Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bayrağımız kimliyimiz, mənliyimiz və qürur mənbəyimizdir

11 Noyabr 2017
 

Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndə heyəti 9 noyabr - Bayraq Günü ərəfəsində cəbhə bölgəsində - birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə getmişdir. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərdə olmuş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri hədiyyələri çatdırmışlar. 

Hərbi hissədəki əsgər kazarmaları və xidməti otaqlar, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Dövlət Bayrağı Günü münasibətilə əsgərlərimizi təbrik edərək, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzuladı. Bildirdi ki, cənab İlham Əliyevin müvafiq sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad olunacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu, lazım gələrsə Ali Baş Komandanın əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirdi.
Çıxışda vurğulandı ki, 2016-cı ilin aprelin 2-dən 5-dək mənfur ermənilər bütün cəbhəboyu yaşayış məntəqələrimizi intensiv atəşə məruz qoydular. Qısa müddətdə Milli Ordumuz tərəfindən həyata keçirilən sürətli əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılaraq, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olundu. Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yaradan Talış kəndi və ətrafındakı yüksəkliklər, xüsusilə Lələtəpə yüksəkliyi, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizləndi. Döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyəti, hərbi təcrübəsi və ruh yüksəkliyi düşmənə sarsıdıcı zərbələr endirməyə kömək etdi. Erməni silahlı qüvvələri Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü və bu güc qarşısında geri çəkilməyə məcbur oldu.
Ali Baş Komandan İlham Əliyev şanlı ordumuzun düşmənə layiqli cavabını qiymətləndirərək söyləmişdir: “Qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər, eyni zamanda, daha əlverişli mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi... Biz böyük hərbi qələbəni qazandıq. Ermənistanın ordusu bu gün çox böyük zərbə almışdır. Atəşkəs rejimindən sonra ilk dəfədir ki, onlara belə sarsıdıcı zərbə vuruldu. Bunun günahkarları onlar özləridir”.
Hazırda Azərbaycan Ordusu regionun güclü ordularındandır. Ali Baş Komandan İlham Əliyevin iradəsi və qayğısı sayəsində Azərbaycan Ordusu güclü maddi-texniki bazaya malikdir və ən müasir silah-sursatla təmin olunmuşdur. Bu gün Azərbaycan Ordusu ölkəni istənilən təcavüzdən qorumağa qadirdir.
Hərbi hissə komandanlığı adından çıxış edən korpus komandirinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik-leytenant Babək Səmidli şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verdi, Nəsimi Rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə rayon arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsinə və Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirdi, hərbi hissədəki bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbçilərin ruh yüksəkliyinin qalxmasında böyük rol oynadığını vurğuladı.
Bayram tədbirində hərbçilər tərəfindən Ali Baş Komandan İlham Əliyevin imzası yazıldı, marş sədaları altında 100 metr uzunluğunda Azərbaycan Bayrağının keçidi təşkil olundu. Tədbirdə xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırıldı. Sonra Yusif Mustafayev və Əlikram Bayramovun iştirakı ilə hərbçilərimiz üçün böyük konsert proqramı təşkil olundu, ifalar əsgərlər tərəfindən xüsusi rəğbət və sürəkli alqışlarla qarşılandı.
Nəsimi rayon məktəblilərinin Azərbaycan əsgərinə böyük məhəbbətlə yazdıqları məktublar hərbi hissədə xidmət edən əsgərlərə çatdırıldı, bunlar əsgərlərə xoş təəssürat bağışladı. Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etdilər.
* * *
Bayraq Günü ilə bağlı keçirilən tədbirlər silsiləsinin davamı olaraq Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Nizami Kino Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, vətən müharibəsi veteranlarının, orta və məktəbəqədər təhsil müəssisələri kollektivlərinin, tələbələrin, qeyri-hökumət təşkilatlarının, idmançıların və çox saylı qonaqların iştirakı ilə “Bayrağımız kimliyimiz, mənliyimiz və qürur mənbəyimizdir” adlı mərasim də keçirildi.
Tədbirin əvvəlində xalqımızın keçmişini, bu gününü və gələcəyini özündə əks etdirən müqəddəs bayrağımız orkestrin müşayiəti ilə alqış sədaları altında səhnəyə gətirildi. Sonra müasir Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükut ilə yad edildi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış “Bayrağımız kimliyimiz, mənliyimiz və qürur mənbəyimizdir” adlı videoçarxda ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Bayrağına olan ehtiram və dərin məhəbbəti əks olunmuş, həmçinin Nəsimi Rayon İcra Hakimiyyətinin 9-noyabr Bayraq Günü münasibəti ilə Müdafiə Nazirliyinin Tərtər rayonundakı “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə görüşündən və rayonda keçirilən Bayraq Gününə həsr olunmuş tədbirlərdən fraqmentlər nümayiş olundu. Videoçarxda milli kimliyimizin, mədəniyyətimizin, ideologiyamızın ifadəsi olan müqəddəs bayrağımız barədə fraqmentlər göstərildi.
Əməkdar artist Ağalar Bayramovun ifasında “Azərbaycan bayrağı” şeiri tədbir iştirakçılarının sürəkli alqışları ilə müşayiət olundu. Natiq ritm qrupunun ifası ilə səslənən videoçarxda tariximizin daş yaddaşı olan Qobustan qaya üstü təsvirləri və millətimizin qədimliyini, tarixi keçmişini əks etdirən fraqmentlər sərgiləndi. Qədim dövlətçilik ənənələrinə malik olan Odlar yurdu Azərbaycanın tarixi keçmişinin yadigarı olan müxtəlif bayraqlar səhnəyə gətirildi. Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Ehtiram Hüseynovun və rəqs kollektivlərinin ifaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə hazırlanaraq ilk dəfə Sevil və Sevinc bacılarının və musiqinin bəstəçisi Elvin Orucovun ifasında səslənən “Azərbaycan bayrağı” adlı klipin təqdimatı oldu, alqış sədaları altında ifaçılar səhnəyə dəvət olundu. Bayraq geyimli məktəblilərin zala daxil olaraq səhnəyə düzülməsi tədbir iştirakçılarında xoş ovqat yaratdı.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək xoş arzularını bildirdi. Natiq qeyd etdi ki, Ginnesin rekordlar siyahısına düşmüş, dünyanın ən yüksək bayrağının dalğalandığı möhtəşəm Dövlət Bayrağı meydanı Azərbaycandadır. Ölkə rəhbəri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Asif Əsgərov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad olunacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əminliyini, tezliklə Azərbaycan Bayrağının Qarabağda, o cümlədən Şuşada, Xankəndidə dalğalanacağını bildirdi.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”