Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Tovuzda humanitar aksiya keçirib

11 Noyabr 2017
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Tovuzda humanitar aksiya keçirib.

AZƏRTAC xəbər verir ki, Milli Oftalmologiya Mərkəzi mütəmadi olaraq respublikanın müxtəlif regionlarında pasiyentlərə səyyar xidmət göstərir. Məqsəd həm pasiyentlərin səhhətləri ilə bağlı problemlərin həllinə kömək göstərmək, eyni zamanda, göz xəstəlikləri ilə əlaqədar monitorinqlər aparmaq, qarşıya çıxan xəstəliklərin qarşısını vaxtında almaqdır.

Milli Oftalmologiya Mərkəzinin əməkdaşı Yazgül Abdıyevanın sözlərinə görə, Tovuzda keçirilən aksiyada da məqsəd müayinələr aparmaq, müalicə tətbiq etmək, eləcə də cərrahi əməliyyatlar həyata keçirmək idi: “Mərkəzin 13 nəfərdən ibarət həkim və tibb işçilərindən ibarət heyəti yerli həkimlərin də iştirakı ilə 200-ə yaxın pasiyentə tibbi xidmət göstərib. Onlar müayinə olunublar və müalicə üsulları tətbiq edilib. 20 pasiyent katarakta, refraksiya patologiyası və digər xəstəliklər üzrə cərrahi əməliyyat olunub”.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi 13 Noyabr - Beynəlxalq Gözdən Əlillər Günü ilə əlaqədar Tovuzda maarifləndirmə tədbirləri də keçirib. Məqsəd dünyanın mübarizə apardığı korluğun qarşısının alınması prosesində fəal iştirak etməkdir. Aksiya çərçivəsində gözlə bağlı problemi olan pasiyentlərə bir sıra məsləhətlər verilib, eləcə də müayinə və müalicələr aparılıb.

Qeyd edək ki, 2005-ci ildən 2017-ci ilədək Səyyar Klinika respublikanın 87 rayon və şəhərində 122 dəfə aksiya keçirib. 21 min 645 pasiyent müayinə və müalicə edilib, 2 min 465 xəstə cərrahi əməliyyat olunub.