Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ermənistanda əhalinin sayının kəskin azalması Serj Sarkisyanı narahat etməyə başlayıb

10 Noyabr 2017
Ermənistanda əhalinin sayının kəskin şəkildə azalması ölkə hakimiyyətini, xüsusilə prezident Serj Sarkisyanı qorxuya salıb. Vəziyyətin heç də yaxşıya doğru getmədiyini görən Serj Sarkisyan xüsusi müşavirə keçirib və bəyan edib ki, 2040-cı ilə kimi Ermənistan əhalisinin sayını 4 milyona çatdırmaq lazımdır.

Lakin Ermənistan ictimaiyyəti və mətbuat prezidentin bu fikrini absurd adlandırır. “Armtimes” saytı belə bir sualla yazır ki, prezidentin qarşıya qoyduğu vəzifənin icrası mümkündürmü?

Sayt Ermənistandakı iqtisadi vəziyyətin ağırlığını, əhalinin gəlirlərinin ildən-ilə azalmasını, rüşvətxorluq və korrupsiyanın baş alıb getdiyini göstərərək qeyd edir ki, bütün bu amillər bir tərəfdən ailə qurub uşaq sahibi olmaq istəyənlərin sayını azaldır, digər tərəfdən isə ölkəni tərk edənlərin sayını çoxaldır.

Sayt konkret rəqəmlərlə prezident Sarkisyanın yalan danışdığını ortaya qoyur. Rəsmi statistikaya əsasən, 2016-cı ildə Ermənistanda 40 min uşaq dünyaya gəlib. Bu müddətdə ölənlərin sayı isə 28 min olub. Göründüyü kimi, bir ildə əhalinin artımı cəmi 12 min nəfər olub. Əgər artım bu templə getsə onda 2040-cı ilə kimi əhalinin sayı təxminən 290 min nəfər artar. Yəni, 30 ildə əhalinin mövcud sayının üzərinə cəmi 290 min nəfər əlavə olunacaq ki, bu da 4 milyona çatmır. Bundan başqa, Ermənistanı hər il 50 min nəfər birdəfəlik tərk edir. Beləliklə, adi hesablama onu deməyə əsas verir ki, 2040-cı ildə Ermənistan əhalisinin sayı 4 milyon yox, 2 milyon 140 nəfər olacaq.

Sayt yazır ki, rəsmi statistika bu gün Ermənistanda əhalinin sayının 3 milyon nəfər olduğunu göstərir ki, bu da böyük şübhə altındadır.

Sonda qeyd olunur ki, prezident birbaşa olmasa da dolayı yolla əhalinin sayının azalmasını etiraf edir, amma bunun səbəbini “qonşu dövlətlərin Ermənistan üçün törətdiyi təhlükədə” görür. Lakin Ermənistanın qonşu dövlətlərlə münasibətlərinin gərgin olmasının əhalinin artımına və azalmasına heç bir dəxli yoxdur. Əhalinin azalmasının əsl səbəbi Ermənistanda baş verən özbaşınalıq, rüşvətxorluq və korrupsiya, iqtisadiyyatın ölü vəziyyətdə olması və düzgün xarici siyasətin aparılmamasıdır.



AZƏRTAC