Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan şahmatçısı Moskvada keçirilən beynəlxalq turnirin qalibi olub

09 Noyabr 2017
Azərbaycan şahmatçısı Gövhər Beydullayeva Şahmat Federasiyaları Assosiasiyasının Moskvada keçirilən və Mixail Botvinnikin xatirəsinə həsr edilmiş birinci açıq beynəlxalq turnirində bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb.

AZƏRTAC xəbər verir ki, FIDE ustası G.Beydullayeva (2216) turnirdə 14 yaşadək yeniyetmələrin yarışında bütün partiyaları qələbə ilə başa vuraraq 10 mümkün xaldan 10 xal toplayıb. O, turnirin sonuncu – 11-ci turunda moldovalı Valentina Rotaruya qalib gəlib.

G.Beydullayeva inamlı çıxışı ilə ən yaxın izləyicisini - birinciliyə namizədlərdən hesab edilən Ermənistan şahmatçısı Mariam Mkrtçyanı 3,5 xal geridə qoyub. Azərbaycan şahmatçısı Ermənistan təmsilçisini turnirin ikinci turunda məğlubiyyətə uğradıb.

Qaliblərə mükafatlar Moskva Mərkəzi Şahmat Evində təqdim olunub.

Beləliklə, qızların yarışında birinci yeri Azərbaycan şahmatçısı Gövhər Beydullayeva (10 xal) tutub. Ermənistan nümayəndəsi Mariam Mkrtçyan 6,5 xalla ikinci, Özbəkistan şahmatçısı Yuliya Xeqay isə 6 xalla üçüncü yerdə qərarlaşıblar.

Oğlanların mübarizəsində isə qalib adına Moldova təmsilçisi İvan Şitko (8 xal) sahib olub. Bu yarışda ölkəmizi təmsil edən Aydın Süleymanlı 5,5 xalla altıncı yeri tutub.