irsinin öyrənilməsi istiqamətində həyata keçirilən tədbirlərin səmərəliyinin mühüm göstəricisi olan bu qələbə xəbərini Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti böyük sevinc və qürur hissi ilə qarşılayıb.

Noyabrın 13-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bilik yarışının qaliblərini və onları hazırlamış müəllim heyəti ilə görüşüb.

General-polkovnik Elçin Quliyev kursantları və onların müəllimlərini qələbə münasibətilə təbrik edib, Azərbaycan Sərhəd Mühafizəsinin təşəkkülündə və formalaşmasında Heydər Əliyevin müstəsna rolunu xüsusi vurğulayıb. Xidmət rəisi 2014-cü ildən etibarən keçirilən bilik yarışında DSX Akademiyasının daim ilk beşlikdə yer tutmasını, ötən il ikinci, bu dəfə isə birinci pilləyə yüksəlməsini gənc sərhədçi nəslinin hərbi vətənpərvərlik və Heydər Əliyev ideyalarına sadiqlik ruhunda tərbiyəsi sahəsində qazanılmış ciddi uğur kimi qiymətləndirib.

“Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışında yüksək bilik və əzmkarlıq nümayiş etdirərək ən yüksək nəticə göstərmiş kursantlar və müəllimlər dövlət təltifləri və fəxri fərmanlar ilə mükafatlandırılıblar.