Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

NATO Avropada komandanlıq mərkəzlərinin sayını artıracaq

10 Noyabr 2017
NATO soyuq müharibə başa çatandan bəri ilk dəfə olaraq Avropada yeni komandanlıq qurumları yaradır. Bu barədə Şimali Atlantika alyansının baş katibi Yens Stoltenberq məlumat vermişdir.
NATO-nun üzvü olan ölkələrin müdafiə nazirləri iki yeni komandanlıq mərkəzinin yaradılması barədə razılığa gəlmişlər. Mərkəzlərdən biri Avropada qoşunların yerləşdirilməsini əlaqələndirəcək, digəri isə Atlantikada hərbi dəniz qüvvələrinin əməliyyatları ilə məşğul olacaq.
Stoltenberqin dediyinə görə, NATO XXI əsrin reallıqlarına uyğunlaşmağı davam etdirir: “Bizim komandanlıq strukturu alyansın əsasıdır. O, dəyişən təhlükəsizlik şəraitini əks etdirərək onilliklər boyunca inkişaf etmişdir”. Beləliklə, NATO-nun Avropadakı komandanlıq mərkəzlərinin sayı yeddidən doqquza çatmışdır.
Şimali Atlantika alyansının baş katibi həmçinin bəyan etmişdir ki, NATO üzvlərinin kibernetik imkanlarını səfərbər etmək üçün xüsusi mərkəz yaradacaq: “Biz milli kiberpotensialları, eləcə də digər potensialları işə salırıq. Onlar yenə də ayrı-ayrı üzv-ölkələr tərəfindən idarə ediləcək, amma əməliyyatlarımızın ayrılmaz tərkib hissəsi olacaq”.