Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müstəqil dövlətçiliyin hüquqi istinadgahı

12 Noyabr 2017
 

Azərbaycan Konstitusiyası mütərəqqi və demokratik dəyərlərə söykənir

 

Hüquqi nizamlama prosesi bəşər tarixində ilk qanunların qəbul edilməsindən etibarən cəmiyyət həyatının bütün sferalarında münasibətlərin tənzimlənməsində, sivil xarakter almasında və tərəqqisində ən əsas rolu oynamaqdadır.
Bu prosesdə yer alan qanunlar həm çox, həm də müxtəlifdir. Əlbəttə ki, hüquqi nizamlamada yer alan sənədlər arasında ən alisi dövlətin mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı sivil münasibətləri müəyyən edən Konstitusiyadır.
Elə buna görə də Konstitusiya hər bir sivil ölkənin əsas qanunu kimi ali hüquqi qüvvəyə malikdir. Bu ali sənəd dövlətin quruluşunun və təməlinin prinsiplərini, cəmiyyətin siyasi, hüquqi və iqtisadi əsaslarını təsbit etməklə, həm də vətəndaş hüquqlarını özündə əks etdirir, ölkənin inkişaf prioritetlərini müəyyən edir. Bu mənada həyatının hər bir sahəsində dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edən Konstitusiya özünün ali hüquqi xüsusiyyətləri ilə hər bir xalqın və dövlətin həyatında mühüm rola malikdir. Odur ki, Konstitusiyanın qəbul edildiyi gün hər bir ölkədə xüsusi qeyd edilir. Ölkəmizdə də belədir. Noyabrın 12-si müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının qəbul olunduğu gündür.
Məlumdur ki, respublikamızın Konstitusiyanın qəbul olunduğu tarixə doğru yolu heç də rahat olmayıb. Bu yol qanlı qadalı günlərdən, təhlükələrdən, o zaman kövrək olan müstəqilliyimizin yenidən itirilmək təhlükəsindən keçib. Yeni yaranan, müstəqilliyə qovuşan və ya köklü siyasi-iqtisadi dəyişikliklərin həyata keçirildiyi ölkələrdə ilk vəzifələrdən biri məhz Konstitusiyanın qəbuludur. 1991-ci il oktyabr ayının 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nda ölkəmizin yeni Konstitusiyasının hazırlanması ilə bağlı müddəa öz əksini tapmışdı. Lakin 1993-cü ilə qədər Azərbaycanda hakimiyyətdə olan iqtidarlar bu barədə nəinki düşündülər, hətta Konstitusiya Aktının digər müddəalarını tapdaladılar.
Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının qəbulu məsələsi gündəmə gəldi. Müstəqilliyin itirilməsi və vətəndaş qarşıdurması təhlükələrini böyük siyasi uzaqgörənliklə aradan qaldıran, siyasi-ictimai sabitliyi bərqərar edən ulu öndər müstəqil dövlətin yeni qanunvericilik bazasının formalaşdırılması məsələsini də diqqətdə saxlayırdı. İlk addım isə yeni Konstitusiyanın qəbul olunması idi. Digər tərəfdən, Heydər Əliyevin rəhbərliyi ilə başlanan islahatlar artıq Azərbaycanda qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyanın qəbulunu da gündəmə gətirmişdi. Bu isə yeni dövrün çağırış və tələblərinə cavab verən, müstəqil Azərbaycan dövlətinin və onun xalqının milli maraqlarını, ölkənin özünəməxsus xüsusiyyətlərini, milli-mənəvi dəyərləri unikal formada özündə əks etdirən hüquqi sənəd olmalı idi.
1994-cü ilin iyul ayında Milli Məclisin iclasında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiyanın fəaliyyətə başlaması qərara alındı. Heydər Əliyev dəfələrlə layihənin açıq müzakirəsini təşkil etdi. Bu ali sənədin müasir dəyərləri özündə ehtiva edən yetkin formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf edən ulu öndər layihənin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşmışdı.
Bütün bu müzakirələrin nəticəsi olaraq 1995-ci il noyabrın 12-də Azərbaycan vətəndaşları böyük ruh yüksəkliyi şəraitində ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyasını qəbul etdilər. Azərbaycanda belə bir yüksək səviyyəli Konstitusiyanın qəbul olunması təsadüfi olmayıb, çoxəsrlik dövlətçilik ənənələrinin, xalqımızın keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsi idi. Bununla, ölkəmizin və xalqımızın dövlətçilik tarixinə yeni bir şanlı səhifə yazıldı. Uzunmüddətli gərgin əməyin məhsulu olan bu Konstitusiya öz demokratikliyi, humanistliyi və dolğunluğu ilə seçilərək ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi və müstəqil dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratdı. Xalqımızın demokratik dövlət qurmaq və dünya birliyində layiqli yer tutmaq istəyini nümayiş etdirdi.
Əsas Qanunun qəbulundan bir il sonra - Konstitusiya günü münasibətilə Azərbaycan xalqını təbrikində ulu öndər Heydər Əliyev deyirdi: “Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”.
Hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi olaraq bəyan edilməsi kimi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən ideyaların Konstitusiyanın əsasında dayanması ölkəmizin bu ali sənədinin son dərəcə mütərəqqi olmasının əsas xüsusiyyətləridir. Əsas Qanun ənənəvi hüquqi dövlət ideyalarını özündə ehtiva etməklə yanaşı, bu ideyaların inkişaf meyillərini də nəzərə alıb, onları özünəməxsus milli dəyərlərlə və təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirib. Ümumilikdə isə Azərbaycan Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı məramı dayanır. Bu mənada təsadüfi deyil ki, insan şəxsiyyətinin toxunulmazlığı, onun həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmini, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Konstitusiya dövlətin ən ali hüquqi qüvvəyə malik qanunu olmaqla canlı orqanizm kimi, daim inkişafda olmalıdır. Bu baxımdan bu sənədə müəyyən vaxtlarda dəyişikliklərin olunması, müasir tələblərə uyğunlaşdırılması bütün dövlətlər üçün səciyyəvi haldır. Çünki normativ-hüquqi aktlardan, qanunlardan daha üstün hüquqi qüvvəyə malik olan, cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya xalqın və dövlətin inkişaf prioritetləri ilə yanaşı, cəmiyyətin zamanla uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri özündə əks etdirməli, insan və vətəndaş hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmalıdır.
Ölkəmizdə iki dəfə konstitusiya islahatı həyata keçirilib. İlk dəfə 2002-ci ildə Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac məhz bütün sahələrdə qabarıq nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” 22 iyun 2002-ci il tarixli fərmanına əsasən, 2002-ci il avqustun 24-də keçirilmiş referendumun nəticəsi kimi Konstitusiyaya obyektiv reallıqdan irəli gələn bir sıra mütərəqqi dəyişikliklər olundu. Bu addım demokratiyanın sürətli inkişafından irəli gəlməklə, məhkəmə islahatlarının həyata keçirilməsinə, Milli Məclisin fəaliyyətinin, seçki sisteminin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət etdi.
Ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar, sosial-iqtisadi islahatların dərinləşməsi, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi ilə əhatə olunması, Avratlantik məkana inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi, bütövlükdə respublikanın həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər və pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini gündəmə gətirdi. Sürətlə bir-birini əvəzləyən uğurlar Konstitusiyaya nəzər salmağı və daha da təkmilləşdirməyi zəruri etdi.
Bu məqsədlə 2009-cu il martın 18-də keçirilən referendum Azərbaycan xalqının demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan konstitusiya islahatlarını dəstəklədiyini təsdiq etdi. Yeni əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin bu sənəddə daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının liberallığı, demokratik səciyyə daşıması ilə seçildi. Respublikamızda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqi və siyasi islahatların da genişləndirilməsinə təminat yaradan konstitusiya islahatı həm də xalqın hakimiyyətə olan inamının bariz təcəssümü kimi diqqəti çəkdi. Bütövlükdə isə referenduma çıxarılan məsələlərin xalq tərəfindən dəstəklənməsi göstərdi ki, ölkəmizin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi inanılmaz nəticələrlə qürur duyan xalqımız daha təminatlı gələcəyə, yüksək maddi-sosial rifaha, davamlı demokratikləşməyə aparan mövcud siyasi kursa alternativ görmür.
Dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, ictimai münasibətlərin tənzimlənməsi və digər bu kimi məsələlərlə bağlı islahatların həyata keçirilməsi beynəlxalq təcrübədə qəbul olunan adi və zəruri praktikadır. Elə bu məqsəddən irəli gələrək 2016-cı ilin sentyabrında keçirilən referendumla Azərbaycan Konstitusiyasının 23 maddəsində dəyişiklik edildi, 6 maddə əlavə olundu. Bu dəyişiklik və əlavələr əsasən insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi, siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi kimi məsələləri əhatə edir. Xüsuilə qeyd etməliyik ki, 23 dəyişikliyin 16-sı, yəni, dörddən üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Elə bu faktın özü Konstitusiya islahatlarının mahiyyətini dəqiq ifadə edir.
Azərbaycan vətəndaşları referenduma kifayət qədər ciddi və məsuliyyətlə yanaşdılar, demokratik şəkildə öz fikirlərini ifadə etdilər. Nəticə etibarilə Konstitusiyaya dəyişikliklərlə əlaqədar referendumun nəticələri Azərbaycan xalqının öz Prezidentinə etimadının göstəricisi olmaqla yanaşı, həm də ölkəmizdə demokratiyanın təntənəsi kimi tarixə düşdü.
22 il öncə Azərbaycanda yüksək səviyyəli Konstitusiyanın qəbul olunması təsadüfi hal olmayıb, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin və keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsi idi. Elə buna görə də bu Konstitusiya ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək bugünün reallıqlarını, dövlətimizin və cəmiyyətimizin inkişaf perspektivlərini, xalqımızın sülhə, tərəqqiyə, bəşəriyyətin sivil inkişafına öz töhfəsini bəxş etmək əzmini və iradəsini özündə əks etdirir.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”