Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Astaralı məktəblilər ölkəmizin Qərb bölgəsinə yola düşüblər

11 Noyabr 2017
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyanın səkkizinci mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, bu aksiyalar ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradıb.

Noyabrın 11-də tur-aksiyanın ”Astara-Gəncə-Şəmkir-Göygöl-Astara” marşrutunun iştirakçılarını yola salmaq üçün rayon icra hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri və valideynlər Heydər Əliyev Parkına toplaşmışdılar.

Yolasalma mərasimində çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova, valideynlər və şəhər sakinləri məktəblilərə yaxşı yol arzulayaraq ölkəmizi daha yaxından tanımaq üçün məktəblilərə yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Qrupun rəhbəri Elşad Axundov söhbət zamanı dedi: - “Ölkə başçısının təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən tur-aksiyanın iştirakçıları - Astara rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri bu gün Gəncə şəhərinə yola düşürlər. Dörd gün davam edəcək aksiyanın iştirakçıları Gəncənin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar. Məktəblilər Gəncə şəhərinin tarixi məkanlarına - Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi və Nizami Gəncəvi məqbərəsinə ekskursiya edəcək, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanış olacaq, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına səfər edəcəklər”.

Astara şəhər sakini Novruz Hacızadə iki qızını - şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fidan və IX sinif şagirdi Fatimə Hacızadəni yola salırdı.

Fidan Hacızadə dedi: “Azərbaycanın tarixi, onun mədəniyyət abidələri ilə əyani tanışlıq hamımızın ürəyindəndir. Gəncə şəhəri, Şəmkir və Göygöl rayonlarının qədim tarixi, adət və ənənələri, mədəniyyət və incəsənəti bütün dünyada məşhurdur. Bütün bunları görmək bizə də nəsib olacaq. Məktəblilər üçün bu imkanı yaradan Azərbaycan Prezidentinə “Çox sağ olun!” deyirik”.

“Ölkəmizi tanıyaq” tur-aksiyasının digər iştirakçısı - Şahağac kənd tam orta məktəbinin IX sinif şagirdi Şahmar Bəhrəmovun da sevincinin həddi-hüdudu yox idi.

Sonra Astara-Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə aksiya iştirakçılarını Gəncəyə aparan avtobus yola düşdü.

Həmin gün Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarının məktəbliləri də “Gəncə-Göygöl-Şəmkir” istiqaməti üzrə ölkəmizin Qərb bölgəsinə səyahətə başlayıblar.

Tur-aksiyanın iştirakçılarını şəhər və rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri yola salıblar.