Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tur-aksiyalar məktəblilərə ölkəmizin bu gününü və keçmişini daha dərindən öyrənmək imkanı verir

11 Noyabr 2017
Noyabrın 11-də səhər saatlarında Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda böyük canlanma vardı. Rayon icra hakimiyyəti və təhsil şöbəsinin məsul işçiləri, valideynlər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olan sabirabadlı şagirdləri yola salırdılar.

AZƏRTAC xəbər verir ki, yola düşməzdən əvvəl aksiya iştirakçıları Heydər Əliyev Mərkəzindəki eksponatlarla tanış olublar.

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Emin Tağızadə sevincini bölüşərək deyib: “Tur-aksiyada iştirak edəcəyimi eşidəndə çox sevindim. Azərbaycanın regionlarını gəzmək, şəhər və rayonların tarixi yerləri, mədəniyyət abidələri ilə tanış olmaq çoxdankı arzum idi. Artıq bu istəyim reallığa çevrilib. Tur-aksiyalar məktəblilərə ölkəmizi, onun bu gününü və keçmişini daha dərindən öyrənmək imkanı verir. Bizə bu imkanı yaradan Prezidentimizə minnətdaram”.

Qaratəpə kənd tam orta məktəbinin X sinif şagirdi Nailə Səfərli söhbətə qoşularaq fikirlərini belə ifadə edib: “Bu gün Azərbaycanın dilbər guşələrindən olan Qəbələ, Şəki və Zaqatala rayonlarına yola düşürük. Sevincimiz hədsizdir. Ölkəmizin qədim tarixi, mədəniyyəti və incəsənəti barədə çox oxumuşam. Bu gün isə mənə bütün bunları görmək imkanı yaradılıb. Buna görə təşkilatçılara çox sağ ol düşür”.

Sonda Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyada iştirak edən sabirabadlı məktəblilər yola düşüblər.

X X X

Noyabrın 11-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyanın Saatlı rayonundan olan iştirakçıları - IX və XI sinif şagirdləri, onları müşayiət edən müəllimlər Qəbələ-Şəki-Zaqatala marşrutu ilə şimal-qərb bölgəsinə yola çıxıblar.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra şagirdlər rayondakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.

Qrupun rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Rauf Qasımov deyib: “Səkkizinci dəfədir ölkəmizdə məktəblilər üçün belə bir aksiya təşkil edilir. Maarifləndirici tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır. Səfər zamanı şagird və müəllimlər müxtəlif maraqlı tədbirlərdə iştirak etmək imkanı da əldə edəcək. Bizə bu imkanı yaradan, diqqət və qayğını əsirgəməyən Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”.

Tur-aksiyanın digər iştirakçıları – Hacıqasımlı kənd tam orta məktəbinin müəllimi Aynur Qarayeva, şəhər 4 nömrəli tam orta məktəbinin X sinif şagirdi Sahib Qəhrəmanov və başqaları bu səyahətin təşkilindən hədsiz razılıqlarını ifadə ediblər.

Valideyn Eldost Ağayev ürək sözlərini belə ifadə edib: “Dövlətimizin başçısı gələcəyimiz olan uşaqlara xüsusi qayğı göstərir. Hər yerdə yeni məktəblər, uşaq bağçaları, idman kompleksləri tikilib istifadəyə verilir. Bu tur-aksiya həmin qayğının daha bir təzahürüdür. Övladımın da bu aksiyada iştirak etməsindən çox məmnunam”.

Sonra məktəblilər xüsusi avtobusla yola salınıb.

Saatlılı 40 məktəbli və 5 müəllim dörd gün ərzində Qəbələ-Şəki-Zaqatala rayonlarını gəzəcək, bu məkanlarla yaxından tanış olacaqlar.

X X X

Noyabrın 11-də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Hacıqabul rayonundan olan iştirakçılar - rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onları müşayiət edən müəllimlər Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya yollanıblar.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkil və sənədlərlə də tanış olublar.

