Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bir əsrdə iki milyard ton Azərbaycan nefti

12 Noyabr 2017
 

25 ildir ki, təbii sərvətimiz müstəqil ölkəmizin inkişafına xidmət edir

 

Noyabrın 8-də Azərbaycanda 2 milyard ton neft hasil edilməsinə həsr olunan təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev ölkəmizin ümumi inkişafında neftin əvəzedilməz rolundan danışmış, gələcəkdə də bu faktorun xüsusi əhəmiyyət daşıyacağını vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycanın hələ də zəngin neft-qaz ehtiyatı var və onun hasil edilməsində böyük təcrübəyə, üstəlik, bu sahədə inkişaf etmiş mükəmməl infrastruktur və avadanlıqlara sahibik.
Ümumiyyətlə, dünyada müxtəlif ölkələrin iqtisadi inkişafı müxtəlif əsaslara söykənir. Yəni, bu və ya digər ölkədə iqtisadi inkişafın lokomotivi kimi bir sahə əsas rol oynayır və digər sahələri özü ilə çəkib aparır. Azərbaycanda da iqtisadi inkişafın aparıcı sahəsi neft sənayesidir. Neft sənayesinin tarixi qədim olan Azərbaycanda bu sahəyə diqqət əsasən XIX əsrin sonu, XX əsrin əvvəllərində artmağa başlayıb. Bunun da əsas səbəbi dünyada neft məhsullarından istifadə edən maşın və mexanizmlərin meydana gəlməsi idi. Yenicə dirçəlməyə başlayan sənayeləşmə prosesində neftin xüsusi rolu var idi. Metallurgiya və neft sənayeləşmədə əsas rol oynayırdı. Ümumiyyətlə, sənayeləşmənin inkişafı bu iki amildən asılı idi. Buna görə də həmin dövrlərdə dünyada iqtisadi və siyasi cəhətdən güclü olan dövlətlərin arasında xammal mənbələri uğrunda ciddi mübarizə gedirdi. Amerikada, İngiltərədə, Almaniyada, Fransada Azərbaycan neftinə sahib çıxmaq üçün hər cür siyasi və diplomatik üsullara əl atılırdı.
Rusiya imperiyası dağıldıqdan sonra onun yerini tutan bolşeviklər də Bakı neftinə sahib olmaq üçün Azərbaycanda böyük qırğınlar törətdilər. Məqsəd Bakıda qarışıqlıq salmaqla müstəqil Azərbaycan dövlətinin təşəkkül tapmasına imkan verməyərək yenidən neftimizə sahib olmaq idi. Bolşevik Rusiyası ötən əsrin əvvəllərində bu istəyinə nail oldu. Nəticədə, Azərbaycan Sovet İttifaqının tərkibində 70 il yaşamağa məhkum edildi. Azərbaycanla və onun sərvətləri ilə bağlı həmin dövrdə bütün qərarlar Moskvada qəbul olunduğundan onlar heç də həmişə Azərbaycanın maraqlarına xidmət etmirdi.
Lakin ulu öndər Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə bu sahədə böyük dönüş oldu - neft Azərbaycanın da inkişafına xidmət etməyə başladı. Həmin dövrdə dünyada olan ən mütərəqqi texnika və texnologiyalar neft sənayemizdə istifadə edildi. Dənizdə neft hasilatı üçün dərin özüllərin Bakıda istehsalı isə müstəqillik dövründə “Əsrin müqaviləsi”nin ilkin işartısı oldu.
Çünki gələcək siyasi müstəqilliyi qorumağın ən doğru yolu iqtisadi müstəqillikdən keçirdi. Buna görə də 1993-cü ilin ortalarında siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanın iqtisadi müstəqilliyinin təmini üçün neft amilindən istifadə etmək barədə yenidən qərar verdi və bu məqsədlə onun rəhbərliyi ilə yeni neft strategiyası işlənib hazırlandı. Bu siyasət 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə nəticələndi. Müqavilənin imzalanması ölkəmizin siyasi müstəqilliyinin ən böyük qarantı idi. Çünki arxasında dünyanın qüdrətli dövlətləri dayanan transmilli neft şirkətləri ölkəmizə kapital qoymaq barədə razılığa gəlmişdi. Bu isə Azərbaycanın həmin dövlətlərdən birbaşa siyasi dəstək və zəmanət alması demək idi.
1997-ci ildə ölkəmiz “Əsrin müqaviləsi”ndən ilk dəfə gəlir əldə etməyə başlayanda həmin sərmayədən Azərbaycanın ümumi inkişafı üçün istifadə edildi. İlk növbədə bütün ölkə boyu müasir infrastruktur yaradıldı. Axı ölkənin hər hansı bir yerində fəaliyyət göstərəcək müəssisələr rahat yol, elektrik enerjisi, qaz və su təchizatı olmadan keçinə bilməzdi.
Reallaşan həmin infrastruktur layihələri ümumi inkişafımızı təmin etməklə bərabər, Azərbaycanın region və dünya üçün tranzit ölkə kimi əhəmiyyətini də artırdı. Bu yaxınlarda açılışı olmuş Bakı-Tbilisi-Qars dəmir yolu - Avropa ilə Asiyanı birləşdirən magistral xətt buna növbəti misaldır. Bu yolun çəkilməsində isə dövlət başçısının dediyi kimi, “Əsrin müqaviləsi”ndən əldə edilən neft gəliri əsas maliyyə mənbəyi oldu.
Prezident İlham Əliyev Azərbaycanda 2 milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə neft amilinin ölkəmizin ümumi inkişafındakı roluna toxunaraq demişdir: “Əsrin kontraktı”nın nəticələri sadəcə olaraq Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox geniş və çox böyük təsiri olub və bu gün də var. Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün bizim müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır”.
Neft sənayesinin inkişafı qeyri-neft sektorunun təşəkkül tapmasında da önəmli rol oynayır. Dövlət məhz neftdən gələn gəlirlər hesabına qeyri-neft sektorunun inkişafında birbaşa investor kimi çıxış edərək həmin sahənin inkişafına dəstək verir. İndiyədək güzəştli şərtlərlə sahibkarlara 2 milyon manat kredit verilib və bunun nəticəsində özəl sektor inkişaf edərək qeyri-neft məhsulları istehsalını xeyli artırıb. Qeyd edək ki, ixracatda qeyri-neft, xüsusilə də kənd təsərrüfatı məhsullarının satışı ildən-ilə artmaqdadır. Bütün bunların kökündə isə neftdən əldə edilən gəlirlər durur. Əgər həmin vəsait olmasaydı, qeyri-neft sektorunun inkişafı bu qədər tezliklə mümkün olmazdı. Prezident İlham Əliyev sözügedən tədbirdə bu barədə demişdir: “Biz bu gün haqlı olaraq qeyri-neft sektorundan danışırıq və bu sahədə böyük işlər görülür. Dayanıqlı inkişaf üçün qeyri-neft sektoru inkişaf etməlidir. Çünki bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir və bu sahədə böyük nailiyyətlər var. Mən dəfələrlə demişəm ki, prioritet istiqamət qeyri-neft sektorudur... Ancaq ölkə iqtisadiyyatı, ölkəmizin gələcək inkişafı üçün neft sənayesi, neft-qaz sektoru həmişə həlledici rol oynayacaq”.

Rüstəm KAMAL,
“Azərbaycan”