Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın güclənən mövqeyi sülh danışıqlarının təməlidir

12 Noyabr 2017
 

Hərbi və siyasi cəbhədə məğlub olan Ermənistan bütün sahələrdə tam iflasa uğrayıb

 

Dağlıq Qarabağ probleminin qanlı münaqişəyə qədəm qoymasının qara yubileyi ərəfəsindəyik. Bir neçə ay sonra problemin savaş fazasının 30-cu ildönümü tamam olur.
Münaqişənin davam etdiyi üç onilliyin cəmi 6 ili savaşın aktiv dövrünü, qalan 24 ili isə atəşkəsin qismən qorunduğu mərhələni əhatə edir. Amma bu 6 ilin elə faciəli fəsadları, müsibətləri var ki, onlar xalqımızın yaddaşında əsrlər boyu unudulmayacaq: ərazilərimizin 20 faizinin işğalı, 1 milyondan artıq həmvətənimizin qaçqın və məcburi köçkün düşməsi, Xocalı soyqırımı və bu silsilədə olan çoxsaylı amansız faktlar...

 

Danışıqları pozmağa yönələn siyasi imitasiya

 

Dağlıq Qarabağ münaqişənin sülh danışıqları yolu ilə həlli istiqamətində atılan siyasi addımlar beynəlxalq hüququn prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Lakin Minsk qrupu vasitəsilə aparılan sülh danışıqları 1994-cü ildəki atəşkəs razılaşmasından bəri nəticəsiz qalır. Bu təşkilatların müvafiq sənədlərində işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, Ermənistan buna məhəl qoymayaraq öz işğal siyasətini davam etdirir.
İki ölkə arasında danışıqlar ATƏT-in Minsk qrupu formatında aparılır. 1996-cı ilin dekabrında ATƏT-in Lissabon Sammitində münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı rəsmi bəyanat veriləndən sonra danışıqlar prosesi yeni mərhələyə qədəm qoyur. 1997-ci ilin yanvarın 1-də ATƏT-in Minsk qrupunda üçlü həmsədrlik formalaşdırılır və tərəflərə həmin ilin iyulunda “Paket həll” planı (Dağlıq Qarabağın statusu da daxil olmaqla, bütün məsələlərə eyni vaxtda razılıq verilməsi), sentyabrda isə “Mərhələli həll” planı (münaqişənin mərhələlərlə nizama salınması) təqdim olunur.
1998-ci ilin noyabrında irəli sürülən “Ümumi dövlət” təklifində isə Dağlıq Qarabağ və Azərbaycanın eyni statusu daşıyan “konfederasiya” tipli ümumi dövlətdə birləşməsi ehtiva olunur. Azərbaycan bu təklifin konstitusiyasına zidd olduğunu bildirərək onu rədd edir.
2004-cü ildən etibarən sülh müzakirələri “Praqa prosesi” çərçivəsində aparılmağa başlanır. İşğal edilmiş rayonların qaytarılmasından 10-15 il sonra Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyənləşməsini təklif edən bu variant əsasında danışıqlar üç il davam edir. Rəsmi Yerevanın siyasi imitasiyası ilə bu danışıqlar da nəticəsiz qalır.
2007-ci ilin noyabrında isə ATƏT-in Minsk qrupu tərəfindən “Madrid prinsipləri” irəli sürülür və bu prinsiplərə görə Ermənistan ilkin mərhələdə işğal etdiyi Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Laçının 13 kəndini azad etməli, regionda bütün kommunikasiyalar açılmalı, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçirilməli, regionda sülhməramlı müşahidəçilər yerləşdirilməli, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin edilməli, növbəti mərhələdə Laçın və Kəlbəcər tamamilə azad edilməli, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusu müəyyən edilməli idi. İşğalçı Ermənistan bununla da razılaşmır.
Dörd il sonra, yəni 2011-ci ildə Rusiyanın ozamankı prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə iki ölkə prezidentlərinin görüşü baş tutur. Bu zaman tərəflərə münaqişənin yeni həlli variantı - “Medvedyev variantı” təklif edilir. Ermənistanın yenə də etdiyi cığallıq bu variantı da “Praqa” və “Madrid” prinsipləri kimi keçərsiz təkliflər siyahısına salmış olur.
Prezidentlərin Bern, Vyana və Sankt-Peterburq görüşləri də nəticəsiz bitdi. Ermənistanın siyasi oyunbazlığı, gətirdiyi bəhanələr Azərbaycan Prezidentini hiddətləndirdi və dövlət başçısı bu görüşlərin imitasiya xarakteri daşıdığını bəyan edərək, onlara ümumiyyətlə, ehtiyacın olmadığını bildirdi.

