Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Şəmkir şəhərinə səfər edib

10 Noyabr 2017
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Şəmkir şəhərində humanitar aksiya keçirib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, klinikanın 12 nəfərdən ibarət həkim və tibb işçisi heyəti bu dəfə Şəmkirdə nəzərdə tutulan aksiyada iştirak ediblər. Məqsəd müayinələr aparmaq, müalicə tətbiq etmək, eləcə də cərrahi əməliyyatlar həyata keçirməkdir. Aksiya zamanı 200-dən çox pasiyent müayinə olunub və 20 cərrahi əməliyyat aparılıb.

Aksiyanın təşkilinə dəstək göstərən Şəmkir şəhər Heydər Əliyev Mərkəzinin direktoru, millət vəkili Sona Əliyeva bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.

Bundan əlavə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi 13 noyabr-Beynəlxalq Gözdən Əlillər Günü ilə bağlı Şəmkirdə bir sıra maarifləndirmə tədbirləri də həyata keçirib. Gözlə bağlı problemi olan pasiyentlərə bir sıra məsləhətlər verilib, müayinə və müalicələr aparılıb.

Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi aksiyalar ölkə başçısının səhiyyə siyasətinin tərkib hissəsidir. Mərkəz mütəmadi olaraq respublikasının müxtəlif regionlarında pasiyentlərə səyyar xidmət göstərir, onların problemlərinin həll olunmasına dəstək göstərir, eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparır. Əldə edilən nəticələri müzakirə olunaraq yerində həll edilir.

Qeyd edək ki, 2005-ci ildən fəaliyyət göstərən Səyyar Klinika respublikanın 87 rayon və şəhərlərində 122 aksiya keçirib, 21645 pasiyent müayinə və müalicə, 2465 xəstə cərrahi əməliyyat olunub. Cərrahi əməliyyatlar ümumi xəstələrin sayına görə 11,39 faiz təşkil edir.