Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Donald Tramp Administrasiyası minlərlə ailəni birləşdirən proqramın fəaliyyətini dayandırıb

10 Noyabr 2017
Vaşinqton, 10 noyabr, AZƏRTAC

Donald Tramp Administrasiyası daha bir immiqrasiya proqramının - Mərkəzi Amerika ölkələrindən olan uşaqları onların qanuni əsasda ABŞ-da yaşayan valideynləri ilə birləşdirən proqramın fəaliyyətini noyabrın 10-na keçən gecə dayandırıb.

Mərkəzi Amerika ölkələrindən olan yetkinlik yaşına çatmayanlara yardım proqramı qanuni əsasda ABŞ-da yaşayan bəzi valideynlərə onların üç Mərkəzi Amerika ölkəsində – Salvador, Qvatemala və Hondurasda yaşayan uşaqlarına və digər ailə üzvlərinə immiqrasiya yolu ilə ABŞ-a gəlmək hüququnun verilməsi barəsində ərizə ilə müraciət etmək hüququ verirdi. Bu valideynlərin çoxu əvvəlki illərdə öz ölkələrindəki cinayətkarlıqdan, silahlı münaqişələrdən və digər zorakılıq hallarından ABŞ-a pənah gətirib və Birləşmiş Ştatlarda qaçqın statusunda yaşayır. Proqram bu qaçqınların öz doğmaları ilə ABŞ-da birləşməsini təmin edirdi.

AZƏRTAC xəbər verir ki, Dövlət Departamenti Mərkəzi Amerika ölkələrindən olan yetkinlik yaşına çatmayanlara yardım proqramına yeni müraciətlərin qəbul olunmasını noyabrın 10-da dayandırır. Bildirilir ki, ABŞ-ın xarici siyasət idarəsi noyabrın 10-dək təqdim edilmiş müraciətlərə baxılması prosesini davam etdirəcək və bütün zəruri skrininq mərhələlərini, o cümlədən DNT testini, etibarlılığın yoxlanılmasını və tibbi müayinəni təmin edəcək.

Proqram 2014-cü ilin dekabrında – Mərkəzi Amerika ölkələrindən olan və ABŞ-da sığınacaq axtaran on minlərlə müşayiətsiz yetkinlik yaşına çatmayanın, habelə ailənin Birləşmiş Ştatlara böyük axınından sonra Obama Administrasiyası tərəfindən başlanılıb.

O vaxtdan etibarən bu məsələ ilə bağlı 14 min müraciət qəbul edilib. Onların təxminən 8 mini müsbət nəticələnib: 3238 uşaq və ailə üzvü qaçqın statusunda qəbul edilib. Qalan 6 min adamın aralıq statusu var və onlara hələ də ABŞ-a gəlmək hüququ verilməyib.