Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsində 22 santimetr artım qeydə alınıb

13 Noyabr 2017
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 140-160, Lənkəran-Astara bölgəsi çaylarında 60, Naxçıvan Muxtar Respublikası çaylarında isə 170 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, noyabrın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 205 kubmetr olmaqla ongünlük normanın 116 faizini təşkil edir. Ötən il isə bu rəqəm saniyədə 203 kubmetr təşkil edərək ongünlük normanın 115 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 51 kubmetr olmaqla ongünlük normanın 60 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici saniyədə 88 kubmetr təşkil edərək ongünlük normanın 103 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda 22, Salyanda 9, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 12 santimetr artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 (2016-cı il noyabrın 13-də 473 sm), Şirvanda 231, Salyanda 200 (2016-cı il noyabrın 13-də 370 sm), Bankədə 189 (2016-cı il noyabrın 13-də 253 sm), Araz çayının Novruzlu məntəqəsində isə 107 santimetr (2016-cı il noyabrın 13-də 183 sm) təşkil edir.