Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əsrin uğur salnaməsi

11 Noyabr 2017
 

Neft hasilatının 2 milyard ton həddinə çatdırılması Prezident İlham Əliyevin yeni enerji strategiyasının təntənəsidir

 

Neftin sənaye üsulu ilə hasil edildiyi ilk məkan, mexaniki qazma üsulunun yarandığı yer, ilk dəniz platformasının vətəni, birinci neft boru kəmərinin inşa edildiyi ölkə…
Bu, tarixi faktların, gerçəkliklərin ünvanı müstəqilliyinin cəmi 26 yaşı olan Azərbaycan Respublikasıdır. Bu, dünyanın siyasi xəritəsində kiçik görünən bir ölkənin neft sənayesinin möhtəşəm nailiyyətləridir.

 

Böyük inkişaf yolu keçən neft sənayesi

 

Azərbaycan neft sənayesi böyük inkişaf yolu keçsə də, xalqımız yalnız XX əsrin axırlarında, müstəqillik qazandıqdan sonra bu sərvətdən tam bəhrələnmək imkanı qazanıb. Bu imkanı isə ümummilli lider Heydər Əliyevin dühası reallığa çevirib.
Dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlanıb. 1846-cı ildə Bakıda Bibiheybət yatağında qazılmış quyudan püskürən neft fontanı ölkəmizdə “qara qızıl”ın sənaye üsulu ilə çıxarılmasının əsasını qoyub. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci olub və dünya neft hasilatının yarısını verib. 1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarında püskürən fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoyub. Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlayıb.

 

1971-ci il - 1 milyard tonluq neft hasilatı

 

1971-ci ildə Azərbaycanda neft hasilatı 1 milyard tona çatdı.Ulu öndər Heydər Əliyevin iştirakı ilə təntənəli mərasim keçirildi. Ümumiyyətlə, 1970-1980-ci illərdə dahi lider Azərbaycanın ümumi inkişafına çox böyük töhfə verdi, o cümlədən neft sənayesinin inkişafı üçün önəmli addımlar atıldı.
O vaxt Azərbaycan neftçiləri yalnız dənizin dərinliyi 40 metrə qədər olan sahələrində bütün yataqları kəşf etmişdilər. Amma böyük dərinliklərə getmək üçün ölkədə heç bir imkan yox idi. Ulu öndər Azərbaycana üzən yarımdalma, qazma qurğuları, 400-dən artıq gəmi, həmçinin kran gəmiləri gətirtdi. “Günəşli” yatağı kəşf olundu. Lakin buradan neft çıxarmaq çətinliklər yaradırdı. Elə buna görə də ümummilli lider Dərin Özüllər Zavodunu inşa etdirdi. 1991-ci ildə Azərbaycanda 11 milyon ton neft hasil edilmişdirsə, onun 6,7 milyon tonu “Günəşli”nin payına düşürdü.
Gəmilərin alınması kəşfiyyat işlərinin miqyasını artırdı.”Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərinlikdəki hissəsi kəşf olundu. Bu yataqlarda iş başlandı və böyük miqyas aldı. Bunun sayəsində ikinci milyard ton neftin 300 milyon tonunu Azərbaycan 1971-ci ildən 1991-ci ilə qədər olan dövrdə hasil etdi.1991-ci ildə müstəqilliyin bərpasından sonra keçən dövr ərzində 700 milyon ton neft hasil olundu.Həmin 700 milyon tonun hasil edilməsində isə xarici şirkətlərin Xəzərdə işə başlamasının böyük rolu oldu. Bunu da ulu öndər Heydər Əliyevin yeni neft strategiyası təmin etdi.

 

Yeni neft strategiyasının uğurlu başlanğıcı - “Əsrin müqaviləsi”

 

1994-cü il sentyabrın 20-də Azərbaycanda tarixi hadisə yaşandı. Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoko”, BP, “MacDermott”, “Unocal”, SOCAR, “LUKoyl”, “Statoil”, “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remko”, “Delta”) ilə müqavilə imzalandı. Bu saziş müstəqil Azərbaycanın yeni tarixinin şanlı səhifəsini açdı. Ulu öndər Azərbaycanı məhvolma təhlükəsindən xilas etməklə bərabər, neft sənayesini də böhran və tənəzzüldən qurtardı. Bununla da müstəqil dövlətimizin neft strategiyasının və doktrinasının əsası qoyuldu.
1995-ci ilin fevralında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı.1997-ci il noyabrın əvvəlində isə “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilkin neft alındı və hasilat başlandı. Bu, Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı idi. 1998-ci ildə neftimiz Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi. “Çıraq” yatağından hasil olunan neftin Supsa limanından ixracı ilə Azərbaycan nefti ilk dəfə olaraq iki istiqamət üzrə dünya bazarlarına çıxarılmağa başlandı. 2002-ci ildə ulu öndər Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu və 2006-cı ilin mayında Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı.

