Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ-ın “Halliburton” şirkətinin regional rəhbəri Bakı Ali Neft Məktəbində

13 Noyabr 2017
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ABŞ-ın “Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə rəhbəri Darel Lankaster ilə görüşüb. Görüşün əsas məqsədi tərəflər arasında gələcək əməkdaşlığın genişlənməsi ilə bağlı məsələlərin müzakirəsi olub. Şirkətin Azərbaycanda dövlət strukturları ilə iş üzrə meneceri Anar Əliyev də görüşdə iştirak edib.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, E.Qasımov rəhbərlik etdiyi ali məktəbin fəaliyyətinin əsas istiqamətləri barədə qonaqlara məlumat verib. Rektor cari tədris ilinin yaddaqalan olduğunu, BANM-in kampusunun Prezident İlham Əliyevin iştirakı ilə təntənəli açılışını, ilk məzunlara diplomların verilməsini, bu təhsil müəssisəsinin ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış tələbələrin və Prezident təqaüdçülərinin sayına görə rekord əldə etdiyini vurğulayıb. Qeyd edilib ki, məzunların əksəriyyəti artıq aparıcı transmilli şirkətlərə işə qəbul olunub. Həmin şirkətlər sırasında “Halliburton” şirkətinin də olduğunu diqqətə çatdıran rektor bu məhsuldar əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini bildirib. E.Qasımov tələbələrə karyerası və rəhbərlik təcrübəsindən danışmağı qonağa təklif edib.

D.Lankaster BANM-lə əməkdaşlığa şirkət tərəfindən böyük önəm verildiyini qeyd edib və bu ali məktəbin tələbələrinin təcrübə proqramı dövründə çox fəal olduqlarını, məzunlarının isə özlərini perspektivli gənc mütəxəssislər kimi təsdiqlədiklərini deyib. Bildirilib ki, BANM-in yetirmələri dərin bilikləri, yaxşı təcrübə keçmələri, işgüzar xüsusiyyətlər və işə məsuliyyətli yanaşmaları ilə çox fərqlənirlər. D.Lankaster, həmçinin şirkətin BANM-lə əlaqələrinin güclənməsində çox maraqlı olduğunu söyləyib.

Sonda qonaq BANM-in rəhbərliyinə neft-qaz sektorunda beynəlxalq tələblərə cavab verən yüksək ixtisaslı mühəndislərin yetişdirilməsinə görə təşəkkürünü bildirib, uğurlar arzulayıb.