Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qazaxıstan mediası Azərbaycanda iki milyard ton neft hasil olunmasından yazır

09 Noyabr 2017
Qazaxıstanın rəsmi “Kazinform.kz”, eləcə də “Dknews.kz” və s. informasiya agentlikləri Azərbaycanda iki milyard ton neft hasil olunmasına geniş yer ayırıblar.

Yazılarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu münasibətlə neftçiləri və bütün Azərbaycan xalqını təbrik etdiyi qeyd olunub. Bildirilib ki, bununla əlaqədar Bakıda keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev dünyada sənaye üsulu ilə neftin ilk dəfə 1846-ci ildə Azərbaycanda çıxarıldığını, ölkəmizin dünyada neft və qaz hasil edən ölkə kimi tanındığını qeyd edib.

Yazılarda dövlətimizin başçısının aşağıdakı fikirləri oxucuların diqqətinə çatdırılıb: “Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir”.

Məqalələrdə “Azəri-Çıraq-Günəşli” yatağının 2050-ci ilə qədər işləyəcəyi, “Şahdəniz” yatağının isə minimum 100 il fəaliyyət göstərəcəyi vurğulanıb.

 

AZƏRTAC