 

İlham Əliyevin prinsipial mövqeyi dəyişməz qalır

 

Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti hələlik sülh danışıqlarına sadiqdir və bu istiqamətdə növbəti hadisə ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşkilatçılığı ilə keçirilən prezidentlərin Cenevrə görüşü oldu.
Bu, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti S.Sarkisyanın sayca 22-ci görüşü idi. Danışıqların, görüşlərin sayı artsa da, dəyişməyən yeganə məsələ Azərbaycanın qəti və hər dəfə daha da güclənən mövqeyidir. Bəli, sülh danışıqları prosesində Azərbaycanın mövqeyinin ana xəttini işğaldakı torpaqların azad olunması və ərazi bütövlüyünün bərpası təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan heç vaxt - nə bu gün, nə on ildən sonra, nə də yüz ildən sonra əzəli torpağımız olan Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək razılaşmaya getməyəcək. Azərbaycan öz tarixi torpağı olan, tarixən azərbaycanlıların yaşadığı Dağlıq Qarabağın müstəqilliyinə və burada ikinci erməni dövlətnin yaradılmasına heç vaxt imkan verməyəcək. Bu, Azərbaycan dövlətinin prinsipial və dəyişməz mövqeyidir.
İki il öncə İsveçrədə danışıqlar nəticəsiz bitərkən “mənasız, imitasiya naminə danışıqlar aparmayacağıq” bəyanatını verən Prezident İlham Əliyevin sərt üslubu Cenevrədə də dəyişmədi. Bütün görüşlərdə olduğu kimi, Cenevrədə də Azərbaycan Prezidentinin böyük zəhməti nəticəsində Dağlıq Qarabağ münaqişəsi dünya ictimaiyyətinə dondurulmuş münaqişə kimi qəbul etdirilə bilmədi. Prezident İlham Əliyev Ermənistan və onun havadarlarına bir daha sərt xəbərdarlıq etdi: münaqişə dondurulmayıb və hərbi əməliyyatlar başlasa onların sülh çağırışları artıq heç bir əhəmiyyət daşımayacaq. Hər hansı bir hərbi gərginlik yaranarsa, onun qarşısını heç bir vasitəçi dövlət ala bilməyəcək və Ermənistanı tam məğlubiyyətdən artıq heç kəs xilas etmək imkanında olmayacaq.
Cenevrə görüşü cəbhə xəttində hər an alovlana biləcək yeni gərginlik ovqatında keçirildi. Ötənilki hərbi qarşıdurmanın nisbətən səngiməsinə baxmayaraq, hələ də davam etməsi, həmçinin Ermənistanın qadağan olunmuş kimyəvi tərkibli silahlardan istifadəsi, mülki vətəndaşlarımızın qətlinə rəvac verən cinayətləri aprel hadisələrinin istənilən vaxt, özü də daha geniş miqyasda təkrarlanacağına zəmin yaradır. Minsk qrupunun fəaliyyətsizliyi və vasitəçi dövlətlərin işğalçıya sərt mövqe sərgiləməməsi nəticəsində uzanan nizamlama prosesini Azərbaycanın öz hərbi qüdrəti ilə yekunlaşdırmaq iqtidarında olması faktdır və bunu artıq beynəlxalq miqyasda da hər kəs qəbul edir. Karl fon Klauzeviçin - “Müharibə, siyasətin başqa vasitələrlə aparılmasıdır” deyimini Azərbaycan məlum aprel döyüşləri ilə tam sübuta yetirdi.
Dağlıq Qarabağın işğalından keçən illər ərzində Azərbaycan nəinki haqlı mövqeyindən geri çəkilmədi, hətta bu mövqeyini dünyanın güc mərkəzlərinə qəbul elətdirə bildi. Artıq dünya ictimaiyyətinə kimin haqlı, kimin işğalçı olduğu məlumdur.
Cenevrə danışıqlarından sonra Serj Sarkisyanın növbəti məkri üzə çıxdı. S.Sarkisyanın İsveçrə Konfederasiyasındakı Ermənistan səfirliyində erməni diasporunun nümayəndələri ilə görüşü zamanı “Qarabağın gələcəyini Azərbaycansız görürük” ifadəsini işlətməsi bir daha təsdiq etdi ki, bu ölkənin rəhbərliyi öz xislətindən əl çəkmək fikrində deyil.
Çünki Ermənistan rəhbərliyi müəyyən dairələrin girovuna çevrildiyindən, danışıqlar prosesini qəsdən uzadır və bununla da xalqına ciddi ziyan vurur. Eyni zamanda süni hərbi gərginlik fonunda vətəndaşlarının diqqətini sosial-iqtisadi böhranın fəsadlarından yayındırmaq cəhdləri yəqin qarşıdakı dövrdə onun əsas fəaliyyət prioritetləri olacaq.
İradə nümayiş etdirib əsl lider olaraq öz xalqını gələcəyə aparmaq əvəzinə, hakimiyyət hərisliyi ilə xarici qüvvələrin girovuna çevrilmək S.Sarkisyanın “siyasətinin” prioritetidir. Bu bir faktdır ki, Ermənistanda İlham Əliyev kimi, xalqın iradəsini təcəssüm etdirən lider olmadığından ölkə rəhbərliyi məsuliyyəti öz üzərinə alaraq hər hansı bir real, konstruktiv addım ata bilmir.

