Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Orfoqrafiya lüğətinin hazırlanması qaydaları ilə bağlı son vəziyyət müzakirə edilib

08 Noyabr 2017
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dil Komissiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dilimizin inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib. İ.Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyində proqram xarakterli çıxışındakı çağırışlara cavab olaraq akademiyada ardıcıl işlər həyata keçirilir. Qeyd olunub ki, müstəqillik dövrünün orfoqrafiya lüğətinin yaradılmasına dair AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə təşkilat komitəsi və işçi qrupu yaradılıb. Ana dilimizə sevgi yaratmaq, gənclərdə milli vətənpərvərlik ruhunun aşılamaq məqsədilə keçirilən “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi də bu istiqamətdə həyata keçirilən uğurlu layihələrdəndir.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu müsabiqə haqqında məlumat verib. O bildirib ki, müsabiqədə 75 nəfər iştirak edib. İştirakçılar inşa, ifadə yazısı, dialektlər, görkəmli şəxsiyyətlər üzrə yazı və bədii qiraət mərhələlərindən keçiblər.

Daha sonra professorlar Qəzənfər Kazımov, Sayalı Sadıqova, Əlizadə Əsgərli və İsmayıl Kazımov çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıblar.

İclasda, həmçinin orfoqrafiya lüğətinin hazırlanması qaydaları və prinsipləri ilə bağlı son vəziyyət müzakirə edilib.

Sonda akademik İsa Həbibbəyli vurğulayıb ki, ana dilimizin daha da inkişaf etdirilməsi naminə keçirilən “Ana dilimiz - milli varlığımızdır” müsabiqəsi əhəmiyyətli layihədir. Akademik layihənin gələn ildən etibarən hər il davamlı keçirilməsini və təkcə Bakıda deyil, regionlarda da təşkilinin zəruri olduğunu bildirib.