 

Dünyanın əsas neft-qaz ixracatçısına çevrilən ölkə

 

Ümummilli liderin neft strategiyasını dövrün tələblərinə uyğun daha da təkmilləşdirən Prezident İlham Əliyev isə ilk növbədə neft gəlirlərini insan kapitalına çevirdi. Cənab İlham Əliyevin məqsədyönlü və ardıcıl həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin təmin edilməsinə yönəldi. Azərbaycan Prezidentinin dərindən düşünülmüş neft strategiyası nəticəsində ölkəmiz regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynayan dövlətə, dünyanın əsas neft-qaz ixracatçısına çevrildi.
Bu il sentyabrın 14-də “Əsrin müqaviləsi”nin 23-cü ildönümünə təsadüf edən tarixi gündə Azərbaycan hökuməti və Dövlət Neft Şirkəti (SOCAR), BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, TP, “Itochu” və “ONGC Videsh” şirkətləri ilə birlikdə “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənilməsi barədə sazişin imzalanması isə Prezident İlham Əliyevin uzaqgörənliyini, onun siyasi, iqtisadi, kommersiya və digər risklərin dəqiq hesablanmış balanslı və Azərbaycanın uzunmüddətli strateji maraqları üzərində qurduğu çoxvariantlı iqtisadi strategiyasının əsaslı olduğunu göstərdi.
Bu sazişlə Azərbaycan 3,6 milyard dollar bonus əldə etdi. Dövlət Neft Şirkətinin payı 11 faizdən 25 faizə qaldırıldı. Mənfəət neftinin 75 faizi isə 2050-ci ilə qədər, yəni, müqavilənin bütün müddəti ərzində Azərbaycana qalacaq.
Yenilənmiş saziş yalnız Azərbaycan iqtisadiyyatına növbəti böyük sərmayə axınının təmini deyil, həm də ölkənin neft sənayesinin tarixində texnoloji inkişaf və insan nailiyyətləri ilə zəngin olan yeni bir səhifə açmış oldu.

 

Neft tarixinin şanlı səhifəsi - 2017-ci il və 2 milyard tonluq hasilat

 

Noyabrın 8-də isə Azərbaycanın qədim neft tarixinə yeni və şanlı səhifə yazıldı.İki milyard ton neftin hasil edilməsi neft sənayesinin inkişafında növbəti zirvə nöqtəsi, yaddaşlarda uzun müddət yaşayacaq şərəfli bir hadisə oldu.
Bu münasibətlə Heydər Əliyev Mərkəzində keçirilən təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, ulu öndər Heydər Əliyevin həm 1970-1980-ci illərdə, həm də 1990-cı illərdə göstərdiyi xidmətlər bu gün Azərbaycan reallıqlarını təmin edir: “Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün bizim müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir”.
Ulu öndərin neft strategiyasının yeni istiqamətlərlə zənginləşdirildiyini vurğulayan dövlət başçısı bu strategiyanın bu gün Azərbaycanın ümumi inkişafına çox böyük dəstək verdiyini söylədi: “Bu gün iqtisadi müstəqilliyi təmin etmişik. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Əgər biz kimdənsə asılı olsaq, heç vaxt müstəqil siyasət apara bilmərik, heç vaxt öz prinsipial mövqeyimizi indiki qədər ifadə edə bilmərik. İqtisadi müstəqillik siyasi müstəqilliyə gətirib çıxardı ki, bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan nadir ölkələrdən biridir”.

 

Azərbaycanı inamla xoşbəxt gələcəyə aparan qətiyyətli lider

 

Vaxtilə xaricdən qaz, elektrik enerjisi alan Azərbaycan indi dünyada əsas neft-qaz ixracatçısı kimi tanınır. Enerji təhlükəsizliyi məsələlərini tam şəkildə təmin edən Azərbaycanın təşəbbüsü, iştirakı ilə regionda meqalayihələr reallaşmaqdadır. Sərmayə qoyuluşu 40 milyard dollara bərabər olan “Cənub qaz dəhlizi” uğurla icra edilir. “Şahdəniz-2” və Cənubi Qafqaz kəməri demək olar ki, 100 faiz, TANAP 80 faizdən çox icra edilib. “Azəri-Çıraq-Günəşli” yatağı minimum 2050-ci ilə qədər işləyəcək. “Şahdəniz” yatağı isə 100 il bundan sonra da fəaliyyət göstərəcək.
Ümumiyyətlə, Azərbaycanın təsdiq edilmiş, dəqiqləşdirilmiş neft ehtiyatları 1,5 milyard tondur, proqnoz isə 2 milyard tondur. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr, proqnoz isə təqribən 3-4 trilyon kubmetrə bərabərdir
Hesablamalar göstərir ki, Azərbaycanda üçüncü milyard ton neft təqribən 2060-cı ildə, 2 trilyon kubmetr qaz isə daha tez - 2055-ci ildə hasil ediləcək.
Bütün bunlar bir daha təsdiq edir ki, böyük sərvətlərə malik olan, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan gələcəyə nikbinliklə baxır. Ən başlıcası isə bu sərvətləri düzgün idarə edən, Azərbaycanı xoşbəxt gələcəyə inamla aparan qətiyyətli, uzaqgörən lideri var.
1971-ci ildə 1 milyard ton neft hasilatı tədbirini ulu öndər Heydər Əliyev, 46 il sonra isə 2 milyard ton neftin hasilat mərasimini cənab İlham Əliyevin təşkil etməsi bir daha təsdiq edir ki, dövlət başçısı 14 il müddətində yürütdüyü praqmatik siyasətlə ölkəmizi dahi şəxsiyyətin görmək istədiyi bir dövlətə çevirib.
Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə əldə etdiyi bütün uğurlar onun şəxsi müdrikliyi və diplomatiya bacarığı ilə bərabər, eyni zamanda, ümummilli liderin vaxtilə yaratdığı inkişaf strategiyasına söykənir. Bu strategiyanın cənab İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, güclənir, qazandığı uğurlarla regionun qüdrətli, aparıcı və əsas söz sahibi olan bir dövləti kimi nüfuzunu gündən-günə artırır. Bu gün Azərbaycan öz gücünə arxalanan, bütün tərəfdaşları ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında quran, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli ölkədir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”