Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 10 santimetr artıb

10 Noyabr 2017
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan yağışlar nəticəsində respublikanın əksər çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 50-140, Lənkəran-Astara bölgəsi çaylarında 60-160, Naxçıvan Muxtar Respublikası çaylarında isə 200 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, noyabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 195 kubmetr olmaqla ongünlük normanın 104 faizini təşkil edir. Ötən il isə bu rəqəm saniyədə 203 kubmetr təşkil etməklə ongünlük normanın 109 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 57 kubmetr olmaqla ongünlük normanın 68 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici saniyədə 92 kubmetr təşkil edərək ongünlük normanın 109 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Araz çayının Novruzlu məntəqəsində 10, Şirvanda 6 santimetr artım, Bankədə 2 santimetr azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 330 (2016-cı il noyabrın 10-da 498 sm), Şirvanda 181, Salyanda 160 (2016-cı il noyabrın 10-da 382 sm), Bankədə 183 (2016-cı il noyabrın 10-da 265 sm), Araz çayının Novruzlu məntəqəsində isə 52 santimetr (2016-cı il noyabrın 10-da 212 sm) təşkil edir.