Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan və Efiopiya Xarici İşlər nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb

10 Noyabr 2017
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Vorkene Qebeyehu ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Efiopiya Federativ Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələrə dair Anlaşma Memorandumu”nu imzalayıblar.

Görüşdə Azərbaycanla Efiopiya arasında münasibətlərin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli səfərlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi vurğulanıb. Bu xüsusda, Vorkene Qebeyehu Elmar Məmmədyarovun Efiopiyaya səfərini yüksək qiymətləndirib və iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının əhəmiyyətinə toxunub.

Elmar Məmmədyarov Vorkene Qebeyehunu Azərbaycana rəsmi səfərə dəvət edib. Efiopiyalı nazir dəvəti məmnuniyyətlə qəbul edib.

Nazirlər iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə və gündəlikdə duran məsələlərə nəzər salıblar. Eyni zamanda, ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd edilib və iki ölkənin beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə oxşar mövqedən çıxış etdiyi bildirilib.

Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə nəzər salıblar. Ticarət əlaqələrinin təşviqi və biznes dairələri arasında birbaşa təmasların qurulması üçün Azərbaycan iş adamlarından ibarət nümayəndə heyətinin Efiopiyaya səfərinin təşkil olunması və birgə biznes-forumların keçirilməsinə dair razılığa gəlinib.

Elmar Məmmədyarov Azərbaycandan Cibutiyə və digər Afrika ölkələrinə hava yolu ilə yüklərin daşındığını, Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin perspektiv imkanlarını qeyd edərək iki ölkə arasında nəqliyyat və logistika sahəsində də əməkdaşlıq üçün potensialın olduğunu nəzərə çatdırıb.

Həmçinin nazirlər iki ölkə arasında humanitar və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər efiopiyalı tələbələrin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldığını qeyd edərək, bu əsnada qurulmuş əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, Azərbaycanın beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli istiqamətində atdığı addımlar barədə məlumat verib.

Görüşdən sonra Elmar Məmmədyarov Efiopiyaya səfəri və keçirilmiş görüşlər barədə yerli KİV-lərin suallarını cavablandırıb.