Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Zaqatalada bayram bayrama qarışmışdı

11 Noyabr 2017
 

Azərbaycan Respublikası Dövlət Bayrağı Günü Zaqatalada təntənə ilə qeyd olunub. Bu münasibətlə keçirilən tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar  və gənclər iştirak ediblər.

Bayram mərasimi  Heydər parkında ulu öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarətlə başladı. Sonra tədbir iştirakçıları Dağlı kəndində şəhid - Milli Qəhrəman Natiq Məmmədovun ailəsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilmiş fərdi yaşayış evinin təqdimatında iştirak etdilər.  Eyni zamanda  Üçüncü Tala və Fındıqlı kəndlərində məskunlaşmış Axısqa türklərinə də  Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inşa etdiyi 6 fərdi yaşayış evinin açarları təqdim olundu.  Mərasimdə çıxış edən şəhid ailələrinin və Axısqa  türklərinin  nümayəndələri göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə  minnətdarlıqlarını bildirdilər.

Daha sonra tədbir şəhərin mərkəzindəki  Bayraq dairəsində davam etdirildi.  Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan toplantını Mübariz Əhmədzadə giriş sözü ilə açdı. Respublika  tarixinin ağır, məşəqqətli illərini xatırladan rayon icra hakimiyyəti başçısı  milli  bayrağımızın ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi, siyasi iradəsi hesabına müstəqil Azərbaycanın dövlət bayrağı statusu  aldığını diqqətə çatdırdı.

Tədbirdə çıxış edən digər natiqlər də dövlətçilik və müstəqillik tarixindən bəhs etdilər, müstəqil Azərbaycanın bugünkü  uğurlarından danışdılar.  

Sonra alqış sədaları altında meydana  şanlı  Azərbaycan bayrağı gətirildi. Tədbir hərbçilərin, idmançıların və gənclərin dövlət bayrağı önündən təntənəli keçidi ilə yekunlaşdı.

 

Əli SƏLİMOV,

“Azərbaycan”