Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda adam oğurluğu ilə məşğul olan dəstənin üzvləri zərərsizləşdirilib

13 Noyabr 2017
Daxili işlər orqanları əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan adam oğurluğu cinayəti törətməkdə təqsirli bilinən cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, cari il noyabrın 8-də Bakı şəhər sakini Balabəy Məmmədov Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək Binəqədi rayonunda qardaşları ilə birlikdə olarkən borcu olduğu Rövşən Əmirxanlının Rasim və Orxan adlı şəxslərlə birlikdə onların qarşını kəsib zorla maşına oturdub hədə-qorxu gəldikdən sonra akademik Həsən Əliyev küçəsində qardaşı Rüfət Kəngərlini girov götürərək özləri ilə apardıqlarını bildirib.

Həmin şəxslər B.Məmmədovla əlaqə saxlayaraq qardaşının azad olunması müqabilində ilkin olaraq 1000 manat tələb ediblər. Pulu verməyəcəkləri təqdirdə isə qardaşını qətlə yetirəcəklərini bildiriblər.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən və əvvəllər dəfələrlə məhkum olunmuş Rasim Ramazanov, Rövşən Əmirxanlı və Orxan Ağalı saxlanılıb.

Dəstə üzvləri R.Kəngərlini oğurlayandan sonra onu səhərə qədər R.Ramazanovun Biləcəri qəsəbəsində kirayə yaşadığı evdə saxlayıblar.

Saxlanılan şəxslərdən R.Ramazanovun üzərinə baxış zamanı bir idman tapançası, gözyaşardıcı qaz balonu, iki bıçaq, 20 ədəd “Fenadiazepin”, 20 ədəd “Tramadol”, 9 ədəd “Contromal”, 2 ədəd “Gerica” psixotrop həbləri, eləcə də 2,031 qram heroin aşkarlanıb. Ayrıca olaraq R.Əmirxanlıdan da 2,931 qram heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.