Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əklil Əhməd Hakimi: Əfqanıstanın ticarət dövriyyəsində Bakı Limanı mühüm yer tutur

09 Noyabr 2017
Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikasının maliyyə naziri Əklil Əhməd Hakiminin rəhbərlik etdiyi nümayəndə heyəti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də olub.

AZƏRTAC xəbər verir ki, tanışlıq zamanı qonaqlara Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanının inkişaf konsepsiyasının ölkəmizin qeyri-neft sektorunun inkişafına, ticarət dövriyyəsinin artmasına ciddi töhfə verəcəyi bildirilib.

Bakı Limanının baş direktoru Taleh Ziyadov 2011-ci ildə start götürən yeni Bakı Limanının (Ələt qəsəbəsi) tikintisinin üç fazadan ibarət olacağı barədə məlumat verərək bildirib ki, bütün fazalar bitdikdən sonra limanın ümumi yükaşırma həcminin 25 milyon ton ümumi yük və 1 000 000 TEU-ya qədər genişləndiriləcəyi gözlənilir.

Eyni zamanda qonaqların diqqətinə çatdırılıb ki, son illər ərzində Bakı Limanı tərəfindən liman əməliyyatlarının aparılmasında şəffaflığın təmin edilməsi, yeni innovativ texnologiyanın tətbiqi və prosedurların beynəlxalq standartlara uyğun aparılması istiqamətində mühüm işlər görülüb və bu işlər davam etməkdədir.

Əfqanıstanın maliyyə naziri Əklil Əhməd Hakimi öz növbəsində vurğulayıb ki, ölkəsinin ticarət dövriyyəsində Bakı Limanı mühüm yer tutur, Əfqanıstana gələn yüklərin bir qismi yeni Bakı Limanından keçərək ölkəyə daxil olur.