Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

10 Noyabr 2017
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dili orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri” mövzusunda Elmi Şuranın növbəti iclası keçirilib.

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda 2018-ci ildə çap olunacaq yeni orfoqrafiya lüğətinin qaydaları müzakirə olunub.

İclasda bildirilib ki, 2017-ci il noyabrın 1-də AMEA Rəyasət Heyəti “Yeni orfoqrafiya lüğətinin nəşrinin hazırlanması barədə” qərar qəbul edib. Bununla bağlı olaraq Orfoqrafiya Komissiyası yaradılıb. Komissiyanın sədri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, sədr müavini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, məsul katibi Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyludur. Orfoqrafiya Komissiyasının tərkibinə müxtəlif qurumlardan 20-dək ziyalı və dilçi alim daxildir.

M.Nağısoylu çıxışında vurğulayıb ki, Dilçilik İnstitutu dilçilik üzrə qurumdur. Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır.

Professor İsmayıl Məmmədli yeni orfoqrafiya qaydaları haqqında məlumat verib. Sözün sonunda işlənən qoşa ss samitlərindən yalnız birinin yazılması (boss-bos, ekspress- ekspres), -“iyyət” şəkilçisinin yazıda “–iyət” kimi təsbit olunması (cəmiyət, fəaliyət) müzakirəyə çıxarılıb. Həmçinin tərkibində “ilə” qoşması olan sözlərin bitişik yazılması (etibarilə, münasibətilə, tamamilə) da diqqətə çatdırılıb.

Qeyd edək ki, təkliflər ilkin müzakirədə irəli sürülüb. Orfoqrafiya qaydaları ilə bağlı müzakirələr bundan sonra da keçiriləcək.