Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək Pirallahı məktəbliləri ilə görüş keçirilib

10 Noyabr 2017
Noyabrın 10-da Pirallahı qəsəbəsində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində rayon məktəbliləri ilə görüş keçirilib.

Pirallahı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, icra hakimiyyətinin başçısı Vasif İmanov tədbirdə çıxış edərək məktəblilərə ölkəmizin iqtisadi və siyasi qüdrətindən danışıb, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin daha da möhkəmləndiyini, ölkəmizin sabitlik və davamlı inkişaf diyarına çevrildiyini bildirib. Qeyd edib ki, iqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə yüksəlib. Regionda heç bir iri layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. “Əsrin müqaviləsi”nin müddətinin uzadılması, TAP və TANAP layihələrinin uğurla icra olunması, bu günlərdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi və digər əhəmiyyətli tədbirlər bunun bariz nümunəsidir.

V.İmanov Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafına göstərdikləri diqqət və qayğıdan danışıb. O, gənclərin tərbiyəsi, onların savadlı, vətənpərvər böyümələrindən də bəhs edərək 2016-cı ilin aprel döyüşlərində ordumuzun uğurları, “Böyük qayıdış”ın ilk müjdəsi olan Cocuq Mərcanlı kəndinin yenidən qurulması barədə söhbət açıb.

Diqqətə çatdırılıb ki, doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur-aksiyaların əhəmiyyəti çox böyükdür.

Qeyd edilib ki, “Ölkəmizi tanıyaq” layihəsində fəal iştirak edən Pirallahı rayon məktəbliləri bu dəfə Qədim Nizami yurduna səfər edəcəklər. Onlar Gəncənin yeni xəritəsində öz əksini tapan müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, yaraşıqlı prospektləri, park və xiyabanları, sosial-iqtisadi və mədəni həyatı ilə yaxından tanış olacaqlar. Tur-aksiyanın iştirakçıları şəhərin tarixi məkanlarını – Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsini görəcəklər.

Tədbirdə çıxış edən ziyalılar, tur-aksiya iştirakçıları və onların valideynləri bu önəmli layihəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Sonra “Ölkəmizi tanıyaq” layihəsi ilə bağlı videoçarx nümayiş olunub.