Rayon icra hakimiyyəti və təhsil şöbəsinin məsul işçiləri, valideynlər 40 şagird və 5 nəzarətçi müəllimdən ibarət olan qrupu icra hakimiyyətinin binası qarşısındakı meydandan yola salıblar.

Qrupun rəhbəri Eldar Mahmudov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən tur-aksiyanın iştirakçıları dörd gün ərzində Qəbələ, Şəki və Zaqatalanın görməli yerləri ilə tanış olacaq, dünyagörüşlərini artıracaqlar.

Hacıqabul rayon təhsil şöbəsinin məsləhətçisi Loğman Səmədov isə deyib ki, tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır, həm də səfər zamanı şagirdlər və müəllimlər təcrübə mübadiləsi etmək imkanı da qazanacaqlar.

Tur-aksiyanın iştirakçısı, dərs əlaçısı, Hacıqabul şəhər 8 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aytac Əliyeva sevincini belə ifadə edib: “Bizi maraqlı ekskursiya gözləyir. Qəbələ, Şəki və Zaqatala rayonlarının qədim tarixi, adət-ənənələri, mədəniyyəti ilə tanış olmaq imkanı yaratdığı üçün dövlətimizin başçısına minnətdarlığımızı bildiririk. Azərbaycanın dilbər guşələrinə səyahət etmək çoxdankı arzum idi.”

Sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Qəbələyə yola düşüblər.

X X X

Noyabrın 11-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilən tur-aksiyanın Biləsuvar rayonundan olan iştirakçıları - rayonun ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdləri və onları müşayiət edən müəllimlər Qəbələ-Şəki-Zaqatala marşrutu istiqamətində ölkənin qərb bölgəsinə yola düşüblər.

Yolasalma mərasimində rayon rəhbərliyi, müəllim və valideynlər iştirak ediblər.

Tur-aksiyanın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Qrupun rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Səbinə Hüseynzadə bildirib ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası gənclərə dövlət qayğısının təzahürüdür. Buna görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk. Maarifləndirici tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır. Səfər zamanı şagird və müəllimlər müxtəlif maraqlı tədbirlərdə iştirak etmək imkanı da əldə edəcəklər.

Sonra biləsuvarlı məktəblilər xüsusi avtobusla yola salınıblar.

X X X

Noyabrın 11-də cəbrayıllı məktəblilər “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz istiqamətində yola çıxıblar. Yolasalma mərasimi Biləsuvarda cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbədə yerləşən rayon icra hakimiyyətinin qarşısındakı meydanda keçirilib.

Tur-aksiya iştirakçıları və onları yola salan rayon icra hakimiyyəti və təhsil şöbəsinin rəhbər işçiləri, valideynlər ulu öndər Heydər Əliyevin qəsəbədəki abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Fəridə İbayeva səfər proqramı barədə məlumat verərək deyib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Cəbrayılın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri dörd gün ərzində Quba-Qusar-Xaçmaz rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı və əsrarəngiz təbiəti ilə yaxından tanış olacaqlar. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərdə vətənpərvərlik hisslərinin formalaşmasında əvəzsiz rol oynayır. Dövlətimizin başçısı təhsilimizin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına diqqət göstərdiyi kimi, məktəblilərin dünyagörüşünün formalaşmasının, onların asudə vaxtlarının səmərəli keçməsinin qayğısına da qalır. Şagirdlərimizə bu imkanı yaratdığı üçün dövlətimizin başçısına minnətdarıq.

Tur-aksiyanın iştirakçıları Səbinə İsmayılova və Elçin Məhərrəmli ekskursiyadan zəngin təəssüratlarla qayıdacaqlarına əmin olduqlarını bildiriblər.

Sonra şagirdlər xüsusi avtobusla Quba-Qusar-Xaçmaz marşrutu istiqamətində yola çıxıblar.