Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsveçdə anomal istiləşmədən sonra ekoloqlar bu ölkədə Cənubi Avropaya xas olan güllər aşkar ediblər

10 Noyabr 2017
Oktyabr ayında İsveçdə müşahidə olunan anomal isti hava nəticəsində bu Krallıqda Avropanın cənub regionlarına xas olan güllər aşkar edilib.

İsveç KİV-ləri yerli ekoloqlara istinadla bildirirlər ki, ölkənin cənubunda yabanı halda bitmiş asperula gülü aşkar edilib.

AZƏRTAC xəbər verir ki, adətən Aralıq dənizi regionunda bitən bu gülün İsveçə necə gəlib çıxması aydın deyil. Alimlərin fikrincə, gülün toxumları buraya bir neçə il bundan əvvəl köçəri quşlar tərəfindən, ya da turistlərin ayaqqabılarına yapışaraq gəlib çıxıb. Ehtimal ki, bu müddətdə həmin gül əlverişli torpağa düşüb və münasib temperatur şəraitində o qədər geniş yayılıb ki, sonda ekoloqlar tərəfindən aşkar olunub.

Ekoloqlar qeyd edirlər ki, bu cür “miqrantlar”ın cənubdan İsveçə gəlməsi halları son illərdə bundan əvvəl də qeydə alınıb. Məsələn, 2011-ci ildə İsveçdə son 250 ildə ilk dəfə yabanı halda bitən omela bitkisi aşkar edilib. Asperula kimi, omela da adətən daha mülayim iqlim şəraitində, konkret olaraq subtropik Afrikada bitir.

Ekoloqlar vurğulayırlar ki, mülayim iqlimli regionlara xas olan müxtəlif güllərin İsveçdə və digər Skandinaviya ölkələrində peyda olması qlobal iqlim dəyişmələrinə növbəti sübutdur.