 

Nizamlama prosesindəki ədalətsizlik və ikili standartlar

 

Tam məsuliyyətlə qeyd etmək olar ki, Dağlıq Qarabağ münaqişəsinin kökündə Ermənistanın tez-tez istinad etdiyi və bu zaman Dağlıq Qarabağ vilayətinin Ermənistana birləşdirilməsi barədə Ermənistan Ali Sovetinin hüquqa zidd qərarının nədənsə unudulduğu xalqların öz müqəddəratını təyinetmə prinsipinə dayanmır və dayana da bilməz. Hüquqla az da olsa maraqlanan hər bir kəsə məlumdur ki, xalqların öz müqəddəratını təyinetmə hüququ zamanında kolonial asılılıqda yaşayan kölə xalqlar üçün nəzərdə tutulmuş və heç bir halda secessiya anlamına gəlməməlidir. Azərbaycan Respublikasının ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı beynəlxalq hüququn daha bir vacib prinsipi ilə də müdafiə olunur. Bu prinsip öz kökləri ilə Roma hüququna dayanan uti possidetis prinsipidir. Bu prinsipə əsasən bir dövlət müstəqillik əldə etdikdən sonra, tərkibinə daxil olduğu dövlətdə hansı ərazilərə malik olmuşdusa, müstəqil olduqdan da sonra həmin ərazilərə sahib olmalıdır.
Daha bir mühüm məqama diqqət yetirək: son dövrlərdə İraqda Kürdüstan dövlətinin yaradılması təşəbbüslərinin və İspaniyada müstəqil Kataloniya çağırışlarının iflasa məhkum olmasının əsas səbəbi heç də bu separatizmə məruz qalan ölkələrin həyata keçirdiyi siyasət olmadı, məhz beynəlxalq ictimaiyyətin, fövqəldövlətlərin bu məsələlərdə tutduqları birmənalı və prinsipial mövqe bu avantüraların puç olmasını şərtləndirdi.
İndiyədək dünyanın müxtəlif yerlərində, xaricdən edilən hərbi-siyasi dəstək nəticəsində baş qaldıran separatizm nəticəsində bir sıra ölkələrin dövlətçilik əsasları sarsılıb, illərlə davam edən vətəndaş müharibələri başlayıb. Amma İraqda və İspaniyada baş verənlər göstərdi ki, lazım gəldikdə separatizmə qarşı beynəlxalq müqavimət presedentini işə salmaq mümkündür. Məhz beynəlxalq təşkilatlar və fövqəldövlətlərin beynəlxalq hüququn normalarını əsas götürmələri “müstəqil” Kürdüstan və Kataloniya avantüralarının qarşısını aldı.
Ümumiyyətlə, separatizm “yaxşı-pis”, “özümüzünkü - özgəninki” kontektsində səciyyələndirilməməlidir. Ona görə hər bir dövlət baş verənlərə bu prizmadan yanaşır: separatizm elə bir təhdiddir ki, dünən uzaq qitədə baş verirdisə, bu gün yaxın qonşuna sirayət edirsə, sabah özünü öz daxilimdə də büruzə verə bilər.
Bütün bunların fonunda Dağlıq Qarabağ münaqişəsi xüsusilə qabarır və qeyd olunan faktlar məlum dövlət və təşkilatların nizamlama prosesinə ədalətsiz, ikili standartlarla yanaşdığını göstərir.

Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək

 

Ötən ay Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünü qeyd etdi. Arxada qalan bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. Azərbaycan öz inkişaf yolu və əldə etdiyi yüksək iqtisadi göstəricilərlə dünya miqyasında fenomenə çevrilib. Bu inkişafın göstəriciləri həm də ölkəmizin kosmik kluba qoşulması, qlobal problemlərdən olan enerji təhlükəsizliyi, terrorizmlə mübarizə kimi məsələlərdə söz sahibinə çevrilməsidir. BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi isə bir daha Azərbaycanın yüksək beynəlxalq siyasi imicinin təsdiqi oldu.
Azərbaycan özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir, iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Qeyri-neft sektorunun yüksəlişi, iqtisadiyyatın çoxşaxəli inkişafının təmin olunması istiqamətində mühüm islahatlar aparılır. Azərbaycan həm də regionun kommunikasiya-nəqliyyat xəritəsini dəyişən ölkədir. Reallaşan enerji layihələrindən sonra oktyabrın 30-da təntənəli rəsmi açılış mərasimi ilə istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkəmizin beynəlxalq siyasi-iqtisadi uğurlarının ümumiləşmiş obrazı kimi müstəqillik tariximizə yazıldı.
İşğalçı Ermənistan bu beynəlxalq layihədən də kənarda qaldı. Çünki Ermənistan rəhbərliyinin siyasi ambisiyaları xalqın iqtisadi maraqlarından üstündür. S.Sarkisyanın böyük səhvi erməni xalqını daha acınacaqlı duruma sürükləyir.
Lakin xüsusilə qeyd etməliyik ki, Azərbaycan özünün müasir müstəqil dövlətçilik tarixinə yazılan bütün uğurlarına hələ də davam edən Ermənistanın hərbi təcavüzü, Dağlıq Qarabağ problemi şəraitində nail olub.
Hərbi, siyasi və diplomatik cəbhədə tam dalana dirənən erməni hakimiyyəti Cenevrə görüşünə də bütün sahələrdə məğlub statusu ilə qatılmışdı. Çünki nizamlanma prosesində əsas söz sahibləri olan ABŞ və Rusiya münaqişənin tezliklə, özü də məhz Azərbaycanın ərazi bütövlüyünə xələl gətirilməyəcək variantda həllini birmənalı tələb edirlər. Oktyabrın 18-də ABŞ Senatının “Rassel” binasında “Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda keçirilən brifinqdə bu, bir daha təsdiqləndi.
2013-2016-cı illərdə Minsk qrupunun amerikalı həmsədri olmuş səfir Ceyms Uorlik brifinqdə çıxış edərək vurğulayıb ki, münaqişənin nizamlanmasının əsasını BMT-nin Nizamnaməsi və müvafiq sənədlər, habelə Helsinki Yekun Aktının əsas prinsipləri təşkil edir. Madrid prinsiplərinə əsaslanan altı element sülh sazişinin tərkib hissəsi olmalı və vahid paket kimi qəbul edilməlidir. Azərbaycanın suverenliyinə hörmət edilmədən münaqişənin tənzimlənməsi mümkün ola bilməz.
Bu, Ermənistana ABŞ-dan verilən növbəti xəbərdarlıq idi. Yəni Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı danışıqlar prosesində əsas amildir.
Dağlıq Qarabağ işğalından keçən illər ərzində Azərbaycan nəinki haqlı mövqeyindən çəkilməyib, hətta bu mövqeyi bütün dünya güc mərkəzlərinə qəbul etdirə bilib. Artıq dünya ictimaiyyətinə kimin haqlı, kimin işğalçı olduğu məlumdur. 24 ildir davam edən danışıqlar müddətində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub.
Bütün bunları işğalçı Ermənistanın rəhbərliyi və erməni xalqı da yaxşı görür. Bu ölkədə ağıllı başla düşünən insanlar anlayırlar ki, hərbi əməliyyatlar başlayarsa, müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yekunlaşacaq.
Şotland əsilli filosof Tomas Karlaylın “Qəhrəmanlar” nəzəriyyəsinə əsasən dünyada baş verən bütün vacib proseslər dahi insanların fəaliyyəti nəticəsində mümkün olmuşdur. Yəni tarix şəxsiyyəti deyil, əksinə, tarixi şəxsiyyətlər yaradır. Bu nöqtəyi-nəzərdən qürur hissi ilə deyə bilərik ki, tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil respublikamızın qazandığı bu nailiyyətlər Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir və Azərbaycan öz lideri ilə yeni zəfərlərə doğru addımlayır.
Azərbaycan ictimaiyyəti əmindir ki, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə ən yaxın zamanda ədalət zəfər çalacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.

Mehdi ABDULLAYEV,
hüquq üzrə elmlər doktoru