Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəhid Toğrul Fərəczadənin xatirəsi doğma məktəbində anılıb

10 Noyabr 2017
Bütün varlığı ilə doğma Vətəninə - Azərbaycana bağlı olan Toğrulun həyat qayəsi müqəddəs üçrəngli bayrağımızı Şuşada, Xankəndidə, Xocalıda ucaltmaq idi. O, bu amal uğrunda da şəhid oldu. Ötən ilin aprelində erməni qəsbkarlarına qarşı döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Yaşasaydı, noyabrın 10-da 23 yaşını öz yaxınları, yoldaşları ilə qeyd edəcəkdi...

AZƏRTAC xəbər verir ki, şəhid Fərəczadə Toğrul Habil oğlunun xatirəsi doğum günündə Ağsu rayonunun Bico kənd tam orta məktəbində anılıb.

Anım mərasiminin iştirakçıları əvvəlcə məktəbdə şəhidin qısa, lakin şərəfli həyat yolunu əks etdirən guşəyə, dərs keçdiyi sinfə baxıblar.

Mərasimdə məktəbin direktoru, Əməkdar Müəllim Yaşar Qarayev, rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi, mayor Nizami Heybətov çıxış edib, Toğrulun qısa, lakin qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Vurğulayıblar ki, bu gün Toğrul kimi hünərli gənclərimiz torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsi, şəhidlərimizin qisasının alınması üçün hər an Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirlər.

Toğrulun anası Bəhruzə Fərəczadə şəhidlik zirvəsinə ucalan oğlu ilə fəxr etdiyini söyləyib, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Sonra məktəblilər torpaqlarımızın azadlığı uğrunda şəhidlərimizin xatirəsinə həsr edilən şeirlər oxuyublar. Məktəbdə keçirilən rəsm və atıcılıq müsabiqələrinin qaliblərinə fəxri fərmanlar verilib.

Mərasim başa çatdıqdan sonra şəhidin məzarı ziyarət olunub, üzərinə əklil və çiçəklər qoyulub, ruhuna dualar oxunub.