Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“AFEN Plaza” biznes mərkəzində baş vermiş yanğın 300 kvadratmetr ərazini əhatə edib

10 Noyabr 2017
“AFEN Plaza” biznes mərkəzində baş vermiş yanğın 300 kvadratmetr ərazini əhatə edib. Yanğın 50 dəqiqə ərzində söndürülüb.

AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəis müavini, polkovnik Rza Xudiyev deyib.

R.Xudiyev bildirib ki, yanğınla bağlı məlumat 12:07 radələrində Dövlət Yanğından Mühafizə Xidmətinin “101 qaynar xətt”inə daxil olub. Məlumat daxil olduqdan sonra dərhal hadisə yerinə Nərimanov Rayon Dövlət Yanğından Mühafizə Hissəsi göndərilib. Hadisə yerinə çatan ilk yanğınsöndürmə rəhbəri yanğının mürəkkəbliyini nəzərə alaraq əlavə texnika və qüvvənin cəlb olunmasını bildirib. Digər texnika və canlı qüvvələr 10 dəqiqə ərzində qonşu rayonlardan hadisə yerinə çatıb. Yanğın altımərtəbəli binanın sonuncu mərtəbəsində - mansard hissədə baş verib.

Yanğın zamanı binanın altıncı mərtəbəsində 40-a yaxın işçi olduğunu və onların dərhal təxliyə edildiyini vurğulayan R.Xudiyev deyib: “Yanğın nəticəsində ofisin asma tavanındakı izolyasiya materialları, mebellər, yüngül konstruksiyalı arakəsmələr yanıb. Qatı tüstü olduğundan yanğınsöndürənlər fərdi tənəffüs vasitələrindən istifadə ediblər. Şəxsi heyət tərəfindən 50 dəqiqə ərzində yanğının söndürülməsinə nail olunub”.