Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İranda zəlzələ nəticəsində 70 mindən çox insan evsiz qalıb

13 Noyabr 2017
İranın Kirmanşah vilayətinin valisi Huşeng Bazvend zəlzələ nəticəsində ölənlərin sayının 300-ü keçdiyini bildirib.

Mətbuat nümayəndələrinə məlumat verən vali deyib ki, Prezident Həsən Ruhani onunla telefon əlaqəsi yaradaraq dağıntılar, ölənlər və yaralananlar barədə məlumat alıb. Vali Huşeng Bazvend Prezidentə bildirib ki, Kirmanşah vilayətinin Qəsri Şirin şəhəri digərlərinə nisbətən ən çox dağıntıya məruz qalan şəhərdir. Ölənlərin sayı məhz bu şəhərdə daha çoxdur.

Vali nəzərə çatdırıb ki, Prezident H.Ruhani vitse-prezident İshaq Cahangiriyə və Daxili İşlər Nazirliyinə təlimat verərək təcili tədbirlərin görülməsini tapşırıb.

Hazırda xilasedicilər dağıntılar altında qalan insanları xilas edirlər. Bu işə İranın polisi və könüllülər təşkilatı olan “Bəsic” də qoşulub. Kirmanşah xəstəxanası zəlzələ nəticəsində dağıldığından və elektrik enerjisi kəsildiyindən yaralılar qonşu şəhərlərin xəstəxanalarına çatdırılır. Əhali dağılmış evləri tərk edərək başqa şəhərlərə gedir.

İranın Qızıl Aypara Cəmiyyətindən verilən məlumata görə isə zəlzələ nəticəsində təxminən 70 mindən çox insan evsiz qalıb.

 

AZƏRTAC